“Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” adlı Forum keçirilib

Fevralın 27-də Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” adlı Forum keçirilib.

APA-nın məlumatına görə, forumda çıxış edən ov, yaşama yerləri və populyasiya idarəetməsi ilə məşğul olan bolqarıstanlı beynəlxalq ekspert Peter Yanakev bildirib ki, ilk dəfədir Azərbaycandadır: "Çox şadam ki, ətraf mühit və Azərbaycanda ovçuluq haqqında müzakirələr forumuna dəvət etdilər. Təbiət öz-özünə tənzimləmə mexanizminə malikdir. Əgər populyasiyanın sıxlığı imkan verirsə, həmin ərazidə davamlı və dayanıqlı ov fəaliyyəti ilə məşğul olmaq mümkündür. Bu zaman vəhşi təbiətə minimum ziyan vurmamaq və yaşama yerlərini dağıtmamaq əsas şərtdir".

O, Azərbaycan ovçularına məsləhət verib: "Ovçular ilk öncə düşünüb sonra atəş açmalıdır. Ov qanunvericiliyinin tələblərinə ciddi riayət etmək əsas şərtdir. Bolqarıstanda ov fəaliyyəti ilə məşğul olmaq üçün uzunmüddətli təlim və treninqlər aparılır. Azərbaycanlı ovçulara məsləhət görürəm ki, ova qənimət kimi deyil, istirahət kimi baxsınlar. Ov bir elmdir, məsuliyyət və istirahətdir".

Forumda çıxış edən almaniyalı mutəxəssis Hartmurd Müller qeyd edib ki, 12 ildən çoxdur Azərbaycanda işləyir: "Azərbaycan təbiəti zəngin və rəngarəngdir. Burada işlədiyim dövrdə ovla bağlı müşahidə etdiyim ən böyük fakt odur ki, Azərbaycanda ov kortəbii aparılır. Bugünkü forumun da keçirilməsi bir daha sübut edir ki, bu kortəbiilik tez bir zamanda aradan qaldırılacaq, Azərbaycanda davamlı və dayanıqlı ov mədəniyyəti formalaşacaq. Azərbaycan insanını yaxından tanıdığıma görə bilirəm ki, azərbaycanlılar təbiəti çox sevir və ona hörmət edirlər. Ümid edirəm ki Azərbaycan ovçuları da bu prizmadan yanaşaraq qısa müddətdə ov mədəniyyətini inkişafı ilə bağlı özlərində dönüş yaradacaqlar".

Ekspert vurğulayıb ki, forum xarici və yerli ekspertlərin təqdimatı, QHT-lərin və dövlət qurumlarının iştirakı ilə çox dinamik, maraqlı və interaktiv keçir.

Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov "Azərbaycanda ovçuluğun biomüxtəlifliyı təsiri" mövzusuda təqdimatla çıxış edib, ov qaydalarına əməl olunmamasının bioloji müxtəlifliyə vurduğu zərərlərdən danışıb.

İDEA İctimai Birliyinin nümayəndəsi Surxay Şükürov, Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin əməkdaşı Elşad Əsgərov, Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun nümayəndəsi Səbinə Bünyadova ölkəmizdəki ov fəaliyyətindən, məsuliyyətli ovun faydalarından danışıb, ovçuları təbiətə laqeyd mübasibət bəsləməməyə, qaydalara əməl etməyə səsləyiblər.

Qeyd edək ki, forumda 3 sessiya olmaqla "Azərbaycanda ov fəaliyyəti", "Dünyada qabaqcıl ovçuluq təcrübəsi" və "Məsuliyyətli ov" istiqamətləri üzrə panel müzakirələr aparılıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

LA RAZON qəzeti: Tarixin ən qəddar soyqırımılarından birinin törədilməsindən 28 il ötür

SONRAKI XƏBƏR

Xalq artisti 3 milyona satışa çıxardığı LÜKS VİLLASI barədə: Latereya oynayıb... - VİDEO - FOTO