QƏŞƏM RZAYEVİN DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

QƏŞƏM RZAYEVİN DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

TİBB UNİVERSİTETİNDƏN MUROVDAĞA UZANAN YOL

I HİSSƏ

1992-ci ilin 17-18 mayında radioda bir könüllü batalyonun yaradılıb Laçın istiqamətində hərəkət edəcəyilə bağlı məlumat verildi. O zaman mən Tibb Universitetinin ikinci kursunda oxuyurdum. O məlumatı eşidəndən sonra o vaxtkı “Bakı Soveti” (indiki “İçərişəhər) metrosunun yaxınlığında olan Bünyad Sərdarov-10-da olan qərargaha yollandım və könüllü olaraq orduya yazılmağımı onlardan xahiş etdim. Onlar da məni siyahıya daxil edib hərbi geyimlə təmin etdilər.

Bir müddət bu qərargaha gəlib gedəndən sonra may ayının axırlarında bizi Üçtəpə poliqonuna aparıb orada təlim məşq keçməyə başladılar. Üçtəpədə təqribən bir həftə qalandan sonra bizi şəhərə gətirib Müdafiə Nazirliyinə məxsus maşınlarla Kəlbəcər istiqamətinə yola saldılar. Biz Murovdağ ərazisindən keçib Kəlbəcərin Zülfüqarlı kəndinə gəldik. Orada bir neçə gün qalsaq da bizə silah-sursat vermirdilər. Bunun səbəbləri də bizə bəlli deyildi.

Üstündən bir müddət keçəndən sonra bizə silah-sursat verdilər. Silahlar əsasən atıcı silahlar idi. Avtomatların əksəriyyəti yararsız vəziyyətdə idilər…

 

ŞAMKƏND VƏ ÇORMANDA QURULAN POSTLAR

 

İyun ayının ikinci ongünlüyündə biz Kəlbəcərin Zülfüqarlı kəndindən Laçın rayonunun Qorçu kəndi istiqamətində hərəkət etdik.

Qabaqdan bir qrup kəşfiyyatçı öndə gedirdi, rotanın qalan hissəsi 100 nəfər olardı. Bu, 713 nömrəli hərbi hissənin birinci rotası idi. Rotanın qalan hissəsi Qorçudan Şamkənd istiqamətinə yola düşdü. Şamkəndə girəndən sonra komandirimiz RƏHMAN İSGƏNDƏROVun göstərişinə əsasən bir vzvod Şamkənddə qaldı. Həmin dönəmdə komandirimiz baş leytenant rütbəsində idi.

Rotanın qalan hissəsi qabaqda kəşfiyyat getməklə Çorman istiqamətində hərəkət etdik. Silah-sursat və ərzaq ehtiyatımızı bizim arxamızca Zil-131 gətirirdi. Və biz Çormana daxil olduq. Kənddə kəşfiyyat işi apardıqdan sonra məlum oldu ki, orada erməni yoxdur. Komandirimiz Rəhman Isgəndərovun göstərişiylə Çorman kəndində 4 istiqamətdə postlar qurub nisbətən şəraitli evlərdə yerləşdik.

FƏRRAŞ KƏNDİNƏ ÇÖKƏN SAKİTLİK

Təqribən iyun ayının axırına qədər biz Çorman kəndində müdafiə mövqeyində dayandıq.
Bir həftə keçəndən sonra komandirimiz RƏHMAN Isgəndərovun göstərişiylə 5, yoxsa 7 nəfərdən ibarət kəşfiyyat qrupu hazırlandı. Həmin qrupda mən də var idim. Biz meşənin içindən keçib Fərraş kəndi istiqamətində kəşfiyyata yollandıq. Hava qaralana qədər biz müşahidələr apardıq və artıq qaranlıq çökdüyünə görə kəndə enə bilmədik.Səhər tezdən biz kəndə endik.

Fərraş kəndi hündür dağlarla əhatə olunmuş bir kənd idi. Kənddə təqribən 15-20 ev olardı. Kənddə evləri bir-bir yoxladıq. Tam sakitlik idi. Axşamüstü orada bir az dincəlib sonra Çormana qayıtdıq…

KƏŞFİYYAT QRUPU HAQNƏZƏRDƏ

Bir müddət Çorman kəndində qalandan sonra komandirimiz Rəhman İsgəndərov göstəriş verdi ki, Vağazin kəndi istiqamətində hərəkət etməliyik. İki qrup halında Vağazin istiqamətində hərəkət etdik.

Bir maşın öncədən getmişdi. İkinci maşındasa biz gedirdik. Biz Vağazinə yaxınlaşanda güllə səsləri eşitdik. Bizə məlumat verdilər ki, bizim birinci qrupumuz Haqnəzər kəndində ermənilərlə döyüşə girib. Biz də dərhal maşından düşüb Haqnəzər kəndinə tərəf irəliləməyə başladıq. Bir az getmişdik ki, gördük ki, həmin qrup qayıdır. Məlum oldu ki, ermənilərin kiçik bir qrupu gülləbaran edilib, bir əsir götürülüb. Eyni zamanda bir sepli traktor da lafetiylə birgə ələ keçirilmişdi. Lafet ərzaq və digər əşyalarla dolu idi, Haqnəzər kəndi qarət edilmişdi.

Biz bütün bunları götürüb Vağazinə gətirdik. Döyüş yoldaşlarımızla söhbət əsnasında gördük ki, ermənilər bizdən uzaq məsafədə olan dağın yamacıyla qaçıb Xankəndi-Şuşa istiqamətinə üz qoydular. Məsafə çox olduğu üçün onları təqib etmədik….

KAMRAN BƏY KƏNDİ TƏKBAŞINA QORUMUŞDU

Təqribən 10 günə qədər Vağazin kəndində qaldıq. Orada 3-4 yerdə postlar qurmuşduq. Komandirimiz Rəhman Isgəndərovun göstərişiylə səngərlər qazıb müdafiə mövqeyində dayanmışdıq.

İyul ayının əvvəlləri olardı. Bizə məlumat gəldi ki, bi PİRCAHAN istiqamətində hərəkət edəcəyik. Eyni zamanda Laçın polisinin də bu istiqamətdə hərəkət edəcəyi bizə bildirildi. Biz VAĞAZİNDƏN PİRCAHAN istiqamətində hərəkətə keçdik. Gəlib Bülövlük kəndindən keçən zaman Kamran bəylə görüşdük.

Hamı Laçından çıxsa da, Kamran bəy Bülövlük kəndini təkbaşına ermənilərdən qorumuşdu. O kənddə tək qalmışdı. Onun deməsinə görə, texnika səsi eşidəndə kəndin üstündəki dağa qalxmış və görüb ki, Pircahan istiqamətindən ora ermənilərin 2-3 maşını gəlir. O, əlinə qoşalülə ov tüfəngini götürərək həmin istiqamətə atəş açır. Ermənilər birinci maşını qoyub qaçırlar. Bir az keçəndən sonra ermənilər gəlib həmin maşını götürüb ərazidən uzaqlaşıblar və bir daha o əraziyə gəlməyiblər…

Kamran bəy o zaman bizi çay süfrəsinə, ağartı məhsullarına, bala qonaq etdi. 70-ə yaxın yaşı olsa da, onun turnikdə etdiyi idman hərəkətləri bizi heyran etmişdi.

 

KƏŞFİYYAT QRUPU ALXASLI İSTİQAMƏTİNDƏ HƏRƏKƏT ETDİ

 

Bir neçə saat Bülövlük kəndində dincələndən sonra PİRCAHAN kəndi istiqamətində hərəkət etdik. Təhlükəsizliyimizi təmin etmək məqsədilə Pircahan kəndində evlər yoxlanıldıqdan sonra komandirimiz Rəhman İsgəndərovun müəyyən etdiyi yerlərdə postlar qurularaq səngərlər qazıldı. Postlar qurulandan sonra hansı vzvodun hansı səmtdə dayanacağı da müəyyənləşdirildi. Və göstəriş verildi ki, həyəcan siqnalı veriləndə hansı “vzvod” hansı döyüş mövqeyində olacaq. Həmişəki kimi komandirimiz RƏHMAN İSGƏNDƏROV növbəti gün yenə də bizi sıraya düzüb öz növbəti tapşırıqlarını verdi.
PİRCAHAN kəndinə gələndən bir gün sonra təqribən 30 nəfərlik KƏŞFİYYAT qrupu yaradıldı. Həmin kəşfiyyat qrupu Pircahandan qalxaraq Qaraçənli, oradan da Alxaslı istiqamətində hərəkət etdi. Yolboyu kəndlərdə müşahidə aparırdıq. Düşmən gözə dəymirdi. Biz çaydan keçərək Alxaslıya getdik. Orada bir gün qaldıqdan sonra yenidən Pircahana qayıtdıq. Qayıdarkən yenə də yolboyu müşahidələr apardıq, düşmən qüvvələri gözə dəymirdi. Bir həftə Pircahanda qalandan sonra komandirimiz RƏHMAN İSGƏNDƏROV bildirdi ki, kəşfiyyata gedəcəyik, Laçın polisi də bizimlə birgə olacaq. Həmin vaxtı PİRCAHAN kəndində bizim 713 nömrəlii hərbi hissənin birinci rotasından əlavə Laçın polisi də müdafiə mövqeyində idi….

 

RƏHMAN İSGƏNDƏROVUN NÖVBƏTİ KƏŞFİYYAT PLANI

 

Bizim rotadan Əlqan, “Qara” ləqəbli Zöhrab, mən və komandirimiz Rəhman, Laçın polisindən də əslən Cəlilabadın Göytəpə qəsəbəsindən olan Akif dayıyla Laçın polisində olan 3-4 nəfər Pircahandan çıxıb aşağı çaya endik. Sonra çaydan Bülüldüz istiqamətinə qalxdıq. Bülüldüz kəndinin alt istiqamətindən keçib müşahidələr apardıq.
Ermənilər gözə dəymirdi. Ətrafı və Laçın istiqamətində gedən yolu müşahidə edə-edə Tığık-1, Tığık-2 kəndindən keçib Zertiyə çatanda maşın səsi eşidildi. Baxdıq ki, kəndin içərisində bir evin qabağında maşın dayanıb. Rəhman Isgəndərovun göstərişiylə bizdən 2 nəfər kəndə girməli, vəziyyəti aydınlaşdırmalı, maşına yaxınlaşıb onu əsir götürməli idik. Komandirimizin rəhbərlik etdiyi qrup da təpənin üstündə döyüş mövqeyi tutub bizi qorumalı idilər.

 

GÜLLƏ SƏSİ VƏ İT ZİNGİLTİSİ

 

Mən və Laçın polisindən olan Nazim adlı bir döyüşçü kəndin içinə doğru irəliləməyə başladıq. Kəndə daxil olduq. Maşın səsi gələn tərəfə döndük. Laçın polisindən olan döyüşçü evin qabaq hissəsinə keçmək istəyəndə əl ilə başa saldım ki, bu, təhlükəlidir. Biz evin arxa hissəsinə keçməliyik. Arxa hissədən evə daxil olduq. Elə bu vaxt güllə səsi gəldi. Güllə səsiylə eyni anda it zingiltisi də gəldi. Pəncərədən baxanda iti ölü vəziyyətdə gördük. İt al qanın içində idi. Kəndin içi və çölü hündür ağaclar və otlar olduğu üçün biz ətrafı tam şəkildə müşahidə edə bilmirdik. Elə bu vaxt maşın səsi gəldi. Baxanda gördük ki, maşın Laçın istiqamətində hərəkət etdi. Biz düşməni əldən buraxmışdıq.

 

ERMƏNİLƏR BİZİ GÖRÜB SALAM VERDİLƏR

Sonra biz bir-birimizi qoruya-qoruya kənddən çıxmaq istərkən komandirimiz Rəhman İsgəndərov əl ilə işarə verdi ki, biz də kəndə daxil oluruq. Biz Qarıkahadan keçərək Laçın rayonundan Qarabağ istiqamətində olan təpənin üstünə qalxmağa başladıq. Təpəyə qalxanda gördük ki, təpənin lap hündür hissəsində ermənilər ağac doğrayırlar. Biz onlardan 40-50 metr aralı məsafə ilə Laçının arxa hissəsindəki təpənin başına çıxdıq. Bu təpənin başı tamam çılpaq idi. Biz həmin çılpaq hissə ilə gedib üzü Salatın kəndi istiqamətində müşahidələr aparmaq istəyirdik. Laçın rayonunun içərisində çayın qabağındakı körpünün yanında ermənilərin postu var idi. Laçın polisində olan döyüşçü “zapravka” deyilən yeri əli ilə bizə göstərdi. Ancaq həmin yerdə ermənilər gözə dəymirdilər. Biz müşahidə apara-apara Salatın istiqamətinə getmək istəyirdik ki, elə bu vaxt dağın alt hissəsində maşın səsi eşitdik. Baxanda gördük ki, bu, hərbi UAZ markalı maşındır. Maşının içi erməni əsgərlərilə dolu idi. Onlar bizi gördülər, əl işarəsilə salam verdilər. Bu vaxt bizim əsgərlərdən biri qəfil yerə uzandı. Ona işarə verdik ki, dərhal ayağa qalx, onsuz da ermənilər bizim kimliyimizi bilmirlər. Biz də ermənilərə əl ilə salam verdikdən sonra onlar dağın alt hissəsiylə hərəkət edib qabaqda evlərin arasından keçərək gözdən itdilər. Həmin yerdən baxanda teleqüllə deyilən yerdə erməni əsgərlərinin nişangah qoyub atəş açmalarını gördük.

BİZ LAZIM OLAN KOORDİNATLARI MÜƏYYƏNLƏŞDİRƏ BİLDİK

Komandirimiz Rəhman İsgəndərov göstəriş verdi ki, buradan o tərəfə getmək təhlükəlidir, ermənilərin alt hissədə postları var, həmin əsgərlər də posta çıxan əsgərlərdir. Dağın döş hissəsi çılpaq olduğu üçün hərəkət etmək çox risqli idi. Geriyə qayıtmaq haqqında göstəriş oldu. Bizə artıq aydın idi ki, Laçın rayonunda ermənilərin üç postu var – postun biri körpünün üstündə, ikincisi Qarıkahası tərəfdən Laçın rayonunun girişində, üçüncüsü isə teleqüllə olan tərəfdə idi. Biz geriyə doğru qayıtmağa başladıq. Hava artıq qaralırdı. Biz Qarıkahanı keçib Zertiyə çatanda qaranlıq çökmüşdü. Hərəkəti dayandırıb gecəni Zertidə qaldıq. Sübh tezdən Tığikin içiylə gəlib Bülüldüzün altından keçib PİRCAHAN kəndinə qayıtdıq.

ERMƏNİLƏRİN BÜLÜLDÜZ İSTİQAMƏTİNDƏ DƏF EDİLMƏSİ

İyulun ikinci ongünlüyü olardı. Komandirimiz Rəhman İsgəndərov kənddə yox idi. Hansısa tapşırıq dalınca getmişdi. Qəfildən postdan bir nəfər qaçaraq gəlib dedi ki, Bülüldüz istiqamətindən Pircahan çayına doğru maşınlar hərəkət edir. Biz cəld silah-sursatımızı götürüb Pircahan kəndindən qalxan yolun üstündəki postumuza getdik. Orada postda olan uşaqlar əl ilə işarə etdilər ki, Bülüldüz istiqamətindən çaya doğru maşın karvanı gəlir.

Biz təqribən 15 nəfər çaya doğru endik. Pircahan çayının üst hissəsindəki təpədə döyüş mövqeyi tutduq. 3-4 nəfərlə məsləhətləşib belə qərara gəldik ki, erməniləri çaya qədər buraxaq, çayı keçəndə onları gülləbaran edib texnikalarını ələ keçirək. Həmin təpənin üstündən onları müşahidə edirdik.

Qabaqda 2 UAZ, arxasınca da üstü tentli 3 Ural maşını gəlirdi. Onlar bizi görmürdülər. Çaya 300 metr qalmış maşınlar dayandı. UAZ maşınından təqribən 8-9 nəfər erməni düşdü. Sonra həmin ermənilərdən ikisi aralanıb çaya doğru enməyə başladılar. Bu adamlar sanki birdən-birə yoxa çıxdılar. Ermənilərə diqqət yetirəndə gördük ki, üzləri saqqallı olan bu kəslər 25-40 yaş arasında olanlardır. Onlar əllərində silah dayanıb əl-qol ilə danışırdılar. Biz isə hələ də onları müşahidə edirdik.

Təqribən 25 dəqiqə keçmişdi ki, bizim durduğumuz təpənin alt hissəsindən ermənilərin istiqamətinə atəş açıldı. Və qəfildən o istiqamətdən bir nəfər təpənin döşüylə Pircahan istiqamətində cığırla qaçaraq ağacların içində itdi. Biz bərk əsəbləşdik. Özbaşına hərəkət edənin kimliyini bilmədik. Onun özbaşıana hərəkəti bizim döyüş planımızı pozdu. Amma onu bildik ki, bu, bizimlə gələn qrup uşaqlarından deyil. Ermənilər pusquya düşəcəklərini anlayıb geri istiqamət götürdülər. Düşmən qüvvələri sürətlə Bülüldüz istiqamətində geri qayıtmaq istəyəndə biz onları güclü atəşə tutduq. Buna baxmayaraq onlar aradan çıxa bildilər. Bu, iyul ayının axırları olardı. Sonra bir müddət keçəndən sonra ikinci və üçüncü rota da Pircahan kəndinə gəldi. Və bir ara sakitlik oldu…

BÜLÜLDÜZ İSTİQAMƏTİNDƏ HÜCUM

…992-ci il iyul ayının 29-u idi. Biz Pircahan kəndində Elburusgilin evində qalırdıq. Bu vaxt Bülüldüz tərəfdən güllə səsləri eşidilməyə başladı. Üstündən bir az keçmişdi ki, kimsə komandirimiz Rəhman İsgəndərovun Bülüldüz istiqamətində hücum əmri olduğunu bildirdi. Ardınca da məlumat verildi ki, bəs kəşfiyyat qrupu ermənilərin mühasirəsinə düşüb. Biz cəld silah-sursatımızı götürüb Pircahan çayına doğru getdik. Pircahan çayını keçib oradan Bülüldüz istiqamətində bir neçə qrup halında qalxmağa başladıq. Qruplardan biri Bülüldüzün alt hissəsiylə, bir qrup orta hissəylə, digər bir qrupsa col cinah istiqamətiylə Bülüldüzə tərəf qalxmağa başladıq. Bizim rotanın kiçik bir qismi kənddəki postlarda qalmışdı, qalan qüvvələrsə Bülüldüz istiqamətində hücuma keçdi. Az bir müddət keçdikdən sonra biz həmin əraziyə çatdıq. Mən özüm həmin əraziyə orta istiqamətdən qalxmışdım. Sol və sağ cinahlardansa rotamızın başqa qrupları hərəkət edirdi. Mən güllə səslərinin səmtini götürüb təsadüfən düz kəşfiyyatçılar olan yerə gəlib çıxdım. Bura bir təpənin başı idi. Ermənilər pulemyotla həmin ərazini çox güclü atəşə tutmuşdular. Güllə yağış kimi yağırdı…

Ətrafı müşahidə etdim. Demək olar ki, heç bir erməni görünmürdü. Haradan atəş açmalarını da dəqiq müəyyənləşdirə bilməmişdim. Bir az da müşahidə aparandan sonra onların koordiantlarını müəyyənləşdirə bildim – ermənilər Bülüldüzün alt hissəsində olan ağaclıqdan atəş açırdılar. Mən də dərhal həmin ərazini gülləbaran etməyə başladım. Atışma gedən vaxtı sol istiqamətdən ermənilərə qarşı çox qızğın bir döyüş başladı. Döyüşün qızğın xarakter aldığını görən ermənilər atəşi dayandırıb Tığik istiqamətində qaçmağa başladılar. Bu döyüş təqribən bir saat çəkdi. Onu da deyim ki, hədəfi dəqiq nişan almaq üçün şərait imkan vermirdi. Arada olan hava məsafəsi təqribən 700-800 olardı. Açdığım atəşlərdən biri yekəpər bir erməniyə dəydi. Ağzı üstə yerə sərilən həmin erməni ayağa durub axsaya-axsaya özünü ağaclığa saldı. Sonradan uşaqlar irəli getdilər…

Qayıdan dəstələrdən biri təptəzə bir UAZ-la gəlirdi. Döyüşün gedişatında ermənilər silah-sursatlarını və UAZ markalı maşını da qoyub qaçmışdılar. Biz həmin UAZ-ı və silah-sursatı qənimət kimi götürüb Pircahan kəndinə qayıtdıq…

HOÇAZA HÜCUMLA BAĞLI TORPAĞIN ÜSTÜNDƏ CIZILAN DÖYÜŞ TAKTİKASININ PLANI

Biz radan qayıdanda gördük ki, Hoçaz kəndi istiqamətindən də güllə səsləri gəlir. Öncə nə baş verdiyini anlamadıq. Pircahana qayıdanda artlq hava qaralırdı.

Bir az keçmişdi ki, yenə də komandirimiz Rəhman İsgəndərov xəbər göndərdi ki, “hazırlaşın, sabah Hoçaz kəndinə hücuma gedəcəyik, orada bizim ikinci rota döyüş aparıb, şəhidlərimiz var. Gedib o şəhidlərimizi döyüş xəttindən çıxarmaq lazımdır”…

Gecəni Pircahanda qaldıq, sübh tezdən komandirimiz İsgəndərov Rəhman uşaqları topladı, biz 33 nəfər idik. Cabbar da döyüş qrupunun tərkibində idi. Bizim 1 dənə BMP-1-miz var idi. Cabbar həmin BMP-1-i işə salmışdı. Biz hamımız BMP-1-in üstünə qalxdıq. BMP-1-lə kəndin içiylə yuxarı qalxmağa başladıq. Mişni tərəfə enmək istəyəndə gördük ki, qarşıdan bir dəstə gəlir. Bu gələn dəstə Vaqif Quliyevin ikinci potası idi. Hoçaz döyüşündən geri qayıdırdılar. Onlar yanımızdan ötüb keçdilər. Bizim rota Mişni çayına doğru endi. Sonra çaydan qalxıb Sonasar istiqamətində getdik…

Sonasarla Hoçaz kəndi arasında bir tala var idi. Orada biz BMP-dən düşdük. Cabbar BMP-1-i yolun sağ hissəsindəki hündürlüyə qaldıraraq orada texnikanı başı aşağı saxladı. BMP-1-in üstündəki pulemyotu çıxardı. Ümumiyyətlə BMP-1-in işə salınmasında problemlər var idi, onu üzü enişə saxlayırdılar ki, işə salmaq asan olsun. Atəş açmırdı. Texnikanın döyüş qabiliyyəti yox idi.

Hoçaz kəndi istiqmətində bir az getmişdik ki, komandirimiz Rəhman İsgəndərovun əmriylə dayandıq. Dediyim kimi biz 33 nəfər idik, komandirimiz İsgəndərov bizə əli ilə torpağın üstünü hamarlayandan sonra elə torpağın üstündəcə döyüş taktikasını cızmağa başladı. Komandirimizin torpağın üstündə cızdığı plana əsasən bəlli oldu ki, biz kəndə ÜÇ İSTİQAMƏTdən döyüşə girəcəyik. BİRİNCİ DƏSTƏ kəndin sağ tərəfiylə gedib Hoçaz dağına qalxandan sonra kəndin yuxarı hissəsiylə meşəliklə fırlanıb Hoçaz kəndinin arxa hissəsində yerləşən vışkanın yanına qalxıb orada özünə döyüş mövqeyi seçəcək. İKİNCİ DƏSTƏ Hoçaz dağının hündür zirvəsinə qalxıb oradan kəndi müşahidə edəcək, hücum əmri veriləndə kənddə olan erməniləri gülləbarana tutacaq. ÜÇÜNCÜ DƏSTƏ isə “Malış” Asif, Cabbar və komandirimizin özü Rəhman İsgəndərov kəndin alt giriş hissəsində qalıb döyüş mövqeyi tutacaqlar. Biz isə 3 nəfər Mehman, Sahib və mən kəndə girməliyik…

Kəndə girəcək 3 nəfərin rolu ondan ibarət idi ki, əgər kəndin içində erməni varsa, onlara atəş açmalıyıq ki, ermənilər də bizə atəş açsınlar. Sonra biz erməniləri aldatmaq üçün atəş aça-aça geri çıxmalıydıq. Heç şübhəsiz ki, ermənilər bizim az bir qrup olduğumuzu görəndə onların postlarda olan digər qüvvələri də kəndə girəcəkdilər. Belə olan halda bizim hər iki istiqamətdə olan qrupumuz arxadan ermənilərin mövqelərinə keçməli və kəndin üstündə olan qüvvələrimiz həmin erməniləri güclü atəşə tutmalı idilər. Kəndin arxasında olan qüvvələrsə “vışka” tərəfdən ermənilərin postunu ələ keçirməli idilər. Beləliklə, erməniləri mühasirəyə salıb kəndin içində qırmalı idik. Erməniləri qırandan sonra bizim ikinci potadan olan 7 nəfər şəhidimizi oradan götürüb çıxmalıyıq. Plan bundan ibarət idi.

Eyni zamanda biz 3 nəfər kəndə girən zaman komandirimiz Rəhman İsgəndərov, Cabbar və “Malış” Asif kəndin ayağından bizi qorumalı idilər ki, biz döyüşə-döyüşə geri çəkiləndə düşmənin hədəfinə çevrilməyək…

Beləcə biz kəndə yaxınlaşanda ermənilərin arxa tərəfinə keçən birinci qrupa əmr verildi ki, “vışka”ya doğru hərəkət etsinlər və bunlar dərhal əmrin icrasına başladılar. Ardınca növbəti əmri icra etmək üçün ikinci qrup hərəkətə keçdi. Bizsə haradasa yarım saat gözləməli olduq ki, bu qruplar öz mövqelərini tutsunlar…

Təqriibən yarım saat keçmişdi. Biz kəndi müşahidə edirdik. Hələ ki, gözə heç bir erməni dəymirdi. Səs-səmir də yox idi. Və nəhayət bizim kəndə girib əməliyyata başlamağımızla bağlı komandirimiz Rəhman İsgəndərov tərəfindən göstəriş verildi. Bundan öncə həmin iki qrupa da göstəriş verilmişdi ki, fişəng atılmayana qədər ermənilər tərəfə atəş açılmasın”.

“ELƏ BUNU FİKİRLƏŞİRDİM Kİ…”

“Belcə qabaqda Mehman, arxasında Sahib və onun arxasında da mən kəndə girdik. Hoçaz kəndinin içindəki məktəbin üst hissəsilə bir-birimizi qorumaq şərtilə irəliləyirdik. Aramızda 5-6 metrlik məsafə saxlayırdıq. Məktəbin üst hissəsiylə gedəndə qabaqda qarşımızı çəpər kəsdi. Belə olan halda biz ya sağa, ya da sola getməli, çəpərin alt, yaxud üst hissəsindən kəndə girməli idik. Əl hərəkətləri ilə bir-birimizlə danışırdıq. Qabaqda gedən Mehman əli ilə işarə verdi ki, sağ yuxarı hissəyə qalxaq və qalxmağa başladıq. Birdən arxadan hiss etdim ki, elə bil kimsə konserva qabına bir təpik vurdu.

Arxaya dönüb həmin istiqamətə baxdım. Apaydın hiss olunurdu ki, bəli, nəsə konserva bankasına təpik vuruldu. O istiqamət çəpərin arxa hissəsi, daha doğrusu, içərisi idi. Çəpərin içini də adamdan hündür ot basmışdı. Üstəlik çəpərin içndə hündür ağaclar var idi, heç nə görünmürdü. Bir də dönüb baxdım, gördüm ki, Sahiblə Mehman artıq yoxdular, Onlar çəpərin qırağıyla yuxarı qalxıblar. Mən Mehmanla Sahibə işarə verə bilmədim ki, bu tərəfdən səs gəlir. Qaldım ki, neyləyim – Mehmangilin arxasınca, yoxsa səs gələn tərəfə gedim. Elə bunu fikirləşirdim ki, birdən həmin səs gələn tərəfdən bir-birinin dalınca kimlərinsə çıxdığını gördüm. Mən tərəfə çıxan adamın üzü saqqallı idi, onu gördüm. O biri tərəfdə olanlar yan-yana dayandıqları üçün üzlərini seçə bilmədim. Aramızda 20-25 metr məsafə olardı. Saqqallı oğlan məni görən kimi əlini yuxarı qaldıraraq salam işarəsi verdi. Elə mən də əlimlə ona salam işarəsi verdim. Bunlar nəsə çəpərin o üzündən çıxıb məktəbə sarı getdilər. Mən də duruxub qalmışam. Çaş-baş olmuşdum. Mənə salam verən oğlanı ikinci potadan bir nəfərə oxşatdım.

Bir anlığa məni fikir götürdü. Axı biz Hoçaza gələndə ikinci rotanın uşaqlarıyla qarşılaşmışdıq və onlar bizim yanımızdan ötüb getmişdilər. Fikirləşdim ki, bəlkə biz Hoçaza gəlib qruplara bölünəndən sonra ikinci rotanın uşaqları da gəlib bizimkilərə qoşulub, qalxıb dağı fırlanıb kəndin arxasına keçiblər. Yəqin bu uşaqlar kəndin boşluğunu görüb düşüb gəliblər. Və bu salam verən bəlkə elə onlardandı. Mən belə başa düşdüm”…

“ERMƏNİLƏR MƏNƏ SALAM VERİB MƏKTƏBƏ TƏRƏF GETDİLƏR”

“Sonra Mehmangil istiqamətində yuxarı qalxmağa başladım. Qalxanda oradan güllə səsləri eşitdim. Cəld ora qalxmağa başladım. Gördüm ki, Mehman gəldi, Sahibi görmədim. Çiynində iki avtomat var idi. Mehman dedi ki, üz-üzə gəlmişdik, 2 nəfər ermənini güllələdim. Sonra həmin erməniləri arxalarında səs eşitdim, ora qumbara da tulladım. Ermənilər də qışqıraraq qaçıb getdilər. Mən ona dedim ki, sən neyləmisən!? Onlar bizim uşaqlardır, arxadan fırlanıb kəndə giriblər. Sən onları güllələmisən! Sən heç baxdın ki, kimi vurmusan!?

O da mənə dedi ki, necə yəni, mən vurduğum adamı bilmirəm ki!? Erməni dilində vaqqıldaya-vaqqıldaya üstümə gəldi, mən də atəşə tutdum. Mən də ona dedim ki, onlar bizim uşaqlar idi, mənə salam da verib məktəbə sarı getdilər. O isə cavabında mənə söylədi ki, bu, mümkün deyil. Mən yenə israr elədim ki, yox, onlar bizim uşaqlara oxşayırdı. Bu da mənə dedi ki, hələ bir qayıt bax, gör kimdi bunlar!?”.

“YANLARINDAN DÖNÜB GEDƏNDƏ ERMƏNİLƏR QOLUMDAKI AZƏRBAYCAN BAYRAĞINI GÖRDÜLƏR”

“Qayıdıb baxanda gördüm ki, ermənilər məktəbin qabağında durublar. Onlar 5 nəfər idilər. Mən onlara yaxınlaşanda yenə də o saqqallı qabaq tərəfdə durmuşdu. Yaxınlaşanda hiss elədim ki, o saqqallı tanış gəlir, qalanlarının sifəti tanış gəlmir. Bunlara təqribən 7-8 metr qalmışdım ki, onlardan biri dönüb mənə nəsə dedi. Artıq bu danışanda başa düşdüm ki, bunlar ermənilərdi. Ermənilər məktəbin düz ağzında dayanmışdılar. Məktəbin ağzında balaca budka kimi yer var. Mən də kəndin içəri tərəfindən çəpərlərin arasıyla gəlib yaxınlaşdım bunlara. Ara məsafəmiz 6-7 metr olardı. Erməni dönüb mənə nəsə dedi, mən dayandım. Fikirləşdim ki, bunlar onsuz da məni tanımırlar, fırlanım bir az geri qayıdıb böyrümdəki damın yanına keçim, əlimdəki pulemyotla verim bunları güllənin ağzına. Nə isə mən döndüm, dönüb fırlananda gördüm ki, artıq bunlar söhbəti kəsib mənə sarı baxmağa başladılar. Hiss elədim ki, bunların sifəti sərtləşir. Dönəndə mənə elə gəldi ki, onlar mənim qolumdakı Azərbaycan bayrağını gördülər. Gördüm ki, əllərini avtomata atmaq istəyirlər, mən qəfil əl pulemyotunun qoruyucusunu çəkib atəş açdım. Qoruyucunu çəkəndə bu, bir-bir atəşə düşmüşdü, avtomat atəşinə yox. Açılan atəş solda dayanan erməninin sinəsindən dəydi, bağıraraq məktəbə girdi. İkinci dəfə atəş açdı, o da başqa bir erməninin qolundan dəydi, avtomat əlindən düşdü, kəndaşağı qaçmağa başladı. Pulemyotu çevirib avtomat atəşinə qoymaq istədim, bu anda ermənilər yerə uzandılar. Dərhal anladım ki, onlar mənə atəş açacaqlar, cəld sağ istiqamətə otluğa tullandım. Onlar məni, mən də onları atəşə tutmuşdum. Bir maqazin boşaltdım, bir anlığa eyni anda atəş səsləri kəsildi. Tez maqazini qoşub diqqətlə qulaq asmağa başladım. Bu vaxt hiss elədim ki, sağ tərəfimdə olan damın arxasından bir baş çıxııb təzədən ora girdi. Arxa hissədən ermənilərdən kimsə həmin damın yanına gəlib çıxmışdı. Üstümdə 4-5 ədəd qumbara var idi. Onlardan bir ədəd “F-1” qumabarasını çəkib həmin istiqamətə tulladım. Gördüm ki, kimsə oradan bağıraraq qaçmağa başladı. Sonra məktəbin qapısına doğru güllə atdım ki, görüm ermənilər haradadılar. Səs-sorağın olmadığını görüb ətrafa diqqət kəsildim. Otluq hissədən başımı qaldıra bilmirdim. Bir az keçmişdi ki, gördüm ki, məktəbin içindən səslər gəlir. Başa düşdüm ki, ermənilər məktəbin içinə giriblər. Yenə də dəqiqləşdirmək üçün məktəbin qapısına tərəf güllə atdım ki, görüm ermənilər haradadılar. Səs gəlmədi. Ətrafa diqqətlə göz gəzdirdim. Bir az keçmişdi ki, içəridən səslərin gəldiyini eşitdim. Ermənilərdən birini öldürmüşdüm, biri isə yaralı halda aşağı qaçmışdı. Deməli məktəbin içində 3 nəfər erməni qalmalı idi. Məktəbə baxanda hiss elədim ki, sağ tərəfdən birinci otaqdan tez-tez bir baş çıxıb qayıdır. Həmin erməni mənim yerimi müəyyənləşdirmək istəyirdi. O, hər dəfə başını azca çölə çıxarır, mən də onu nişan ala bilmirdim. Bir də başını çıxarmaq istəyəndə mən atəş açdım, ermənidən bağırtı qopdu. Bildim ki, güllə ona dəydi. Ondan sonra məkətb istiqamətində bir maqazini boşaltdım. Sağ və sol şüşələri gülləbaran etdim ki, içərini yaxşı görə bilim. Eyni zamanda məktəbin koridorunun divarına gülləni çəpəki vurdum ki, açılan atəş koridorda olanları tutsun. Üçüncü maqazini də qoşdum. Tez-tez arxaya baxırdım, çünki arxadan ermənilərin səsləri gəlirdi. Qumbaranın birini üstümdən çıxarıb düz əlimin altına qoydum ki, birdən ermənilər qəfil arxadan üstümə gələndə macal tapıb güllə ata bilməsəm də, bundan istifadə eləyim. Bir az qulaq asdım. Gördüm yenə də sakitlikdi”…

KOMANDİRİMİZ RƏHMAN İSGƏNDƏROV ERMƏNİLƏRƏ “TƏSLİM OLUN!” ƏMRİNİ VERDİ

“Elə bu vaxt birdən möhkəm atışma başladı. Bizimkilər hər tərəfdən erməniləri atəşə tutdular. Eyni anda havaya fişəng də getdi. Fişəngdən sonra qrad qurğusundan açılan atəş nəticəsində mərmi məndən arxa hissədə səs gələn tərəfə düşdü. Ermənilərin bağırtısı, çığırtısı baş qaldırdı və getdikcə araya sakitlik çökdü. Ani bir vəziyyətdə gördüm ki, bizimkilər məktəbin üstündən kəndə doluşdular. Qabaqda Sahiblə Mehman gəlirdi. Mən tez işarə verdim ki, məktəbin içində adam var. Uşaqlar hamısı gəlib məktəbin qabağına yığışdılar. Və bu zaman vaxt ikinci potanın uşaqları da ora gəlib çıxdılar. Onlara da məlumat verdim ki, içəridə 2 erməni var, 1 erməni də başıaşağı qaçdı. Qaçan erməninin istiqamətini də göstərdim. Komandirimiz Rəhman İsgəndərov məktəbin içində olan ermənilərə “təslim olun!” əmrini verdi.

Mən də uzandığım yerdən qalxmışdım. Qalxanda gördüm ki, qolumdan qan axır, başa düşdüm ki, yaralanmışam. Başladım qolumun qanını yuyub təmizləməyə…

Müharibədən sonra o qəlpəni qolumdan çıxaranda gördüm ki, bu qəlpə “RQD” qumbarasının qəlpəsi olub. Amma ermənilərin o qumbaranı nə zaman atmalarını belə mən hiss etməmişdim. Eyni zamanda maqazinlər də qanın içində idi. Başladım maqazinləri yumağa. Bu vaxt komandirimiz İsgəndərov Rəhman ikinci potadan kiməsə komanda verdi ki, məktəbin sağ otağının pəncərəsindən içəri divarı vur ki, divar partlasın. Qranatamyotla ora atəş açıldı, divar dağıldı, uşaqlar kənd məktəbinin içinə doluşdular. Orada bir ermənini öldürüldü, biri də əsir götürüldü. Elə bu vaxt çöldə sağ tərəfdə atəş səsləri gəldi. Baxanda gördüm ki, qolundan yaraladığım kəndin aşağı tərəfindəki evə qaçıb girən erməniyə bizimkilər atəş açırlar. Uşaqlar onu vurub öldürdülər. Biz orada qalan şəhidlərimizi və məktəbin içərisindən əsir götürdüyümüz erməniylə birgə Pircahana qayıtdıq…

Qüvvəmiz çox az olduğu Hoçazı əldə saxlaya bilməzdik. Iki rota ilə Pircahanı, Höçazı, Mişnini, Sonasarı, Hoçaz dağını əldə saxlamaq qeyri-mümkün idi. Ona görə də şəhidlərimizi götürüb geri çəkildik…

Avqustun 4-ü olardı. Biz Elburusgilin evində idik. Şəhər saat 9-10 arası olardı. Qəfildən bir mərmi Elburusgilin evinin yanındakı dərənin üstünə düşdü. Biz cəld silahı götürüb posta doğru istiqamət götürdük. Döyüş yoldaşımız İgid dedi ki, komandirimiz RƏHMAN İSGƏNDƏROVun tapşırığına əsasən artilleriya atəşi səngiyənə qədər hamınız yarğanın içində olmalıyıq. Əmr olan kimi yarğandan çıxıb postlara getməliydik. Və beləcə İgid qabaqda, biz də onun arxanca gedib həmin yarğanda yerləşdik. Artilleriya təqribən 2-3 saat kəndi atəşə tutdu. Sonra bizə əmr gəldi ki, hərə öz döyüş mövqeyində keçsin. Biz kəndin aşağı hissəsində PİRCAHAN çayından qalxan yolun üstündəki posta tərəf istiqamət götürdük. Biz ora yaxınlaşanda uşaqlar bildirdilər ki, çay tərəfdən ermənilər açıqlıq hissəni hər an vura bilərlər. Biz həmin yerdə dayanıb ağaclıqdan çayı müşahidə etməyə başladıq. Uşaqlardan kimsə dedi ki, ermənilər çaydan qalxıb Bülüldüz istiqamətində geri çəkilirlər. Həmin vaxt eşitdik ki, bizim rotadan 4 əsgərimiz şəhid olub. O Şəhidlər bunlar idi: Fərəcov Etibar, Əliyev Camal, Baxışov Rəşid və Məmmədov Sarvan. Artıq onları Kəlbəcər istiqamətində yola salmışdılar…

GENERAL ZADİR RZAYEV 713-Ü AĞDƏRƏYƏ YÖNLƏNDİRİR

Bundan sonra bizim ermənilərlə döyüşümüz olmadı. Avqustun ortaları olardı. Zadir (onun əsil adı Zaur deyildi, Zadir idi) Rzayev Pircahana gəldi və bizə dedi ki, Ağdərədə ağır döyüşlər gedir. Orada bir neçə kənd var ki, onlar götürülməlidir. Bizi bir az tərəflədi ki, mən sizin döyüş gücünüzə bələdəm. Bunu nəzərə alaraq sizin döyüş təcrübənizdən istifadə etməklə biz Ağdərənin bir neçə kəndini alandan sonra siz tez bir zamanda bura qayıdacaqsınız…

QƏŞƏM RZAYEV: “BİZƏ DEDİLƏR Kİ, ƏRAZİ KƏŞFİYYAT OLUNUB”

II HİSSƏ

…Avqustun ikinci ongünlüyü olardı. Birinci və üçüncü rotanın şəxsi heyəti Ağdərəyə göndərildi. Pircahanda bizim yerimizə 811 nömrəli hərbi hissənin döyüşçüləri gətirilmişdi. Biz Ağdərəyə ermənilərin “Vaquas” dedikləri Qozlu kəndinə gəldik. Orada bizi yolun üstünə yığıb hücum edəcəyimiz kənd barədə məlumat verdilər. Bizə dedilər ki, siz Arutunaqamer kəndinə hücum edib oranı götürməlisiniz. Əlavə olaraq o da bildirildi ki, bütün ərazidə kəşfiyyat işi aparılıb, kənddə ermənilərin bir tankı və 100-ə qədər döyüşçüsü var.

Bizim komandirimiz SÜLEYMAN ƏHMƏDOV və nizami hissə üzrə komandirimiz MEHDİ RÜSTƏMOV həmin əməliyyat qrupunun qarşısında dayanmışdılar. Hücum əmri verilməzdən öncə biz bildirdik ki, özümüz ərazidə kəşfiyyat işi aparaq, sonra səhərisi gün kəndi götürək. Razı olmadılar. Çünki bizim birinci rotanın komandiri RƏHMAN İSGƏNDƏROV orada yox idi…..

Komandirimiz Rəhman İsgəndərov hər zaman bizi əməliyyata aparmazdan öncə o ərazini özümüz kəşfiyyat edib sonra hücum edirdik. Lakin burada bizə bildirdilər ki, ərazi kəşfiyyat olunub, narahat olmayın. İstiqaməti bizə göstərdilər ki, bəs buradan həmin kəndə gedəcəksiniz. Biz göstərilən istiqamətdə kəndi görmürdük. Həmin yer meşəlik bir ərazi idi. Çox çətin relyefi var idi. Bizə əmr verildi. Hücum əməliyyatına başladıq.

Qozlu kəndindən Arutunaqamer kəndi istiqamətində yol alıb hərəkət etdik. Hər tərəf ağaclıq idi. Biz aşağı enəndə qəfildən qarşımızda evlər göründü. Başa düşdük ki, kəndə çatmışıq.

Döyüşə birinci və üçüncü rota gedirdi. İkinci rota hələ gəlib çıxmamışdı. Biz hücum zamanı bir təpənin üstünə gəlib çıxdıq. 9 nəfərdən ibarət qrupumuz sağ cinahdan təpə ilə kəndə enməyə başladıq Bizim sol tərəfimizlə iki tankımız və bir şilkamız kəndə enməyə başladı. Bizdən əvvəl 5, yoxsa 7 nəfərdən ibarət qrup bizim sağ cinahımızla meşənin içiylə fırlanaraq kəndin üst hissəsindəki qəbiristanlıq tərəfdən ermənilərə yaxınlaşmalı, həmin istiqamətdə erməni postlarına atəş açmalı və bu zaman əsas qüvvələrimiz kəndə girməli idi. Lakin həmin qrup kəndə yaxınlaşanda ermənilər onları müəyyən etmiş və güclü minamyot atəşinə tutmuşlar. Döyüşün gedişatında yaralananlarla yanaşı QULİYEV XASAY şəhid olmuşdu. Həmin qrup ölən və yaralananları götürərək döyüş mövqeyindən çəkilmişdilər…

“KƏŞFİYYAT MƏLUMATLARI TAM YANLIŞ ÇIXMIŞDI”

Kəndə düşmək istəyirdik ki, bizim tanklardan biri minaya düşüb partladı. Bundan sonra bizi həm tanklardan, həm də atıcı silahlardan möhkəm atəşə tutmağa başladılar. Ermənilər bütün istiqamətlərdən bizi atəşə tutmağa başlamışdılar. Ətraf görünməz olduğu üçün biz onların koordinatlarını da dəqiq müəyyənləşdirə bilmirdik. Kəndin içində ermənilərin bir tankı qəbiristanlığın yanından, digər ikisi isə kəndin orta hissəsindən bizim mövqelərimizi atəşə tutmuşdurlar. Yəni, bizə deyildiyi kimi kənddə ermənilərin “1” deyil, 3 tankları var idi…

Bir az keçmişdi ki, ermənilər bizim daha bir tankımızı vurdular. Mövqelərimiz güclü atəşə tutulurdu. Nəhayət bir müddət keçəndən sonra biz də onların mövqelərindən ikisini müəyyənləşdirə bildik. Qızğın atışma başladı. Elə bu vaxt ermənilərin 5 nəfərdən ibarət bir qrupunun sağ cinahdan meşənin içiylə bizim arxa tərəfimizə keçmək istədiklərini gördük. Dərhal onları güllə atəşinə tutduq. ermənilərdən üçü öldü, biri yaralandı, birisə aradan çıxa bildi…

Ermənilər bizim həmin qrupu həm qranatamyotdan, həm də digər atıcı silahlardan bərk güllə atəşinə tutmağa başladılar. Biz isə sağ cinahdan onlara atəş aça- aça geri çəkilmək məcburiyyətində qaldıq. Çünki kəşfiyyat məlumatları tam yanlış çıxmışdı. Həm texnika, həm də ermənilərin sayı ilə bağlı verilən məlumatlar tamamilə düzgün deyildi. Postların yeri dəqiq müəyyənləşdirilməmiş, koordinatlar dəqiq verilməmişdi. Mövqe baxımından da bizim yerimiz tam əlverişsiz bir yer idi. Ancaq ermənilər təpələrdən bizi görüb sərrast atəşlər açırdılar. Texnikalarımız da vurulandan sonra hücum əməliyyatı zəiflədi. Döyüş zonasından təqribən 100 metr geri çəkilərək müdafiə mövqeyi tutduq. Günorta başlanan əməliyyat təqribən 2 saat davam etdi.

“NƏYİN BAŞ VERDİYİNİ ANLAYA BİLMİRDİM”

Hava qaralmağa başlamışdı. Biz yolun üstündə tonqal qalayıb oturmuşduq. 70 nəfər olardıq. Elə bu vaxt bizim sağ cinahımızda bir partlayış səsi gəldi. Həmin istiqamətə gedib nə olduğunu müəyyənlşdirmək istəyəndə digər tərəfdən də eyni səs eşidildi. Cəld uşaqların yanına gəlib bildirdim ki, dağılışın, ermənilər bizi nişangaha götürürlər. Bizim oturduğumuz yerin sağ tərəfi hündür dağlıq ərazi idi. Fikirləşdim ki, yəqin ermənilər həmin ərazidən bizi müşahidə edirlər. Biz oranı təcili tərk edib yolun alt hissəsinə tökülüşdük. Mən yolun alt hissəsində ağaca söykənərək müşahidə aparırdım. Gözümə bir şey dəymirdi. Oturduğum yerdə dəhşətli bir hala düşdüm. Nə baş verdiyini anlamadım. Onda gördüm ki, başım yerə bərkdən dəydi. Bir təhər ayağa qalxmaq istədim, addım ata bilmədim. Hər tərəf başıma fırlanırdı. Hələ də nəyin baş verdiyini anlaya bilmirdim. Addım atıb yeriyə bilmirdim. Bir də gördüm ki, gözümün qarşısında kimsə dayanıb nəsə danışır. Ağız hərəkətlərindən bunu görürdüm, ancaq nə deməsini anlamırdım…
Bir az keçəndən sonra ətrafı anlamağa başladım. Qulaqlarımda uğultu var idi. Yerə uzandım, məni yuxu tutdu. Ayılanda özümə gəlmişdim. Anladım ki, güclü partlayış olub. Ocaq yerindən əsər-əlamət qalmamışdı. Minamyot mərmisinin düşməsi nəticəsində ağacdan asılan buşlatım deşik-deşik olmuşdu. Amma hələ də beynimdə uğultu var idi. Anladım ki, kontuziya almışam.

 

ERMƏNİLƏRLƏ DAŞLA QUMBARA OYUNU

Dağın bşından ermənilərin bizi müşahidə etdiklərini və bunun üçün də dağılışmağımızı döyüş yoldaşlarıma bildirdim. Həmin günü sakitlik oldu. Hava qaralandan sonra biz yolun üst hissəsində olan yarğanda postumuzu qurduq. Arutunaqamer istiqamətində olan təpənin üst hissəsiylə bizim postun arasındakı məsafə 30-40 metr olardı. Döyüşçülərimizdən bir qrup ağaclıqda, biz isə düz yolun üstündəki yarğanda postu qurduq. Döyüş yoldaşlarımızla gecəni növbə ilə postda dayanmağımızı bölüşdürdük. Ətrafımız ermənilərlə əhatə olunmuşdu. Qaranlıq düşəndə mən səngərin içində uzanaraq yatmışdım. Təqribən bir saat olardı ki, güllə səslərinə ayıldım. Yatdığım yer 50-60 sm dərinlikdə bir yer idi. Gözümü açanda yanan güllələrin başımın üstündən uçduğunu gördüm. Durmaq təhlükəli olduğu üçün yerimdə fırlanıb qarşı tərəfi müşahidə etdim. Gördüm ki, Arutunaqamer tərəfdən bizi çox güclü atəşə tutublar. Mən də pulemyotla o istiqamətə atəş açmağa başladım. Yanımdakı döyüşçüyə dedim ki, sən yerdən daş götür ermənilər tərəfə at. Növbəti dəfə biz qumbara atanda onlar yanılacaqlar. Elə də oldu. Qumbaranı atandan sonra atəş səsi bir anlığa kəsildi. Araya sakitlik çökdü…

“MEŞƏNİ ERMƏNİ QADINLARININ SƏSİ BÜRÜMÜŞDÜ”

Səhəri günü biz relyefi düzgün müəyyənləşdirib postlar qurmaq üçün yerlər seçdik. Ermənilərlə məsafə çox yaxın və torpağın qazılması da çətin olduğu üçün bir az geri çəkildik. Bu minvalla ermənilərlə 3 gün atışdıq. Üçüncü rotadan olan Natiq AQS-dən çox sərrast atəş açırdı. O, hər atəş açanda ermənilər susurdular.
3 günlük ara-sıra atışmadan sonra ermənilərin bir tankı kəndin üstündəki təpəyə çıxıb bizim postları vurmağa başladı. Biz həmin tankın koordinatlarını artilleriyaya verdik. Artilleriya bir neçə atəş açandan sonra erməni tankı aşağı düşüb kəndə girdi. Həmin günün axşamı kənddə olan erməni ailələrinin köçürülməsi başladı. Onlar Vəng istiqamətində hərəkət edirdilər. Meşəni uşaq və qadın qışqırtısı bürümüşdü…

“XOSROVUN BATALYONUNDAN BİR QRUP MÜHASİRƏYƏ DÜŞMÜŞDÜ”

Ağdərəyə gəlişimizin beşinci günü idi. Qozlu kəndinin üst hissəsindəki təpədə bizim postumuz var idi. Orada Yunusun batalyonu dururdu. Həmin postdan xəbər verdilər ki, ermənilər hücum ediblər, kömək lazımdır. Mehdi Rüstəmovun əmriylə bizim köməkçi qüvvələrdən iki rotadan təqribən 30-35 nəfər köməyə yollandı.
Ağdərəyə Yevlaxdan da bir batalyon gətirilmişdi. Komandirləri də Xosrov idi. Xosrovun batalyonu Arutunaqamer istiqamətində hücuma keçdi. Onlar kəndə həm sol cinahdan, həm də üst hissədən hücum etmişdilər. Biz isə Yunusun batalyonuna köməyə gedirdik. Mənim əlimdə radiostansiya var idi. Rabitə ilə eşitdim ki, Xosrovun batalyonundan bir qrup mühasirəyə düşüb, təcili kömək istəyirlər. Mən dağa gedən qrupdan geri qalıb onlarla radioəlaqəyə girdim. Onlar mənə bildirdilər ki, Arutunaqamer kəndinin üst hissəsində qəbiristanlıq tərəfdədilər. Bələdçilərinin də olmadıqlarını bildirdilər. Mən onlara dedim ki, yanan güllələrlə işarə verəcəm, o istiqamətdə hərəkət edin. Sizə kömək edim, çıxın. Mən yanan güllələri atan zaman olduğum ərazi güclü qrad atəşinə tutuldu. Mərminin qəlpəsi yaxınlığındakı ağaca girdi. Gördüm ki, həmin yerdən rabitə əlaqəsinə girmək və nişan vermək çətindir. Yerimi dəyişdim. Təpənin üstündən aşağı enib yenidən Xosrovun batalyonundan olan təqribən 60 nəfər uşağın mühasirədən çıxması üçün onlara yanan güllələrlə koordinatları göstərdim. Sonra təpənin üstünə qalxıb Mehdi Rüstəmova bütün bunlarla bağlı məlumat verdim. Mehdi Rüstəmovun göstərişiylə qüvvə ayrıldı. Mən qabaqda olmaqla meşənin içindəki cığırla mühasirəyə düşən qrupa doğru irəlilədik. Postdan təqribən 150 metr aralanmışdıq. Biz həmin yerə çatanda onlar artıq təhlükəli zonadan çıxmışdılar. Onlarla rabitə əlaqəsi saxladım, Füzuli Alməmmədovla mən onlara yaxınlaşmaq istəyərkən atəş açıldı…

Artıq qaranlıq idi. Görüşün təhlükəli olmasını nəzərə alaraq geri qayıtdıq və postlarımızdan yanan güllə ilə onlara işarə verdim ki, həmin istiqamətdə bizim döyüş mövqeyimizə doğru hərəkət edib geri çəkilsinlər. Onlar səhərisi günü mühasirədən çıxıb Qozlu kəndinə qayıtdılar..

“KÖMƏYƏ GEDƏN QRUPUMUZ ERMƏNİLƏRİ GERİ OTURTMUŞDULAR”

Xosrovun batalyonu hücum edəndə 3-4 ermənini tam zərərsizləşdirib postlarını da götürmüşdülər. Ancaq yuxarıdan arxa tərəfdən, Vəng istiqamətindən gələn qüvvələr onları mühasirəyə salmışdılar. O günü Arutunaqameri götürmək mümkün olmadı. Ermənilər bütün mümkün vasitələrdən istifadə etməklə hücumu pozmağa çalışırdılar. Bizim Qozludan yuxarı hissəyə köməyə gedən qüvvələrimiz ora çatanda artıq ermənilər səngəri ələ keçirmək üzrə imişlər. Bir erməni azərbaycanca danışlb səngərə yaxınlaşanda köməyə gedən bizim döyüşçülər onu zərərsizləşdiriblər. Köməyə gedən qrupumuz ermənilərlə qanlı döyüşə girib onları geri oturdublar. Ermənilər itki verməklə geri çəkiliblər. Xosrovun batalyonu mühasirədən çıxandan sonra mən də yuxarı posta qalxıb uşaqların yanında müdafiə mövqeyi tutdum.

ERMƏNİLƏRİN QOZLU ƏMƏLİYYATI VƏ ƏMƏLİYYATI DARMADAĞIN EDƏN 713-CÜ HƏRBİ HİSSƏNİN PEŞƏKARLIĞI

İki gündən sonra Arutunaqamerə 2 istiqamətdən növbəti hücum oldu. Bizim batalyonun uşaqları ermənilərin bütün yayındırıcı həmlələrini dəf etməklə yanaşı həm də Arutunaqamer kəndi istiqamətində strateji yükcəkliklərə də ardıcıl hücum edirdilər ki, ermənilər hədəf seçimində çaş-baş qalsınlar. Ermənilərin Qozlu kəndinin üst hissəsindən etdikləri hücum baş tutsaydı, onda bütün əməliyyat planı alt-üst olurdu. Belə olan halda nəinki Arutunaqamer olan hücum dayandırılır, əksinə bizim qüvvələr Qozlu kəndini də tərk etmək məcburiyyətində qalacaqdı. Bizim 713-cü hərbi hissədən olan döyüşçülərimizin şücaətləri sayəsində ermənilərin məkrli planı çox yüksək peşəkarlıqla məhv edildi…

Eyni zamanda Aterkin üstündən, həm də Aterkin sağ cinahından bizim qrad və toplarımızdan Arutunaqamer kəndi möhkəm mərmi atəşinə tutulmuşdu. Həmin günü Arutunaqamer kəndi azad edildi, ermənilər böyük itkiylə kəndi qoyub qaçdılar. Qonşuluqda olan Poqosomer kəndi də döyüşsüz təslim oldu…

VƏNGƏ DOĞRU HÜCUM ƏMRİ

1992-ci ilin sentyabr ayının 2-si idi. Bizə əmr gəldi ki, Vəng kəndi götürülməlidir. Qozlu kəndinin yuxarı hissəsindəki təpənin qabaq tərəfində bizim hərbi hissə cərgəyə düzüldü. Həmin vaxtı bizim hərbi hissənin hər 3 rotası orada idi.

Döyüş əmriylə bağlı məlumat veriləndən sonra bizim 1-ci rotanın komandiri RƏHMAN İSGƏNDƏROV qabağa çıxıb döyüşün istiqamətlərini müəyyənləşdirdi. Onun planına əsasən qabaqda yolboyu 5 nəfərdən ibarət “dazornı” qruppa getməli, ardınca da 1-ci rotanın uşaqları məsafə saxlamaqla irəliləməli idilər. Ardıcıllıqla 1-ci rotanın 1-ci vzvodu, sonra 2-ci vzvod, daha sonra 3-cü vzvod getməli idi. Sağ cinahda müəyyən məsafə saxlanılmaqla VAQİF QULİYEVin komandiri olduğu 2-ci rota hərəkət etməli idi. Sol cinah boyunca BUDAQ NƏSİBOVUN komandiri olduğu 3-cü rotanın bir hissəsi hərəkət etməli, qalan hissəsi isə rezervdə qalmalı idi. Bu minvalla meşənin içindən keçib Vəngə hərəkət etməli idik.

Yol qalın meşəlik, dağ və dərələrdən ibarət idi. Döyüş planı daha çevik xarakter alması üçün belə hazırlanmışdı. Biz döyüş əmrini aldıq…

Dazor qruppasından sonra vzvodlar hərəkət etdi. Toplandığımız yerdən təqribən 300 metr irəli getmişdik ki, qəfildən qarşıda dazor qruppası ermənilərlə üz-üzə gələrək döyüşə girdilər. Biz də cəld irəli getdik. Qızğın döyüş başladı. Belə döyüş vəziyyətində sağ cinahımızdan 2-cı rota döyüşə girdi. Dazor qrupu düz ermənilərin içinə daxil olmuşdu. Birinci rotanın 1-ci vzvodu dazor qrupundan 5-10 , 2-ci vzvodsa 15-20 metr aralı olardı. Komandirimiz Rəhman Isgəndərovun çevik planı öz təsirini göstərmişdi. Ermənilər itki verə-verə geri çəkilmək məcburiyyətində qaldılar. Komandirimiz göstəriş verdi ki, sol cinahdan 2-ci vzvod irəli hərəkət etməlidir. Belə bir vaxtda bəzi döyüşçülər ayaq üstə döyüşdüyündən qarışıqlıq yaranırdı. Mənim sağ tərəfimdə Rəmzi idi. Mən Rəmziyə toxundum ki, sürünə-sürünə irəli gedək. Gördüm mənə tərəf dönmədi. Onu möhkəm silkələyəndə Rəmziyə güllə dəydiyini gördüm. Tez çiynindən tutub arxası üstə çevirdim . Rəmzi başından güllə yarası alaraq şəhid olmuşdu. Uşaqlara səsləndim ki, Rəmzini döyüş mövqeyindən çıxarmalıyıq. Biz 3 nəfər Rəmzini götürüb 100-150 metr geriyə gətirdik. Qalan 2 yoldaşıma dedim ki, Rəmzini arxaya yola salın. Həmin yerdə 2 tank dayanmışdı. Tankın yaxınlığında uzun boylu bir əsgər var idi. Ona yaxınlaşıb komandirlərini soruşdum. Dedi ki, yoxdur. Dedim ki, niyə döyüşə girmirsiniz? Cavab verdi ki, döyüş əmri yoxdur. Mən ona ermənilərin koordinatlarını verib atəş açmalarını dedim. O da dərhal tanka oturub həmin istiqamətə 3-4 mərmi atdı. Bu anda ermənilər tankı bərk atəşə tutdular. Başa düşdüm ki, tankın açdığı atəş təsirli olub. 5-6 dəqiqədən sonra ermənilər atəşi nisbətən dayandırdılar. Mən bunu görüb yolla irəli gedəndə gördüm ki, 2-ci rotanın komandiri Vaqif Quliyevi ağır yaralı vəziyyətdə gətirirlər. Aşağı düşdüm. Artıq həmin yerdə döyüş səngimişdi. Ermənilər geri çəkilmişdi…

Həmin vaxtı bizim tərəfdən 4-5 nəfər şəhid olmuş, 6-7 nəfər yaralannmışdı. Onlar döyüş mövqeyindən çıxarıldı. O döyüşdə VAQİF QULİYEV, RƏMZİ NOVRUZOV, ƏFİLAĞA HƏSƏNOV şəhid oldular. 1-ci rotanın 1-ci vzvodundan olan Mehman, Fərrux yaralandı. “Malış” Asif o döyüşdə itkin düşmüşdü. Biz yaralıları döyüş mövqeyindən çıxardıq. Bizə əmr gəldi ki, geri çəkilməliyik. Döyüş mövqeyindən təqribən 200 metr geri çəkilib orada müdafiə mövqeyi tutduq.

“MALIŞ”IN İZİ VƏ YENİDƏN LAÇINA DOĞRU

Komandiriiz Rəhman İsgəndərov komandanlığa çağırıldı. Biz isə müdafiə mövqeyi seçib orada qaldıq.
Səhərisi tezdən komandirimiz Rəhman İsgəndərov gəlib “Malış”ın axtarılması üçün 7 nəfərdən ibarət kəşfiyyat qrupunu müəyyən etdi. Biz kəşfiyyat qrupu dünənki döyüş yerinə yaxınlaşanda səs eşitdik. Pusqu qurub müşahidəyə başladıq. Bu vaxt ermənilərin KƏŞFİYYAT qrupundan bir nəfərin orada gözlədiyini gördük. Biz onu izləməyə başladıq. Ehtiyat edirdik ki, birdən Asif yaralı halda onların əlində olar. Onda biz də bu ermənini əsir götürüb onunla dəyişək. Bizimlə o erməni arasında 50-60 metr məsafə olardı. Qəflətən ağacların arasında həmin erməni yoxa çıxdı. Bir müddət gözlədik, daha heç kimi görmədik. Erməni kəşfiyyatı aradan çıxmışdı.

Çox ehtiyatla ora yaxınlaşdıq. Biz sol cinah istiqamətində dərə aşağı gedəndə ayaqqabı izi gördük. Torpağın üstündəki ayaqqabı izində birinin dabanı yox idi. Uşaqlardan soruşanda məlum oldu ki, bu, Malışın ayaq izləridir. Arutunaqamerə 50-60 metr qalmış biz izi itirdik. Malışın hara getməsini müəyyən edə bilmədik. Ancaq əmin idik ki, Asif döyüşdən sağ çıxıb. Biz Arutunaqamer kəndinə çatanda 2 qrupa ayrılmışdıq. Komandirimiz Rəhman İsgəndərov bizdən öndə gedərək o qrupla artıq kəndə girmişdilər. Biz 3 nəfər qalmışdıq. Kəndə girmədik. Bu vaxt ermənilər kəndi minamyot atəşinə tutdular. Biz kəndin üst hissəsiylə geriyə, Qozluya doğru qayıtdıq. Artıq orada bizə xəbər verdilər ki, Asif gəlib çıxıb. Bir az keçmişdi ki, komandirimizin rəhbərlik etdiyi qrupun da tezliklə gələcəklərini bildirdilər….
Bu hadisədən sonra biz 2-3 gün Qozluda müdafiə mövqeyində dayandıq. Sonra bizə əmr gəldi ki, Laçına qayıtmalıyıq. Maşınlara doluşub Laçın istiqamətində geri qayıtdıq…

III HİSSƏ

Gecənin zülməti və 713-ün 1666-ci koordinatdan erməniyə yaşatdığı zülmət

…Sentyabrın 17-si idi, bizi Ağdərədə çıxarıb Laçına Pircahanda gətirdilər. Onun şəhəri günü 701-in komandiri Zadir Rzayev gəlib bizim qabağımızda çıxış etdi. Göstəriş verdi ki, HOÇAZ istiqamətindən hücum edib Laçın koridorunu bağlamalıyıq. Onun dalınca bizim hərbi hissənin komandiri Süleyman Əhmədov da çıxış edib Hoçaz dağını alaraq Laçın koridorunu bağlamağın zərurətindən danışaraq hücum əmri verdi. Bu əmrdən sonra bizim birinci rotanın komandiri İSGƏNDƏROV RƏHMAN Hoçaz istiqamətində hücumla bağlı bizə məlumat verərək bildirdi ki, hazırlaşın, gecə çıxırıq. Biz də hər cür hazırlığımızı gördük. Axşam saat 9-10 arası HOÇAZ kəndindən olan UMUD MÜƏLLİMin bələdçiliyilə Pircahandan Seyidlər istiqamətinə 60-70 nəfər döyüşçü ilə hərəkət etdik.

Burada birinci rota ilə birlikdə adı Nəriman olan bir komandirin 30-35 nəfər döyüşçüsü də bizimlə həmin əməliyyatda iştirak edəcəkdi. Biz gecənin zülmətində HOÇAZ kəndinin aşağısında olan Pircahan çayına doğru hərəkət etdik. Gecə saat 3 radələri olardı. Həmin vaxtı Hoçaz da ermənilərdə idi. Kəndin içində və ətrafında ermənilərin bir neçə postları var idi.
Biz kəndin Laçın tərəfindən dərəiçi qalxıb Hoçazla Mollalar kəndinin yollarının kəsişdiyi nöqtədə 1666 deyilən koordinata çatdıq…

Rəhman İsgəndərovun iki sərrast atəşi və 1666-ci koordinatda sükut

Bizim qrpun məqsədi 1666 KOORDİNATında yerləşərək ermənilərin Hoçaz dağına arxadan gələn qüvvələrinin qarşısını alıb oradakı düşmənin mövqeyini zəiflətməklə hücum edən qüvvələrimizə kömək etmək idi.

Həmin vaxtı ön hissədən, yəni Soyuqbulaq tərəfdən hücum edən 701-in batalyonları və Laçın polisi, o cümlədən bizim batalyonun qalan hissəsi həmlə ilə dağı götürməli idilər. Ümumi plana əsasən bir sutka ərzində o dağ götürülməli idi. Biz də əlavə gələn qüvvələrin qarşısını almaqla düşməni mühasirəyə salmalı idik.

Biz 1666-cı koordinata çatanda artıq şəhər açılırdı. Şəhər saat 5-6 radələri olardı. Bura elə bir yer idi ki, həm Susdan, həm Mollalardan, həm də Hoçazdan gələn yollar burada kəsişirdi. Bütün günü orada olduq. Həmin yerdə torpaq çox möhkəm idi. Qazıcı alətimiz olmadığına görə avtomatın süngüsüylə səngər qazamaq istəsək də, buna nail ola bilmədik.

Az hərəkət edirdik ki, düşmən bizi görə bilməsin. Saat 10-11 arası Hoçazdağdan gələn UAZ markalı maşın bizim yanımızdan keçib Laçın istiqamətinə getmək istəyəndə komandirimiz Rəhman İsgəndərov 2 nəfəri götürüb maşının qabağına keçdi. Maşının içində 2 nəfər erməni var idi, çox güman ki, biri zabit idi. Komandirimiz İsgəndərov Rəhman 2 sərrast atəş ilə onları öldürdü. Döyüş yoldaşlarımız meyidləri kənara atandan sonra maşını da kənara itələyib “maskirovka” etdilər ki, düşmən növbəti dəfə buradan keçəndə onları görməsin. Həmin günün qalan saatları sakitlik oldu…

Gecəni orada qaldıq. Şəhəri gün tezdən Rəhman 710-un rota komandiri Nərimanla məşvərət etdi. Və orada qalan qüvvələri Nərimana tapşıraraq 5 nəfərdən ibarət qrupla kəşfiyyata yollandı.

Üst-üstə qalanan erməni meyidi və üçtərəfli mühasirə

Mən də o kəşfiyyat qrupunun tərkibində idim. Saat 9-10 radələri olardı. Biz “karyer” deyilən yerə çatdıq. Qarşı tərəfə baxanda gördük ki, düşmən tərəfdə 1 BMP və bir neçə erməni əsgəri görünürdü. Elə ətrafa baxırdıq ki, arxada atəş səsləri eşitdik. Dərhal geri qayıtdıq. Geri qayıdanda bizə radiostansiya ilə dedilər ki, uşaqlar dünəndən susuz qalıblar. Üstümüzdəki flyaqaları və kaskaları aşağıdakı bulağın suyu ilə doldurub uşaqların yanına qayıtdıq. Biz ora gəlib çatanda gördük ki, ermənilər Zil-131-lə oradan keçəndə bizimkilər onların hamısını qırıblar, təxminən 30-40 nəfər olardılar. Orada 1 nəfər erməni Mollalar istiqamətinə qaçaraq canını qurtarmışdı. Eyni zamanda ermənilərə məxsus bir BMP-1 də vurulmuşdu. Ermənilər artıq bizim bütün koordinatlarımızı müəyyənləşdirmişdilər. Təqribən 2 saat keçmişdi ki, Mollalar istiqamətindən ermənilərə məxsuus 2 BMP-2 və xeyli canlı qüvvə bizim istiqamətə hücuma keçərək hər tərəfdən bizi atəşə tutmağa başladılar. Vəziyyət getdikcə gərginləşirdi. Biz 3 tərəfdən mühasirədə idik. Yeganə çıxış yolumuz HOÇAZ kəndi istiqamətindən 100-150 metrlik boş məsafə qalmışdı…

“Öyrəndik ki, Hoçazdağ hələ də götürülməyib”

Biz ikinci gün idi ki, döyüş mövqeyində qalmışdıq. Halbuki bizə deyilmişdi ki, siz bir gün orada dayanmalısınız ki, ermənilərə arxadan gələn qüvvənin qarşısı alınsın. Digər qüvvələr də bu arada Hoçazdağı götürməli idilər. Biz ratsiya ilə əlaqə saxladıq. Öyrəndik ki, Hoçazdağ götürülməyib.

“Nə qədər çağırsaq da, artilleriya yardımı edilmədi”

Artıq 2-ci gün idi ki, biz orada qalmışdıq, arxa ilə əlaqəmiz kəsilmişdi. Düşmən hər tərəfdən bizə hücum edirdi. Bizi atəşə tutan düşmənin BMR-2-si qranatamyotun vurma məsafəsindən uzaq olduğu üçün biz onu susdura bilmirdik. Düşmənin yaratdığı həlqə getdikcə daralırdı. Demək olar ki, biz mühasirəyə düşürdük. Ancaq bütün buna baxmayaraq HOÇAZ tərəfdən olan 150 metrlik boş məsafəni nəzarətdə saxlayırdıq. Komandirimiz Rəhman İsgəndərov radiostansiya ilə əlaqəyə girib heç olmasa artilleriya yardımının edilməsini istədi. Havanın qaralmasına da az qalmışdı. Nə qədər danışılsa da, bizə artilleriya yardımı edilmədi.

Başqa çıxış yolumuz yox idi, yeganə ümidimiz özümüz idik. Ki, hava qaralana kimi döyüşməli, sonra mühasirəni yarıb çıxmalı ıdık. Getdikcə vəziyyət kritik həddə yüksəlirdi. Ölən və yaralananlarımız var idi. Həmin ərazidəki ağaclar çox nazik olduğuna və səngərimiz olmadığına görə açılan atəşdən də yayınmaq mümkünsüz hala gəlmişdi. Demək olar ki, BMP-dən açılan hər atəş kiminsə xəsarət alması demək idi…

Rəhman İsgəndərovun düzgün taktikası və ermənilərin çaşqınlığı

Belə bir şəraitdə tab gətirmək mümkün deyildi. Bu zaman Rəhman mənə və bir də Mişnidən olan Rafaelə yaxınlaşıb uşaqlardan xəlvəti bildirdi ki, vəziyyət hədsiz dərəcədə ağırdır. Siz o boşluqdan keçib düşmənin cinah tərəfini atəşə tutun ki, biz mühasirədən çıxa bilə.

Mənimlə Rafael ağacların arasıyla həmin istiqamətə getdik, ancaq orada da bir hissə açıq tala idi, oradan keçmək çox təhlükəli idi, hər yandan görünürdü. Rafaellə danışdım ki, biz o ərazini ilanvari gedişlə həddindən artıq çox sürətlə qaçıb keçməliyik ki, düşmən bizi vura bilməsin. Əks halda nə biz, nə də döyüş yoldaşlarımız mühasirədən çıxa bilməyəcəyik.

Biz həmin ərazini keçib düşmənin cinahını ardıcıl olaraq atəşə tutmağa başladıq. Ani olaraq ermənilərdə çaşqınlıq yarandı və həmin istiqamətdən bizə yönələn atəş dayandı…

Biz cinaha keçəndə ermənilər aşağıda çökək hissədə qalmışdılar. Rafaellə mən onları ardıcıl atəşə tutandan sonra mən “F-1” qumbarasını da onlara tərəf tulladım. Bizim atəşimizin təsiri oldu, ermənilərin aşağıdan hücum edən qüvvələri atəşi dayandırdılar. Bizimkilər bundan dərhal istifadə etdilər. Komandirlərimiz Qurban və Rəhman döyüşçüləri oradan çıxarmağa başladılar. Oradan çıxan vaxtı 2 şəhidimiz, 1 nəfər həddən artıq ağır yaralımız, 6-7 nəfər müxtəlif dərəcəli yaralılarımız var idi. Biz çıxanda hava artıq qaralırdı.

Komandirimiz Rəhman İsgəndərov həmin ərazidən çıxandan sonra biz də onların yanına gəldik. Rəhman bizi yığıb dedi ki, buradan təcili aşağı düşmək lazımdır. Hansı yolla gəlmişiksə o yolla da geri çəkilməliyik. Dərhal Hoçaz çayına enməliyik. Çünki düşmən qüvvələr ön hissədən, Mollalar və Sus istiqamətindən təpəyə yaxınlaşırdı.

IV HİSSƏ

“Daşıdığımız yaralı Hoçaz çayında keçindi”

Biz yaralıları götürüb çaya doğru istiqamət aldıq. Yolların bir hissəsi çox dar idi, bir yandan da qaranlıq. Yaralıları çətinliklə aparırdıq.

“Nasilka” da yox idi. Nərimanın rotasından olan bir əsgər çox ağır yaralı idi. BMP-2-nin atdığı mərmidən həmin əsgər çox ağır xəsarət almışdı. Hətta o qışqırırdı ki, məni burada qoyun, gedin. Çox kəskin ağrıları var idi o əsgərin. Təəssüflər olsun ki, onda üstümüzdə tibb çantası da yox idi. Qalan yaralılarsa uşaqların köməyindən istifadə etməklə bir təhər gedirdilər.

Biz Hoçaz çayına enəndə zülmət qaranlıq idi. Orada yarım saat dincəldik. Aclıq və susuzluq, yuxusuzluq bizi əldən salmışdı. Hava da soyuq idi, digər bir tərəfdən ərazinin özü də təhlükəli idi. O ərazidə bizim dinclik tapmağımız mümkün deyildi. Çaya enib doyunca su içdik. Çayda hardasa yarım saat yubandıq, bu müddət ərzində bizim apardığımız yaralı artıq keçinmişdi.

Təzədən şəhidlərimizi və yaralılarımızı götürüb Pircahan kəndi istiqamətində hərəkət etdik. Və Pircahana gəldik…

Hoçaz dağının alınması

“…Biz bütün gecəni yol gəldik. Hava işıqlananda gəlib Pircahana çatdıq. Həddindən artıq yorğun idik. Bir gün istirahətdən sonra Rəhman İsgəndərovun göstərişi əsasında biz Soyuqbulağa qalxdıq. Bizim batalyonun qalan hissəsi Soyuqbulaq tərəfdə idi. Onlar həmin istiqamətdə mövqelərini möhkəmləndirib düşmənə qarşı döyüşürdülər. Bir neçə gün Soyuqbulaqda, Mişni kəndində qalaraq Hoçaz dağı istiqamətində batalyonun digər qüvvələriylə yanaşı mövqelərimizin möhkəmləndirilməsində iştirak etdik.

Sonradan komandirimiz Rəhman bizə bildirdi ki, Hoçaz dağına yenidən hücum planı hazırlanıb. Bizə məlumat verildi ki, Hoçaz dağı kəşfiyyat olunub, dağa biz hücum etməliyik. Bizim hərbi hissənin ikinci və üçüncü rotaları, 701-in batalyonları, həmçinin Laçın polisinin bir hissəsinin ermənilərə Soyuqbulaq və Sonasar istiqamətindən hücum edəcəkləri planlaşdırılmışdı. Biz isə Laçın polisinin diigər qrupuyla Sonasarın sol tərəfilə Hoçaz dağının ən yüksək zirvəsinə qalxıb ermənilərin arxasından onlara zərbə endirməliydik. Rəhman gecə ilə hücum planının detallarını açıqlayıb döyüş hazırlığına başlamağı tapşırdı. Biz gecə ilə Sonasar kəndinə gəldik. Gecəni Sonasar kəndində qalıb sübh tezdən Hoçaz dağına doğru qalxmağa başladıq. Yağış yağdığından yer də sürüşkən idi. Biz Hoçaz dağına qalxdıq. Laçın polisi dağın sol cinahındakı cığırla düşərək “karyer” tərəfdən ermənilərə yaxınlaşmağa başladı. Biz isə Hoçaz dağının ən yüksək zirvəsindən ermənilərin xəbəri olmadan onları müşahidə etməklə tam nəzarət altına alıb növbəti əmri gözləyirdik.

“Çingiz Əliyev əməliyyata rəhbərlik edirdi”

Təqribən saat 1-2 arası olardı. Ermənilər bir yerə cəm olmağa başladılar. Bizə də əmr verilmişdi ki, birinci atəşi komandirimiz İsgəndərov Rəhmanla Əliyev Çingiz Hoçaz dağının ən yüksək zirvəsi olan “vışka”nın yanından açandan sonra döyüş başlamalı idi. Hoçaza hücum planını Rəhman İsgəndərovla Əliyev Çingiz hazırlamışdı.

Çingiz Əliyev o zaman mayor idi. Hoçaz dağına hücum əməliyyatına rəhbərliyi Çingiz Əliyev edirdi. Bizimlə birgə Çingiz Əliyev və İsgəndərov Rəhman da həmin dağın zirvəsinə qalxdılar. Ən yüksək zirvədə olan “vışka”nın yanından həm bizim, həm də ermənilərin mövqeyi çox aydın görünürdü. Rəhman İsgəndərov və Çingiz Əliyev ətrafı yaxşı müşahidə edib lazımi əmrləri verirdilər. Günorta saat təqribən 2 olardı. İlk olaraq artilleriya ilə düşmənin bir yerə cəm olduğu əraziyə zərbə endirildi. Zərbə çox sərrast alındı. Ermənilərin xeyli qüvvələri məhv edildi və palatkaları yanmağa başladı. Bundan sonra döyüş başladı. Ermənilərin səngərlərinin arxasında həm ərzaq, həm də silah-sursat anbarları var idi. Laçın polisinin açdığı atəş nəticəsində arxa hissədə böyük partlayış yarandı. Vahiməyə düşən ermənilər qaşmağa başladılar. Biz erməniləri arxa tərəfdən çox güclü atəşə tutduq, ön xətdən isə bizim batalyonun 2-ci və 3-cü rotalarıyla yanaşı 710, 711, 712 və 714-cü batalyon, həmçinin Laçın polisinin döyüşçüləri erməniləri güllə yağışı altında məhv edirdilər. Ermənilərin orada 4 tank, 1 BMP-ləri var idi. Bu texnikalardan ermənilər yalnız bir tankı işə salmağa macal tapa bildilər, qalanlarına imkan vermədik. İşə salınmış tank gah bizim, gah da 710-cu, 711-ci batalyonun mövqelərini mərmi atəşinə tutmuşdu. Sonradan bu tank da Hoçaz dağından Xənəzək istiqamətinə gedərək təpənin üstündə dayandıqdan sonra erməni ekipajı tankdan çıxıb çaya doğru qaçmağa başladı. Bununla da 3-4 saatlıq döyüşdən sonra ermənilər tam məğlubiyyətə uğradılar. Və biz Hoçaz dağını tam götürdük”.

“GERİ QAYIDAN POLİS MƏLUMAT VERDİ Kİ…”

Hoçaz dağını alandan sonra ermənilərin 4 tankı, 1 BMP-si, 1 zenit qurğusu, 1 minamyotu, xeyli sayda artilleriya və tank mərmisi, piyada qoşun hissələri üçün xeyli sayda silah-sursat və ərzaq ələ keçirildi. Ora silah-sursatla dolu idi. Arxada ermənilərin böyük silah-sursat anbarı var idi. Biri partlamışdı, digərisə dolu idi. Əsas partlayan mərmilər olan anbar oldu. Bir vaqon da ərzaqla dolu idi. Hoçaz əməliyyatı son dövr hərb tariximizin ən şanlı səhifələrindən biri və bəlkə də birincisidir. Belə bir strateji yüksəklik qısa zaman çərçivəsində alınaraq üstəlik ermənilərin o qədər texnikası və silah-sursatı ələ keçirilmişdi…

Bir gündən sonra komandirimiz Rəhman mənə dedi ki, hazırlaş, Rafaellə bir yerdə kəşfiyyata gedirik. Biz də müəyyən hazırlıqlar gördük. Səhər saatları olardı. Rafael, mən, komandirimiz Rəhman və Laçın polisindən 4-5 nəfər bizə qoşularaq Hoçaz dağından “karyer” istiqamətinə doğru hərəkətə başladıq. “Karyer”in yanından keçib irəliləyə doğru Sus istiqamətinə səmt götürdük. Gəlib 1666-cı koordinatın qarşısında xırda bir təpənin qabağında ağacsız, çılpaq bir yerdə dayanıb müşahidə apardıq. Bu zaman Laçın polisindən bir nəfər ayrılaraq Mollalar istiqamətində hardasa 100-150 metr qabağa getmişdi ki, birdən sürətli yerişlə geri qayıtdı. Məlumat verdi ki, Mollalar kəndinin içində xeyli erməni texnikası var. Müxtəlif maşınlar və zirehli texnika ora cəmləşib. Biz də Rəhman İsgəndərovun ətrafına yığışmışdıq. 2 nəfər polislərdən olan döyüşçü bizdən bir az kənarda durmuşdu”…

“KAZARYANIN ÜSTÜNDƏKİ XƏRİTƏDƏ ŞAMKƏND-QORÇU İSTİQAMƏTİNDƏN KƏLBƏCƏRƏ HÜCUM PLANI CIZILMIŞDI”

“Rəhman İsgəndərov atacağımız növbəti taktiki addımlarla bağlı danışmaq istəyirdi ki, bu vaxt kənardan maşın səsi eşitdik. Dönüb baxanda gördük ki, Mollalar tərəfdən bir UAZ sürətlə bizə tərəf yaxınlaşır. Bu, çox ani baş verdi. Komandirimiz Rəhman maşının ələ keçirilməsilə bağlı göstəriş vermək istəyirdi ki, bu zaman bizdən kənarda duran polislərdən biri əlindəki pulemyotu ermənilərə tərəf çevirib 10-15 metrlik məsafədən şiddətli atəşə tutdu. Əvvəlcə UAZ dayandı, sonra bir az geri gedib böyrü üstə aşdı. Sonra Laçın polisindən olan döyüşçülər cəld maşına yaxınlaşıb içəridəki hərbçilərin silahlarını onların üstündən çıxardılar. Maşının içindən gizli xəritə ilə yanaşı hərbçilərə məxsus sənədlər də götürüldü. Götürülmüş sənədlərin birində öldürülənərin arasında olan polkovnik Kazaryana məxsusluğu qeyd edilən hərbi bilet də var idi. Onun üsütndən çıxarılan siyahıda 210 nəfərlik şəxsi heyəti olan batalyonu döyüş bölgəsinə, yəni Hoçaz dağına gətirirmiş. Kazaryan “Arşakski” rayonundan 210 nəfər döyüşçü yığaraq Hoçaz dağına köməyə gəlirmiş. Siyahı da həmin siyahı idi. UAZ maşınında sürücüylə bərabər 4 yüksək rütbəli erməni zabiti də gəbərdildi.

Kazaryanın üstündən götürülən xəritədə Şamkənd-Qorçu istiqamətindən ox işarəsilə göstərilmişdi ki, ermənilər Kəlbəcərə hücum etməliydilər. Yəni, göründüyü kimi, Kəlbəcərin götürülməsilə bağlı əvvəlcədən plan cızılmışdı. Biz həmin sənədləri götürəndə Mollalar tərəfindən texnika səsi gəldi. Baxanda gördük ki, 1 Zil-131 və onun dalınca 1 BMP-2 bizə tərəf gəlir. Komandirimiz Rəhman İsgəndərov əmr verdi ki, tez geri çəkilməliyik. Çünki 7-8 nəfərlə çoxlu düşmən qüvvəsiylə vuruşmaq lüzumsuz idi. Biz təcili olaraq oradan “karyer” istiqamətinə sürətlə hərəkət edərək geriyə Hoçaz dağına doğru çəkildik. Biz “karyer”ə yaxınlaşanda gördük ki, ermənilər həmin 1666 koordinatın qarşısından kortəbii surətdə hara gəldi atəş açırdılar. Onlar komandirlərinin öldürüldüyünü görüb bir çaşqınlıq içinə düşmüşdülər. Hərəkətlərindən də bu, apaydın görünürdü. Biz isə təzədən Hoçaz dağına gəlib məlumat verdik ki, ermənilərin o ətrafda canlı qüvvəsi və texnikası var. Müşahidə etdik ki, ermənilər Hoçaz dağı istiqamətində 1666 koordinatının aşağı və arxa hissəsiylə geriyə qayıdıb Laçın istiqamətində çıxıb getdilər”…

“HOÇAZ DAĞINA 6-7 NƏFƏR QALXMIŞDIQ, QALAN QÜVVƏLƏRİN HARADA MÖVQE TUTMASINDAN XƏBƏRSİZ İDİK”

“Polkovnik Kazaryanın da daxil olduğu dəstəni məhv edəndən sonra biz Hoçaz dağına qayıtdıq. Ermənilərsə zabitlərinin meyidlərini götürüb çıxıb getdilər. Biz Hoçaz dağına gələndən sonra 701-in batalyonlarını müxtəlif koordinatlar üzrə müdafiə mövqelərinə yerləşdirdilər. Eyni zamanda da bizim 713-də bölgülər getdi. Həmin vaxtı bizim komandirimiz olan Rəhman İsgəndərov Süleyman Əhmədovla Mehdi Rüstəmov şəhid olduqlarına görə batalyonun komandiri vəzifəsində idi. Bizi 30 nəfərlik bir dəstə olaraq Hoçaz dağının qarşısında olan “karyer” deyilən yerdə müdafiə mövqeyində yerləşdirdilər. “Karyer” bir-birilə üz-üzə olan iki təpədən ibarət idi. İki təpənin arasından da maşın yolu keçirdi. O maşın yolu Hoçaz dağından gəlib Sus və Mollalar istiqamətinə gedir, Laçına doğru. Biz orada bir neçə gün qaldıq.

ERMƏNİLƏRİN BİRİNCİ HÜCUMU

Mən Ağdərədə “kontuziya” almışdım, azacıq xarici təsir dərhal qulağıma təsir edir, bərk ağrılar olurdu. Oktyabrın 9-da də belə oldu. Mən silahımı götürüb təpədən aşağı düşdüm. Saat 12-1 arası olardı. Aşağı hissədə əl damı kimi bir yer var idi. Gedib aşağıda su içmək istəyirdim ki, gördüm ki, təpənin başından uşaqlardan biri dedi ki, o tərəfdən tank gəlir və başladı tankları saymağa. Mən elə bildim ki, bu zarafat edir. Heç bunun da Yaşar olmasını bilmirdim. Onun yanında bir nəfər də var idi. Mən su axtaranda birdən qranatamyot səsi eşitdim. Bir də gördüm bu deyir ki, vay vurdum, vurdum. Tankın birini vurdum deyən kimi onun yanına mərmi düşdü. Uşaqlardan 3-4 nəfər bir yerə toplaşdıq. Qərara gəldik ki, bir az geri çəkilib Hoçaz dağında mövqelərimizi möhkəmləndirək. “Karyer” lə Hoçaz dağının arası təqribən 300 metr məsafə olar. Hoçaz dağı da “karyer” tərəfdən sal qayalıq idi. Biz yolla qaçaraq geri çəkiləndə gördüm ki, Mişnidən olan Ehtiram yerə oturdu. Dedim ki, sən niyə oturmusan? Dedi ki, ayağımın biri tutulubdu. Ona kömək elədim, bir az getmişdik ki, Ehtiram ikinci ayağının da tutulduğunu dedi. Uşaqları səslədim. Bir nəfər gəlib mənə kömək elədi. Biz ən axıra qalmışdıq. Aradabir dincəlirdik. Hoçaza doğru qalxdıqca özüm də hiss elədim ki, artıq mənim də əzələlərim çox gərilibdi. Dağa çatanda Ehtirama dedim ki, ayaqlarını ovuşdur ki, qıcolma açılsın. Uşaqların yanına gəldim. Sahiblə Asəf də orada idi. Dedik ki, qalxaq dağın zirvəsinə. Dağın altından ora təqribən 150 metr məsafə olardı. “Vışka” deyilən yer həmin tərəfdən çox sərt qayalıq idi. Sahib, mən, Asəf qranatamyotu da götürüb yuxarı dırmaşmağa başladıq. Arxamızca “Malış” dediyimiz Asif və daha 2-3 nəfər də dırmaşırdı. Biz yuxarı çıxanda gördük ki, erməninin bir tankı gəlir, dalısınca da 1 BMP. Tank az qalırdı ki, Hoçaz dağının arxasına keçsin, hardasa 50-60 metr məsafə qalmışdı. Tez qranatamyotu götürüb atəş açdım. Ancaq mərmi tanka çatanda qövsvari uçub kənara gedirdi. Asəf də atdı, eyni hal təkrar olundu. Biz qranatamyotçu deyildik, bunun nədənini də bilmirdik. Qışqırdım ki, bu it oğlunu gülləbaran edin ki, burada adam olduğunu bilsin. Birinci dəfə idi ki, əlimə qranatamyot götürürdüm. Uşaqlar o istiqaməti gülləbaran edəndə mən yenidən qranatamyotdan atəş açdım. Günəş də üfüqdə idi. Tankın olduğu yerə kölgə düşürdü. Atəş açandan sonra bunun hədəfə dəyib dəyməməsini bilmədim. Ancaq gördüm ki, tank ani olaraq dayandı. Sonra həmin tank sürətlə geri getməyə başladı. Arxada olan BMP ilə onun arası 3-4 metr olardı. Qəfil yerində fırlananda tank BMP-yə çırpıldı. Və “xır-xır” səsləri eşidilirdi. BMP bir az qabağa gəldi və bu anda onun sepi açıldı. Sep qırılmışdı. Ermənilər düşüb qaçmağa başladılar. “Karyer” tərəfdən də bir tank gəlirdi. Onlar tanka çatanda tank da geri döndü və bunlar qaçıb getdilər. Həmin döyüşdə ermənilərin piyada hissələrini ümumiyyətlə görmədik. Texnikalar qayıdandan sonra biz də şadyanalıq edirdik. Sonra mən rabitə əlaqəsinə girib məlumat verdim ki, biz erməniləri geri oturtduq, 1 tank və 1 BMP-ni qoyub qaçıblar. Sözümü demişdim ki, yenidən rabitə əlaqəsi kəsildi. Təzədən rabitə əlaqəsinə girib bildirdim ki, tankistlər gəlib texnikanı çıxarsınlar.

Mən məlumat verəndən sonra təqribən bir saat keçmişdi. Gördük ki, tanklar olan yerdən səslər gəlir. Başa düşdük ki, özümüzkülər gəlib tankı çıxarırlar, ancaq BMP-1-in sepi çıxdığından orada qaldı…

Ermənilər “karyer”ə hücum edən günü biz təqribən 12-14 nəfər olardıq. Dağasa 6-7 nəfər qalxa bildik. Dağa qalxanlar sırasında mən, Asif, Sahib, Hətəmlər Asəf, Mişnidən olan Vasif və başqaları var idi.

Səhərisi gün Həsənquliyev Vüqar, İsmət və Seyfulla qardaşları, “komissionnıy” kimi çağırdığımız göyçaylı Rafael, balaxanılı Arif, Xasıyev Mahmud, Alməmmədov Füzuli, Mişnidən Polad, Əhmədov Elburus, bir də Fuad gəldilər…

ERMƏNİLƏRİN HOÇAZ DAĞINA İKİNCİ HÜCUMU

Ayın 9-da ermənilərin birinci hücumunu dəf edəndən sonra ermənilər bir tank, 1 BMP və bir erməni zabitinin meyidini döyüş meydanında qoyub qaçdılar. Oktyabrın 10-u səhər saatları olardı. Bizə bir mərmi yeşiyi göndərilmişdi. Elə bildik ki, bizə mərmi göndəriblər. Qapağı açanda gözlərimizə inanmadıq. İçində çoxlu sayda ərzaq ehtiyatı var idi. Ac adam olasan, sənə belə bir yeşik göndərələr! Biz fikirləşdik ki, yəqin ermənini geri oturtduğumuza görə bizi ərzaqla mükafatlandırıblar. Bir az zarafatlaşdıq, həmin gün batalyondan bir qisim uşaqlar qayıdıb gəldilər. Təqribən 17-18 nəfər yığılmışdı.

Oktyabrın 10-u idi. Hoçaz dağının aşağısından keçən yolda xırda bir təpə var idi, hansı ki, oradan dağın arxasına gedən yol keçirdi. Həmin günü müdafiənin möhkəmləndirilməsi məqsədilə ora Oqtay Güləliyevin rəhbərliyilə bir qrup Laçın polisi yerləşdirildi. Biz dağın başında idik. Eyni zamanda bizim yanımıza da kömək məqsədilə hardasa bir 10 nəfərlik təzə gəlmiş əsgər heyəti göndərilmişdi. 10 nəfərdən ibarət olan Mingəçevir batalyonundan olan həmin uşaqlar təzə əsgər olduqlarına görə güllə onları tutmasın deyə tapşırdıq ki, heç yana çıxmayın, hərəkət etməyin, ancaq bizim döyüşçülərin maqazinlərini doldurmaq və sursat daşımaqda köməklik edin”.

z dağın başında 2 qrupa bölündük. Bir qrup Hoçaz dağının “”vışka”sından aşağıda böyük qaya daşı var idi, onun yanında müdafiə mövqeyi tutdu. İkinci qrup isə bizdən hardasa 20-30 metr aşağıda qaya daşları və ağaclıqlar olan hissədə mövqe tutdular. Beləcə biz düşməni daha yaxşı izləmək və görmək üçün iki qrupa bölündük. Həm də dağa xeyli silah sursat daşıyıb gətirdik. Eyni zamanda özümüzün ərzaq təchizatımızı yaxşılaşdırdıq. Günortaya yaxın idi. Bir də onda gördük ki, ermənilər bizdən təqribən 1,5 kim aralıda olan 1666-cı koordinatda səngər qazırlar. Ağaclıq olan hissədə də bir palatka qururdular. Mən bununla bağlı arxa komandanlığa məlumat verdim. Onlar da koordinatı müəyyən edib, mənə dedilər ki, “həmin ərazi artilleriya ilə vurulacaq. Sən o ərazini müşahidə elə, koordinatın dəqiq vurulmasıyla bağlı bizə məlumat ver”. Artilleriya bir az keçməmiş həmin əraziyə iki atəş açdı. Bundan sonra ermənilər qaçıb təpələrin arxasına keçdilər. Hardasa bir necə saatdan sonra ermənilər həmin palatkanı sökərək təpələrin arxasında bizim görmədiyimiz əraziyə keçdilər. Həmin günü əlavə ciddi bir şey olmadı. Hər iki tərəf mövqelərini möhkəmləndirməklə məşğul idi…

Ayın 11-i səhər saatları idi. Bir az çay qaynadıb içdik. Saat 9 olardı. Erməni tərəfini mən tez-tez müşahidə edirdim. Bir də gördüm ki, 1666-cı koordinatdan ermənilərin texnikaları çıxıb yol boyu Hoçaz istiqamətində hərəkətə başladı. Dərhal komandanlığa və bizim sağ cinahımızda yerləşən qüvvələrə xəbərdarlıq elədim ki, “mən Zoğal-2-yəm, ermənilər Laçın istiqamətindən bizə doğru hücuma keçiblər”. Məlumatı verəndən sonra uşaqlara da bildirdim ki, hazırlaşın, donuzlar gəlir. Hər iki qrupumuz döyüş mövqelərini tutub, silahlarımızı, ehtiyat patronlarımızı, sursatımızı yoxladıq. Ermənilərin texnika və canlı qüvvələri irəliləyərək “karyer” deyilən əraziyə cəmləşirdi. Az keçmədi ki, erməni texnikası bizə atəş açmağa başladı. Biz AQS silahını işə salaraq “karyer” də olan erməni qüvvələrini güclü atəşə tutduq. Hoçaz dağında yerləşən bizim hər iki qrupumuz ermənilərin həm texnikasını, həm də canlı qüvvəsini güclü atəş altında saxladıq. Döyüş hava qaralana qədər davam etdi. Hava qaralandan sonra ermənilər öz mövqelərinə çəkildilər.

Sonradan bizə məlum oldu ki, dağın sağ cinahında artilleriyanın Xoznavar istiqamətindəki atəşi nəticəsində Laçın polisindən Oqtay Güləliyev şəhid olub və bir neçə nəfər də yaralanıb. Dağın başında olan bizim iki qrupdan Elburus Əhmədov istisna olmaqla heç kimə heç nə olmamışdı. O. güllə yarası aldığına görə aktiv zonadan uzaqlaşdırıldı.

Ancaq erməni tərəfindən ölənlər çox idi. Həmin vaxtı arxadan döyüş ərazisinə gəlib gedən maşınlar çox güman ki, o yaralıları və ölənləri daşıyırdı.

“ARTİLLERİYA ZƏRBƏMİZDƏN SONRA XOZNAVARLA XƏNƏZƏK ZÜLMƏTƏ QƏRQ OLDU”

701 saylı hərbi hissənin komandirinin göstərişilə 1992-ci ilin oktyabrın 12-13-ü tarixlərində Hoçaz dağının Laçın istiqamətinə baxan tərəfinin sağ hissəsində yolun qırağında yerləşən təpənin üstündə 30 nəfərə yaxın döyüşçü səngər qazaraq həmin yerdə müdafiə mövqeyi tutdu…

O gecə sakit keçdi. Səhəri gün yenə erməniləri müşahidə etdik. Gördük ki, ermənilər yenə də dayandıqları mövqedə səngər qazırlar. Ancaq ermənilərin Xoznavar istiqamətində olan artilleriyasının dəqiq koordinatlarını müəyyənləşdirmək üçün müşahidələr aparırdım. Xoznavarın arxa hissəsindən bir maşının hərəkət etdiyini gördüm. Gördüm ki, maşın dayandı, diqqətlə baxanda ermənilərin həmin ərazidə toplaşdığını gördüm. Snayperin binoklu ilə baxanda gördüm ki, həmin yerdə yolun qırağında ermənilərin bir topu dayanıb. Bizdən arxada yerləşən artilleriya batareyasına koordinatları verdim. Həmin koordinata bir mərmi atdılar. Mərmi topdan təqribən 250 metr aralı taxıllığa düşdü, taxıl zəmisi yanmağa başladı.

O taxıl zəmisində ermənilərin bir kombaynı işləyirdi. Yanğını görən erməni qaçmağa başladı. Mən bir daha düzgün “kardirovka”nı arxadakı qüvvələrə dedim. Başa saldım ki, 50 metr sola götürməklə 250 metr qabağa növbəti atəş. Növbəti iki atəş açıldı. Mərminin biri düz topun yanına düşdü. Ermənilərin qaçmasını gördüm, Binokl olmadığına görə tam dəqiqliyilə görə bilmirdim. Qalan bütün günü sakit keçdi.

Hoçaz dağı elə idi ki, hər tərəf aydın görünürdü. Həmin günün axşamı bir də gördüm ki, Xoznavar tərəfdən nə isə cərgə ilə işıq gəlir. Başa düşdüm ki, bu, maşın kalonudur. Hiss olunurdu ki, Ermənistan tərəfdən 10-dan çox maşın cərgə ilə Xoznavar tərəfə gəlir. Mən bununla bağlı komandanlığa məlumat verdim. Axşam saat 9-10 arası olardı, xəbər verdim ki, Xoznavar istiqamətdən böyük maşın kalonu irəliləməkdədir. Komandanlıqdan mənə göstəriş verildi ki, o koordinatı diqqətlə izlə, ora artilleriya zərbəsi olacaq.

Üstündən bir neçə dəqiqə keçmişdi ki, artilleriya qüvvələrimiz Xoznavar istiqamətində bir mərmi atdılar, mərmi kəndin aşağı hissəsinə düşdü. Mən “kardirovka” verdim ki, məsafəni hardasa 700 metr qabağa, 150 metr sağa çəksinlər. Növbəti mərmi atəşı oldu. Mərmilərdən biri kəndin transfarmatoruna dəydi, möhkəm partlayış oldu. İkinci mərmi kalon gələn istiqamətə düşdü. Bu zaman ermənilər bütün işıqları söndürdülər, hər yan zülmət qaranlıq idi – kəndin və maşınların işıqları sönmüşdüi. Artıq “kardirovka” vermək də mümkünsüz hala düşdü. Mən özüm də heç nə görmədim. Xənəzəklə Xoznavar kəndi o atəşdən sonra zülmətə büründü”

EMƏNİLƏRİN HOÇAZ DAĞINA ÜÇÜNCÜ HÜCUMU

Ayın 16-da Hoçaz dağının başında mövqedə dayanan bizim uşaqlardan 8 nəfəri aşağı Mişni kəndinə düşdü ki, heç olmasa az da olsa təmizlik işlərinə baxsınlar. Çünki artıq bizi bit basmışdı, bədənimiz bütün bitin içində idi. qaşınmaqdan cana doymuşduq. Həmin uşaqlar təmizlənib gələndən sonra biz yeddi nəfər də ayın 17-də səhər-səhər Mişniyə yollandıq. Paltarlarımızı yaxşıca qaynatdıq. Bitlər yaxşıca bişib üzə çıxdılar. Özümüz də növbəylə yuyunurduq. Saat təqribən günortaya yaxın olardı. Bir də gördük ki, Hoçaz dağının başında 4 vertalyot fırlanır. Vertalyotlardan biri Hoçaz qayasının başında sağa sola fırlandı, qalanlarsa düz istiqamət götürüb dağın başından Laçın istiqamətinə getdilər. Bir az keçmişdi ki, oradan partlayış səsi eşidildi. Biz nələrin baş verdiyini tam anlamadıq, elə bildik ki, artıq uşaqları qırıblar.

Tez paltarlarımızı götürüb Mişni kəndindən Hoçaz dağının başına doğru yüyürməyə başladıq. Ancaq vertalyotlar Hoçaz dağında heç bir atəş açmadılar. Biz Soyuqbulağın aşağı hissəsindən Hoçaza doğru hərəkət edirdik. Bizi dağa çatanda artıq döyüş gedirdi, artilleriya bizi hər tərəfdən atəşə tutmuşdu. Biz sürətlə gedib axır ki, Hoçaz dağının başına çatdıq. Ora biz çatanda uşaqları görüb bir az sevindik ki, düşmən gülləsi onlardan yan keçib. Orda uşaqlar bizə dedilər ki, ermənilər bir dəfə texnika ilə gəlib bizim sağ cinahımıza doğru hərəkət elədilər, orada ermənidən qalan BMP-1-i tank vurub yandırmışdı. Uşaqların deməsinə görə orada 1, yoxsa 2 nəfər Sumqayıt uşaqlarından da olub. Onlar da Şəhid oldular. Ermənilər “karyer” tərəfdən bizi güclü atəşə tutmuşdular. Eynilə biz də onları.

Erməni texnikasıyla bizim aramızdakı hava məsafəsi 600-700 metr olardı. Bu da qranatamyot üçün əlverişli deyildi. Ermənilər yarım saatdan çox ağır artilleriyadan, texnikalardan bizi mərmi atəşinə tutdular. Sonra ermənilərin piyadaları bizim sağ tərəfimizdəki dağın alt hissəsində olan 701-in qüvvələrinin mövqelərini həm minamyotdan, həm də atıcı silahlardan atəşə tutmuşdular. Güclü mərmi yağışı və gülləbarandan sonra həmin ərazidə olan qüvvələrimiz geri çəkilmək məcburiyyətində qaldılar. Texnika bizi hər tərəfdən mərmi atəşinə tutmuşdu. Bu vaxt erməni piyadaları bizim geri çəkilən qüvvələrin mövqelərinə doğru irəlilədikcə biz də atıcı silahlarla onları durdurmağa çalışırdıq. Ermənilər güllələrdən yayına-yayına bizim sağ cinahımızdakı səngər qazılan təpəyə qədər gəlib çıxdılar. O təpələrdən ermənilər bizim arxa hissəmizdəki mövqeləri atəşə tutmağa başladılar. Biz də bütün qüvvələri toplayıb onları atəşə tutmuşduq. Eyni zamanda bizim Hoçazın qabaq hissəsindən, çökəklik və təpələrdən, bizim arxa hissəmizdə yerləşən qüvvələrimiz də erməniləri güclü atəşə tutduqlarından ermənilərin piyadaları o ərazidən geri çəkilmək məcburiyyətində qaldı. Döyüş hava qaralana qədər davam etdi. Qaranlıq düşəndə düşmən texnikasını da götürüb geriyə öz mövqelərinə qayıtdılar.

Bu, bizim ermənilərlə ayın 17-də olan ÜÇÜNCÜ DÖYÜŞümüz idi” (

“ERMƏNİLƏRİN DÖRDÜNCÜ HÜCUMLARINDA ONLARA CƏHƏNNƏMİ YAŞATDIQ”

“RƏHMAN İSGƏNDƏROVUN GÖSTƏRİŞİYLƏ TANKİSTLƏRƏ BİLDİRDİK Kİ…”

“…Ayın 11-də ermənilərin növbəti hücumu oldu. Bu artıq onlar tərəfindən edilən ÜÇÜNCÜ HÜCUM idi. Biz o hücumu dəf edəndən sonra emənilər çəkilib getdilər. Dağda bizim batalyondan 15 nəfər qalmışdı. Əlavə olaraq 10 nəfər də Mingəçevir batalyonundan gənc əsgərlər var idi. Ondan sonrakı günlərdə biz növbə ilə iki qrup halında dağın müdafiəsiylə məşğul idik.
Bu dövr ərzində belə növbəlilik prinsipiylə müdafiədə dayanmışdıq. Bzim sağ cinahımızda səngərlər qazılmışdı. Laçın polisi orada şəhid verəndən sonra həmin yerdə müdafiəyə qüvvə qoyulmadı. Çünki ora təhlükəli idi. Artilleriya hər an Xoznavar tərəfdən o koordinatı görüb atəş açırdı. Ona görə də bizimkilərdən o əraziyə qüvvə qoyulmadı…
Təqribən ayın 15-i, 16-sı olardı. Batalyonun komandiri Rəhman İsgəndərovun göstərişiylə mən Sahiblə bir yerdə Hoçaz dağından düşərək aşağıda tankistlərin yanına getdik. Tankistlərin komandiri Xəyyam idi. Xəyyamla görüşüb söhbətləşdik. Ona bildirdik ki, müdafiəmizi gücləndirmək üçün Hoçaz dağına heç olmasa bir tank qaldırılmalıdır. Xəyyam da bizə öz razılığını bildirdi. Texniki baxımdan ən yaxşı vəziyyətdə olan tankı ekipajıyla bir yerdə hazırlıq vəziyyətinə gətirməyə başladı. Sonra biz Mişniyə getdik. Orada bir neçə saat qaldıq. Biz kənddən qayıdıb gələndə tank döyüşə tam hazır vəziyyətdə idi. Hava artıq qaralırdı. Biz tankistlərə hansı istiqamətdən Hoçaz dağına yaxınlaşması üçün müəyyən məlumatlar verdik. Düşmən bizim tankı görməsin deyə havanın qaralmasını gözləmişdilər. Dediyim kimi biz döyüş zamanı iki qrup halında idik. Bu iki qrupun tutduğu mövqe arasında çökək bir yer var idi. Biz də Xəyyama bildirdik ki, tankı həmin çökək yerə gətirsinlər. Həmin çökək yerdən dağın alt hissəsiylə gedən yola nəzarət etmək tam mümkün idi. Eyni zamanda o ərazi həm tankın lazımi atəşi açması və tankın özünün təhlükəsizliyi üçün də çox münasib yer idi.
Bu minvalla bir neçə gün keçdi. Növbəlilik prinsipiylə həm təmizlik işlərimizi görür, həm də müdafiəmizdə ayıq-sayıqlığımızı itirmirdik”…

DÖRDÜNCÜ DÖYÜŞ

“Ayın 19-u idi. Həmişəki kimi tezdən durub, ocağımızı qaladıq. Ocağı qalayandan sonra top gilizindən hazırlanan qəfədanımızda çayımızı qaynadırdıq. Bu gün eyni rejimlə hamımız ocağın ətrafına toplaşmışdıq. Həmin 10 nəfər gənc əsgərlər də bizimlə idilər. Elə bu zaman Tığik istiqamətindən artilleriya səsi gəldi. Gördük ki, mərmi bizim istiqamətə gəlir. Dərhal dağılışdıq. Həmin mərmi düz bizim ocağın yanına gəlib düşdü, ancaq xoşbəxtlikdən partlamadı.Bir az keçmişdi ki, qrad qurğusundan da bizə tərəf atəş açıldı. Qradın mərmisi dağın üstündən uçaraq Xənəzək istiqamətinə getdi. Bunun ardınca üçüncü mərmi atıldı. Həmin mərmi bizdən 30-40 metr aşağıda ağacların üstünə düşüb partladı. Sonra nisbətən ortaya sakitlik çökdü…
Ətrafa göz gəzdirdik. Gördük ki, Laçın istiqamətindən 1666 koordinatından erməni texnikası və canlı qüvvəsi bizə tərəf gəlir. Biz ratsiya ilə əlaqəyə girib komandanlığı xəbərdar etdik. Eyni zamanda bizi Tığik istiqamətindən artilleriya atəşinə tuturlar. Bir az keçəndən sonra ermənilər öz texnikalarını “karyer” tərəfə cəmləşdirdilər. Həmişəki kimi yenə 4 tank, 1 BMP ilə hücuma gəlmişdilər, canlı qüvvənin sayını müəyyənləşdirə bilmədik”.

“HƏYƏCANLA O ANI GÖZLƏYİRDİK VƏ O AN GƏLDİ

“Düşmən tərəfi “karyer” tərəfə cəmləşdikcə bizi Xoznavar istiqamətindən də güclü artilleriya atəşinə tutmağa başladılar. Artilleriya hər tərəfi vururdu. Bir az keçmişdi ki, “karyer”dən ermənilərin bir tankı sürətlə bizim aşağıda səngər qazılan istiqamətə hərəkət etməyə başladı. İkinci tank isə bizim müdafiə mövqelərimizi atəşə tutmağa başladı. Bizsə hələ də müşahidə edir, heç bir atəş açmırdıq. Onların yaxınlaşmasını gözləyirdik. Həm də tankımıza arxayın idik. İstənilən halda bizə kömək edə biləcək.
Ermənilərin birinci tankı bizim aşağıdakı səngərlərə 60-70 metr qalmış müəyyən nöqtə var idi ki, bizim tank onu vura bilərdi. Biz də həyəcanla o anı gözləyirdik. Elə də oldu. Erməni tankı həmin nöqtəyə çatanda bizim tank bir neçə atəş açandan sonra mərmilərdən biri erməni tankına dəydi. Mən həmin vaxtı qranatamyotu götürüb hazır vəziyyətdə dayandım ki, əgər bizim tank erməni tankını vura bilməsə onda mən qranatamyotdan atəş açım. Bizim tank onu vuran kimi möhkəm partlayış qopdu. O tankın ekipajı çıxıb qaçmaq istəyəndə mən qranatamyotla onlar tərəfə atəş açdım. Atəş açılan kimi 3 nəfər yerə sərildi. Bu vaxt tankın içində möhkəm partlayış yarandı. Tankın bir hissəsi havaya uçaraq həmin meyidlərdən birinin üstünə düşdü”.

“TIĞİK İSTİQAMƏTİYLƏ ƏLAQƏYƏ GİRMƏYƏ ÇALIŞSAM DA, CAVAB VERƏN OLMADI”

“Döyüş fasiləsiz olaraq qızğın xarakter almaqda idi. Tığik istiqamətindən atan qrad demək olar ki, hər tərəfi vururdu. Erməninin tankı vurulandan sonra əhval-ruhiyyəmiz yüksəldi. Ancaq buna baxmayaraq bizi sol tərəfdən də güclü artilleriya atəşinə tutmuşdular. Mən bununla bağlı rabitə əlaqəsinə girib komandanlığa məlumat verdim. Eyni zamanda məlumat verdim ki, Tığik istiqamətində olan düşmən mövqelərini atəşə tutun ki, onlar bizim tərəfə atəş aça bilməsinlər. Anca Tığik istiqamətindən bizə cavab verən olmadı.
Həddindən artıq ağır bir döyüş gedirdi. İkinci tank bizdən aşağıda duran qüvvələrin mövqelərini güclü atəşə tutdu. Həmin atəş nəticəsində Xasıyev Mahmud ağır xəsarət aldı və bizim aşağıda olan uşaqlarımız Mahmudu döyüş mövqeyindən uzaqlaşdırmağa başladılar”.

“ERMƏNİ TANKI DAHA DA İRƏLİ ŞIĞIDI, MƏN ATƏŞ AÇDIM…”

“İkinci tank bizim aşağıdakı mövqeni vurandan sonra daha da sürətli şəkildə hücuma keçdi. O da birinci tankın getdiyi yolla hərəkət edirdi. Həmin tank birinci tankın vurulduğu yerə yaxınlaşanda o zaman bizim tank döyüş mövqeyindən çıxdı ki, ona atəş açsın. Ancaq erməni tankı daha tez atəş açıb bizim tankı vurdu. Bizim aşağıda yerləşən ikinci qrupumuz cəld tərpənərək tankistlərə kömək edib onları oradan çıxarmağa başladılar. Erməni tankı daha da irəli şığıyırdı. O tank birinci vurulan tankın yanına çatanda mən qranatamyotla ona atəş açdım. Birinci mərmi tankın lükünün sağ tərəfindən dəydi. Tanksa dayanmadı. İrəli gəlib meyidlərə yaxınlaşanda ikinci mərmini atdım. İkinci mərmi tankın arxa hissəsinə dəydi. Bu vaxt tankın arxa hissəsindən alov çıxdı və başladı yanmağa. Tank əvvəlcə dayandı, sonra fırlanıb geri döndü. Hardasa 10-15 metr geri getmişdi ki, tank dayandı və söndü, səsi kəsildi. Ekipaj çıxıb qaçmaq istəyəndə bizim qüvvələrimiz onları atəşə tutub məhv etdilər. Döyüş səngimək bilmirdi. Ermənilər daha çox iriçaplı silahlardan istifadə edirdilər.
Bu müddət ərzində həm Tığik, həm də Xoznavar istiqamətindən minamyot, top və qrad bizi aramsız olaraq atəşə tuturdu”.

“”MALIŞ” MƏNƏ YAXINLAŞIB TAQƏTSİZ HALDA BƏRK ACDIĞINI DEMİŞDİ Kİ..”

Günortadan sonra olardı. Saat təqribən 5-6 radələri idi. Bu vaxtı “Malış” dediyimiz Asif mənə yaxınlaşıb taqətsiz hala bərk acdığını dedi. Mən dedim ki, Asif, nə yemək yadıma düşür, nə də heç yeməyə halım yoxdur, heç yeməyin harada olmasını da bilmirəm. Və dönüb ermənilərə atəş açmağa başladım. Elə bu vaxt uşaqlardan kimsə səsləndi ki, Asifi vurdular. Başımı döndərəndə gördüm ki, Asif hərəkətsiz uzanıb, başı da qanın içindədir. Döyüş yoldaşlarım tez onu döyüş mövqeyindən götürüb uzaqlaşdırdılar. Döyüş hava qaralana qədər davam etdi”.

“QAYADAŞINA DƏYƏN MƏRMİ ZƏRBƏSİNDƏN ÜZÜMÜ ALOV BÜRÜDÜ, ARXASI ÜSTƏ YERƏ YIXILDIM”

“Qaranlıq çökürdü ki, ermənilərin üçüncü tankı vurulan ikinci tanka yaxınlaşmağa başladı. Bu vaxt mən qranatamyotu təzədən döyüş vəziyyətinə gətirib qayadaşının üstündən həmin istiqamətə atəş açdım. Mərmi tanka az qalmış havada partladı. Elə bu vaxtı söykəndiyim qaya daşına mərmi dəydi. Alov üzümü bürüdü, hər şey ani olduğundan nə baş verdiyini də anlamadım. İkinci dəfə yenə belə bir atəş oldu. Bu zaman mərminin dalğası məni arxası üstə yerə yıxdı. Qranatamyot əlimdən kənara düşdü. Bir az keçəndən sonra qalxıb oturdum. Əlimi üzümə vuranda elə bildim ki, əlim yanır. Gözümü açıb ətrafa baxmaq istədim, gördüm ki, hər yan qırmızıdır. Əlimi yerə sürtə-sürtə qranatamyotu tapıb təzədən atəşə hazır vəziyyətə gətirdim. Yenə erməni tankı istiqamətinə daha bir atəş açdım. Bundan əvvəl hiss etdim ki, erməninin tankını o biri tank qoşub dartmaq istəyir. Daha bir atəş açdım və bundan sonra gördüm ki, həmin tank geriyə doğru səmt götürüb Laçın istiqmətində getdi…
Artıq hava qaralmışdı. Hər yan zülmət idi. Bilmirdik ki, erməni qüvvələri geri çəkilib, ya yox. Partlayışdan sonra başımda, qulaqlarımda uğultu yaranmışdı, ətrafı eşidə bilmirdim. Özümü heç də yaxşı hiss eləmirdim. Silahımı götürüb qaya daşından kənarda yerə uzandım. Həm də ac və susuz idim. Hələ də gözümün qabağından qırmızılar keçirdi. Azca mürgüləyəndən sonra ayıldım, gənc əsgərlər ətrafımda idilər. Döyüş yoldaşlarımla onlara tapşırıq verdik ki, ermənilərin meyidləri olan istiqamətə tez-tez atəş açın ki, onlar qaranlıqdan istifadə edib, meyidləri götürməsinlər”.

“ERMƏNİLƏR ÇOX HAZIRLIQLI QRUPLA DÖRDÜNCÜ DÖYÜŞƏ ATILMIŞDILAR”“Səhər tezdən başlayan döyüş axşam saat 7-8-ə qədər olardı ki, davam etdi. Həddən artıq yorğun idik. Gecəni belə keçirdik. Səhər sübh tezdən gördük ki, ermənilər gecənin qaranlığından istifadə edib meyidlərindən ikisini götürə bilmişdilər. Həmin günü biz bir qrup dağdan düşüb Mişniyə təmizlik və az da olsa istirahətə yollandıq. O biri qrup isə ermənilərin döyüş mövqeyində tanklarını yoxlamaq üçün həmin əraziyə düşdülər.
19 sentyabr tarixli döyüşdə erməni tankının qaya daşını vurması nəticəsində qaya daşı aşıb parçalanaraq Xasıyev Mahmudun üstünə tökülmüş, ona ciddi xəsarət yetirmişdi. Onu həkimə çatdırmaq istəsələr də, Mahmud yolda Şəhid olmuşdu. “Malış” dediyimiz Asif isə kəlləsindən aldığı ağır güllə yarasıyla həkimlərə çatdırılmışdı. O son nəticədə bir gözünü itirmişdi. Bu döyüşdə başqa yaralımız və şəhidimiz olmadı. Biz isə o döyüşdə erməninin iki tankını vurduq. Eyni zamanda həmin iki tankın ekipajını da tamamilə məhv etdik. Bundan əlavə ermənilərdən xeyli sayda ölən və yaralananlar oldu. Bizim artilleriyanın dəqiq zərbəsi nəticəsində ermənilərin yaralı və meyidlərini daşıyan Zil-131 maşınları da vuruldu, elə döyüş meydanındaca yandı. Bütövlükdə ayın 19-da olan döyüşdə biz ermənilərə cəhənnəmi yaşatdıq. Bu vaxta qədər Hoçazda biz ermənilərlə üç döyüş keçirmişdik. Bu dördüncü döyüş ən ağır döyüş oldu. Ermənilər çox hazırlıqlı bir qrupla döyüşə atılmışdılar. Onların texnikadan istifadə etmələri, sərrast atışları da bunu təsdiqləyirdi. Amma bütün bunlara baxmayaraq biz onları dəf etməyi bacardıq.
Döyüşün səhəri günü bizim uşaqlar həmin erməni tankının içinə yanacaq töküb od vurub yandırdılar. Mişniyə düşəndə o biri mövqedə dayanan qardaşlardan biri bizi görüb dəhşətə gəlmişdi ki, dünənki döyüşdən siz necə sağ salamat qurtulmusunuz. O qardaş deyirdi ki, mən özüm saydım, dünən ağır artilleriyadan dağın başına 170-dən çox zərbə endirildi. Biz də zarafatlaşıb bunun Allahın qisməti olmasını vurğuladıq.
Onu da deyim ki, ermənilər bizim tankı vuranda ölən olmadı, ancaq iki nəfər xəsarət almışdı”…

İGİD TEYMURLU
milletinsesi.az

Mənbə: milletinsesi.az