Azərbaycanın palçıq vulkanları müalicə turizminin imkanlarını genişləndirəcək

Azərbaycanın palçıq vulkanları müalicə turizminin imkanlarını genişləndirəcək

Dünyada mövcud olan palçıq vulkanlarının 1/3 hissəsi Azərbaycandadır. Palçıq vulkanları həm müalicəvi xüsusiyyətinə, həm də maraqlı təbiət hadisəsi olduğuna görə turistlərin diqqətini cəlb edir. Lakin ölkəmizdə palçıq vulkanları ilə bağlı infrastruktur mövcud deyil. Prezident İlham Əliyevin tapşırığı ilə bu istiqamətdə işlər görülür və palçıq vulkanları yerləşən ərazidə turizm kompleksi tikiləcək. Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Əhməd Qurbanov bildirib ki, bu kompleks ölkəyə daha çox turistin cəlb olunmasına imkan verəcək:

"Palçıq vulkanları yerləşən ərazidə infrastrukturun yaradılması çox müsbət haldır. İndiyə kimi turistlər həmin ərazilərə pərakəndə şəkildə səfər edirdilər. Orada yol yoxdur, insanlar komfortlu şəkildə həmin ərazilərə gedə bilmirlər. Bundan başqa, uzun səfərdən sonra insanların dincəlməsi, yemək yeməsi üçün imkanlar yoxdur. Onlar, sadəcə həmin ərazilərə gəlib vulkanı görüb bir neçə şəkil çəkdirib gedirdilər. Lakin yeni kompleks tikiləndən sonra həmin ərazilərə yol çəkiləcək, turistlərin vulkanın müalicəvi palçığından istifadəsi üçün imkanlar yaradılacaq, eyni zamanda istirahət guşələri, gəzinti, baxış yerləri, restoran, muzey inşa ediləcək, bir sözlə turizm üçün hər bir infrastruktur təmin ediləcək.

Palçıq vulkanları daha çox MDB ölkələrindən gələn turistlərin diqqətini cəlb edir. Ona görə də düşünürəm ki, palçıq vulkanı kompeksinin yaradılması bu ölkələrdən Azərbaycana daha çox turist cəlb olunmasına töhfə verəcək".

Səbuhi TURAN

Mənbə: vergiler.az