Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşüblər

Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşüblər

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev fevralın 28-də İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İmişli, Beyləqan, Sabirabad, Kürdəmir, Biləsuvar rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin gün nazir müavinləri Firdovsi Əliyev Füzuli, Rauf Hacıyev isə Zərdab rayonundan olan vətəndaşlarla görüşüblər.

Qəbullar zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mənbə: azertag.az