Ölkə karantində, QHT-lərə Dövlət Dəstəyi Şurası isə qış yuxusunda

Ölkə karantində, QHT-lərə Dövlət Dəstəyi Şurası isə qış yuxusunda

Ölkədə bütün səylər, bütün düşüncələr başlıca vəzifəyə – əhalinin pandemiyadan qorunmasına yönəldilib. Xüsusi karantin rejimində fəaliyyətini davam etdirən dövlət orqanları, kütləvi informasiya vasitələri virusun yayılmasının qarşını almağa çalışırlar. Bəs vətəndaş cəmiyyəti təşkilatları?

Nə qədər zəifləmiş olsalar da, indiki vəziyyətdə onların yararlı ola biləcəkləri çoxlu fəaliyyət sahələri var. Axı bu təşkilatlar illər boyu risk qruplarına, aztəminatlı ailələrə, kimsəsiz uşaqlara, tənha qocalara yardım, maarifçilik, insan hüquqlarının qorunması sahələrində, xüsusilə də fövqəladə şəraitlərdə böyük iş təcrübəsi toplayıblar.

Bir necə gün əvvəl ABŞ-ın Foreign Affairs jurnalı “Vətəndaş texnologiyaları pandemiyanı dayandırmağa necə kömək edə bilərlər” başlıqlı məqalə dərc edib. Orada bütün dünya üçün nümunə ola biləcək Tayvan fenomenindən – vətəndaş cəmiyyəti ilə dövlət orqanlarının virusa qarşı birgə uğurlu mübarizəsindən bəhs olunur. Çin nəşrləri isə pandemiya üzərində qələbədə qeyri-hökumət qurumlarının, icmaların hökumətdən də mühüm rol oynadığını yazırlar. Cənubi Koreya saytları “Ümid körpüsü” qeyri-hökumət təşkilatının koronavirusla mübarizə kampaniyasında 65 milyon dollar vəsait toplaya bildiyini xəbər verirlər. Avropa, Rusiya mənbələri yerli qeyri-kommersiya təşkilatlarının birgə təşəbbüslərini, o cümlədən məhbuslar arasında xəstəliyin yayılmasının qarşısını almaq üçün göstərdikləri səyləri işıqlandırırlar. Əksər QHT-lər saytlar üzərindən, vərəqələr, audiomüraciətlər və sosial çarxlar yaymaqla geniş maarifçilik tədbirləri həyata keçirirlər, çətin vəziyyətdə olanlara xidmət göstərirlər.

Bizim xaricdəki diaspor təşkilatlarımız da bu prosesdə iştirak edirlər. Onlar evsiz soydaşlarımıza qalmaq üçün yerlər hazırlayır, imkansızlara pul toplayır, qaynar xətlər açır, yaşadıqları ölkələrin hökumətləri və Azərbaycan səfirlikləri ilə əlaqə saxlayırlar.

Bəs bizim yerli QHT-lər, onların fəaliyyətini yönləndirən və maliyyələşdirən təşkilatımız necə? Dövlətin və xalqın çətin sınaqdan çıxması üçün onlar nə edirlər? Ədalət naminə demək lazımdır ki, vətəndaş cəmiyyəti təşkilatları koronavirusla mübarizədə QHT-lərin potensialından istifadə üçün xeyli təkliflər səsləndiriblər. Amma bu çağırışlar və təkliflərin eşidildiyinə, hansısa səviyyədə müzakirə edildiyinə dəlalət edən sübutlar tapılmır. QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyinin heç bir reaksiyasına rast gəlinmir. Şuranın rəsmi saytında sonuncusu 20 gün bundan əvvəl yerləşdirilmiş xəbərlərdə cəmiyyətin bir nömrəli problemi, onun həlli üçün QHT-lərin boynuna düşən vəzifələr, həmin vəzifələrin icrası üçün göstərilən yardım haqqında bircə sətir də yoxdur.

Şura hələ qış yuxusundadır. Görünür, nəinki boğazlarını yırtan QHT-lərin təklifləri, dövlət rəhbərinin vətəndaş cəmiyyətini fəallığa səsləyən ardıcıl çağırışları, heç koronovirus həyəcanı da hələ onu bu yuxudan oyada bilmir. /

Mənbə: aydinliq.az