Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti ictimai dinləmə keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti ictimai dinləmə keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində əhalinin ümumi rifah halının yaxşılaşdırılmasına yönəldilmiş sosial və infrastruktur əhəmiyyətli layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi və əhalinin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə icraçıları, ictimaiyyət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislərin iştirakı ilə keçirilən ictimai dinləmədə nazirliyin müvafiq qurumlarına təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunub. Həmçinin əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetirilib, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinlənilib.

Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov təqdim olunan layihələrə ekoloji və sosial rəy verilərkən müəyyən problemlərin olduğunu bildirib.

"Həyata keçirilən layihələr ekoloji cəhətdən bütün məqamları əks etdirməli, ətraf mühitə zərər vurulmamalı, dəyən ziyan kompensasiya olunmalıdır. Bakı şəhərində icra olunan layihə altına düşən ağaclar, yaşıllıqlar nə varsa əks olunmalıdır - ağacların, kolların sayı, növü və onların əhatə etdiyi ərazi. Köçürüləcək ağacların yerləri qabaqcadan müəyyənləşdirilməlidir, onlara qulluq üçün infrastruktur formalaşdırılmalıdır. Layihədə ortaya qoyulan məqamlar reallıqla ayaqlaşmalıdır. Tikinti altına düşən hər hansı tingə belə laqeyd münasibət göstərilməməlidir. Nəzərə almaq lazımdır ki, hər hansı bir pozuntuya inzibati sanksiya tətbiq olunur.

Bununla yanaşı, əsas məqamlardan biri də ictimaiyyətin düzgün məlumatlandırılması, onların dəstəyini hiss etməkdir. Köhnə binaların yerinə müasir, estetik zövq verən, müasir memarlıq üslubunda yeni tikililər inşa oluna bilər, qurumuş, yerli şəraitə uyğun olmayan ağacların əvəzində iqlim şəraitinə uyğun ağaclar əkilə bilər. Məqsədimiz ictimaiyyətə aydın olmalıdır ki, bütün bunlar nəzərə alınmaqla, onlar müsbət rəy verilən layihələrin həyata keçirilməsinə etiraz etməsinlər. Bunun üçün də həm sahibkarların, həm də ictimaiyyət nümayəndələrinin maraqlarını əks etdirən ortaq məxrəci tapmaq lazımdır", - deyə M.Qənbərov diqqətə çatdırıb.

Nazirliyin nümayəndəsi bildirib ki, kiçik və orta sahibkarlıq subyektləri çox zaman layihələrini rəy bildirilməsi üçün nazirliyə təqdim etmirlər. Həmin sahibkarlıq subyektləri öz layihələrini təqdim etsələr, nazirlik ekoloji yükün azaldılması istiqamətində töhfələrini verər, onlar da öz işlərini qanunauyğun şəkildə, ətraf mühitə zərər vurmadan həyata keçirərlər.

Sahibkarlar ekoloji məsuliyyətlərini dərk etdiklərini, layihədə nəzərdə tutulanları həyata keçirəcəklərini, tikinti altına düşən ağacların tam köçürülməsi və inkişafının təmin edilməsi ilə əlaqədar üzərlərinə düşən öhdəlikləri yerinə yetirəcəklərini bildiriblər.

Qeyd edək ki, budəfəki dinləmədə Azərbaycan Rəssamlıq Akademiyasının bina tikintisi, Fövqəladə Hallar Nazirliyinin Ceyranbatan gölü ətrafında bəndatma işləri, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin yeni inzibati binasının ərazisində abadlaşdırma işləri, “PMD Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıtda dəniz akvatoriyasında dərinləşdirmə işləri, Mənzil İnşaatı Dövlət Agentliyi, “AZZA” Qapalı Səhmdar Cəmiyyəti, “Azərneftmaş” və “Şərq İnşaat” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, o cümlədən Xaçmaz rayonunun Pirquluoba Bələdiyyəsi ərazisində ağacların köçürülməsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı-Sumqayıt yolunda yenidənqurma işlərinin aparılmasına dair layihələr müzakirə olunub.

Mənbə: azertag.az