Alman Akademik Mübadilə Xidməti keçmiş DAAD təqaüdçülərinin öz aralarında şəbəkələşməsini planlaşdırır

Alman Akademik Mübadilə Xidməti keçmiş DAAD təqaüdçülərinin öz aralarında şəbəkələşməsini planlaşdırır

Alman Akademik Mübadilə Xidməti (DAAD) bu il Azərbaycandan olan keçmiş DAAD təqaüdçüləri (DAAD alumnisi) ilə tanışlıq və onların öz aralarında şəbəkələşməsini planlaşdırır. Bu məqsədlə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) binasında ilk DAAD-Alumni Simpoziumu keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın məqsədi Almaniyada təhsil almış keçmiş DAAD təqaüdçüləri ilə tanışlıq və onları bir araya gətirərək fəal şəbəkələşməni təmin etməkdir. Tədbirdə Avropanın təhsil sahəsində fəaliyyət göstərən nümayəndələri ilə yanaşı, Almaniyanın Bakıdakı səfirinin müavini Andrea Sühl də iştirak ediblər.

ADNSU-nun rektoru, DAAD alumnisi, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. O, eyni zamanda, DAAD-ın fəaliyyəti ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini vurğulayıb.

Sonra DAAD-ın Bonndakı mərkəzindən Alumnilərlə iş şöbəsinin nümayəndəsi Kristina Şaarın, DAAD-ın Litvadakı Alumni Birliyinin rəhbəri Daumantas Katinasın məruzələri dinlənilib.

DAAD alumnisi, şirkət rəhbəri Elçin Usub “Azərbaycanda alumni fəaliyyətinin hüquqi şərtləri” mövzusunda mühazirəsini təqdim edib.

Simpoziumun ikinci hissəsində hüquq, iqtisadiyyat, mühəndislik, almanşünaslıq, tibb, təbiət və humanitar elm sahələrini təmsil edən alumnilərlə qrup işi təşkil olunub.

DAAD Almaniya tərəfindən dəstəklənən alman ali məktəblərinin birgə qurumudur. Bu şəbəkə 60-dan çox ölkədə 15 xarici nümayəndəlik, 57 məlumat mərkəzi və 450-ə yaxın lektor və dil mütəxəssisləri ilə təmsil olunur.

Mənbə: azertag.az