Ürək-damar xəstəlikləri artıb: Həyat tərzinizə fikir verin - HƏKİM MƏSLƏHƏTİ

Ürək-damar xəstəlikləri artıb: Həyat tərzinizə fikir verin - HƏKİM MƏSLƏHƏTİ

Düzgün qidalanma, kifayət qədər fiziki aktivlik, pis vərdişlərdən imtina etmək çox vacibdir

Son illər Azərbaycanda ürək-damar xəstəlikləri epidemioloji xarakter daşıyır və yayılma sürəti artır. Gündəlik həyatımızda tez-tez şahidi olur, mətbuatdan oxuyuruq ki, filankəs ürək çatışmazlığından dünyasını dəyişib, filankəs yatıb, durmayıb – səbəbi ürək çatışmazlığıdır. Nədir bu ürək çatışmazlığı, insanlar hansı yaşda bu xəstəliyə düçar olur? Xəstəliyin yaranma səbəbləri hansılardır, onun müalicəsi varmı?

Ürək çatışmazlığı və onun simptomları barəsində "Şərq"ə danışan kardioloq Kəmalə Abdullayevanın sözlərinə görə, ürək orqanizmdə nasos funksiyasını yerinə yetirir, qanın orqanizm boyu dövr etməsini təmin edir:

"Qan orqanizmin fəaliyyəti və yaşaması üçün lazım olan oksigen və qidalı maddələri orqan və sistemlərə çatdırır. Ürəyin nasos funksiyası pozulduqda ürək çatışmazlığı inkişaf edir. Ürək çatışmazlığı xroniki və ya kəskin ola bilər.

Xroniki ürək çatışmazlığı ürək-damar sistemi xəstəlikləri nəticəsində uzun müddət ərzində inkişaf edir.

Kəskin ürək çatışmazlığı qəflətən inkişaf edir. Az bir müddət ərzində xəstədə təngnəfəslik artır, nəfəsalma tezləşmiş, fışıltılı olur, arterial təzyiq kəskin artır, dəri göyərir, dodaqlarda çəhrayı köpük əmələ gələ bilər. Bu vəziyyət insanın həyatı üçün çox ciddi təhlükə yaradır. Xəstə dərhal reanimasiyaya yerləşdirilməlidir.

Kəskin ürək çatışmazlığının səbəbi miokard infarktı, ağciyərlərdə tromb, güclü allergik reaksiya, ağır infeksiya və s. ola bilər.

Xroniki ürək çatışmazlığı zamanı simptomlar uzun müddət ərzində inkişaf edir və vaxt keçdikcə güclənir. Əvvəllər bu simptomlar yalnız fiziki gərginlik zamanı, daha sonra isə hətta istirahət zamanı meydana çıxır".

Kardioloqun sözlərinə görə, xroniki ürək çatışmazlığının əsas simptomları ayaqlarda, topuq nahiyələrdə, bəzən qarında şişkinlik və orqanizmdə mayenin yığılmasına görə çəkinin artmasıdır. Eyni zamanda təngnəfəslik, öskürək, ürək döyüntüsünün tezləşməsi, yorğunluq, zəiflik, başgicəllənməsi, diqqətin zəifləməsi və s. başqa əlamətləridir:

"Ürək çatışmazlığı inkişaf etdikcə sadaladığımız simptomlar daha güclü olur. Ürək çatışmazlığının ilk simptomları meydana çıxdıqda dərhal kardioloqa müraciət etmək lazımdır. Kardioloq bu pozulmanın səbəbini aşkar edəcək və xəstəyə lazım olan müalicə təyin edəcək. Müalicə olunmayan ürək çatışmazlığı insanın ölümünə gətirib çıxarda bilər. Ürək çatışmazlığı olan insan daim kardioloqun nəzarətində olmalı, hər 3-6 aydan bir lazım olan müayinələr keçməli və müalicə almalıdır. Pəhriz, müalicəvi bədən tərbiyəsi də belə xəstələr üçün çox vacibdir".

Həkimin sözlərinə görə, ürək çatışmazlığının qarşısını almaq üçün düzgün qidalanma, kifayət qədər fiziki aktivlik, pis vərdişlərdən imtina etmək çox vacibdir.

Mənbə: sherg.az