Mənfini müsbətə çevirmək zamanıdır ! - “Evdəyik, özümüzü qoruyuruq !

Mənfini müsbətə çevirmək zamanıdır ! - “Evdəyik, özümüzü qoruyuruq !

Psixoloq:"Koronavirusa qorxunc bir bəla və qadağalar prizmasından baxsaq, psixikamıza ciddi zərər toxundura bilərik”

Sosial təcrid tədbirlərinə, karantin qaydalarına riayət etmək hər kəsin vətəndaşlıq borcudur. Amma nəzərdən qaçırmayaq ki, karantin qaydalarına riayət etməyə psixoloji cəhətdən hazırlıqsız olanlar da var.

Bəzi insanlara evdən çıxmamaq tövsiyəsi sərt qadağa kimi görünür və onlar bununla barışmaqda çətinlik çəkirlər. Xüsusən, daim məşğul, ictimai aktiv insanlar üçün sosial təcrid qaydaları aşılmaz görünür. Belə hallarda psixoloq məsləhətinə ciddi ehtiyac duyulur.

Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a açıqlamasında mənfini müsbətə dönüşdürməyin yollarından danışdı:

-Hər bir mənfi halı müsbətə doğru yönləndirmək mümkündü. Baş vermiş hər hansı mənfi hadisədən müsbət nəticə də çıxarmaq olar. Bu gün hamımız pandemiya ilə mübarizə qaydalarına əməl etməyə borcluyuq. Həm özümüzü, həm də ailə üzvlərimizi, doğmalarımızı və cəmiyyətimizi qorumaq üçün pandemiya ilə mübarizə qaydalarından öz xeyrimizə istifadə edə bilərik.

İndiyədək çoxumuz ailəmizlə, övladlarımızla istədiyimiz qədər vaxt keçirə bilməməkdən gileylənirdik. Şikayət edirdik ki, uşaqlara vaxt ayıra bilmirik, film izləyə bilmirik. İndi belə bir imkan yaranıb. Evdə qalmaqla uşaqlarımızdan, ailəmizdən “oğurladığımız” zamanı onlara qaytaraq. Övladlarımızla oyunlara qoşulaq, filmlər izləyək, oxumaq istəyib, lakin oxumağa vaxt tapa bilmədiyimiz kitabları əlimizə alaq.

Övladlarımızı tanıyaq, ailə üzvlərimizi yenidən tanıyaq, bir-birimizi yenidən kəşf edək. Ailə və şəxsi həyatımızda vacib olan bütün bu məqamlar üçün indi çox gözəl bir şans, fürsət yaranıb. Əgər biz koronavirus pandemiyasına yalnız qorxunc bir bəla, mənfi hal və xüsusən də qadağalar prizmasından baxsaq, psixikamıza ciddi zərər toxundura bilərik.

Çünki insan təbiəti etibarilə qadağaları sevmir. Çalışaq “hər zərərdə bir xeyir var” prinsipi ilə hərəkət edək. Məsələn, sosial təcrid günlərinə bir oyun kimi yanaşaq; evdəyik, özümüzü qoruyuruq. Ətrafdakı zərərli təsilərdən qorunuruq. Nə yaxşı!.. Və düşünək ki, bu günlər bizə nə qazandırdı və nə qazandırır? Mən təklif edirəm, gündəliklər tərtib edilsin. Yeni öyrəndiklərimizi, kəşf etdiklərimizi, indiyədək görmədiklərimizi gündəliyə qeyd edək.

Sonra bilirsiz, o gündəliyi oxumaq necə maraqlı olacaq?! Hər hansı mənfi halı müsbətə yönləndirmək öz əlimizdədir. Nəticədə stresdən uzaq olacağıq. Məncə, bu günlərin bizə qazandırdığı ən böyük hədiyyə ailəmizlə bərabər vaxt keçirməyimizdir.

Mənbə: sherg.az