Daha bir qurum prezidentin çağırışına dəstək verib

Daha bir qurum prezidentin çağırışına dəstək verib

Tikinti sektorunda fəaliyyət göstərən “Plastcon Group” da bu mötəbər çağırışa qoşularaq Dəstək Fonduna 5 min manat məbləğində vəsait ayırıb...

Ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam etdirilir. Tikinti sektorunda fəaliyyət göstərən “Plastcon Group” da bu mötəbər çağırışa qoşularaq Dəstək Fonduna 5 min manat məbləğində vəsait ayırıb.

İnterAz-ın məlumatına görə, şirkətin yaydığı açıqlamada deyilir:

“Dövlətimizin koronavirusla mübarizəyə cəlb edilmiş hər bir qurumunun, o cümlədən tibb işçilərimizin bu çətin günlərdə şücaət göstərərək böyük əzmkarlıqla fəaliyyət göstərdiklərinin şahidi oluruq. Onların xalqımızın rifahı və əminamanlığı naminə gücləndirilmiş iş rejimində çalışdıqları zaman göstərə biləcəyimiz hər hansısa bir dəstək milli həmrəyliyimizi nümayiş etdirir. Bu yolda hər bir şəxs, həmçinin kommersiya təşkilatları da öz imkanları çərçivəsində dəstək olmağa çalışmalıdır“

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının kifayət qədər geniş coğrafiyada yayılmasını nəzərə alaraq Ümumdünya Səhiyyə Təşkilatı bu infeksiyanı qlobal pandemiya elan edib. Ölkəmizdə koronavirusa yoluxma hallarının qarşısının alınması, əhalinin sağlamlığının qorunması üçün Azərbaycan dövləti ardıcıl və çoxşaxəli tədbirlər həyata keçirməkdədir. “Plastcon Group” və digər ayrı-ayrı kommersiya qurumlarının, sahibkarlıq subyektlərinin, fərdi şəxslərin də bu çağırışa qoşularaq görülən tədbirlərə fəal dəstək verməsi, onların sosial məsuliyyətini, cəmiyyətimizdəki milli həmrəyliyi, dövlət – vətəndaş birliyini nümayiş etdirir.

Mənbə: www.interaztv.com