Almatıda göyərçinlərin kütləvi ölümünün səbəbi açıqlandı

Almatıda göyərçinlərin kütləvi ölümünün səbəbi açıqlandı

Almatıda göyərçinlərin kütləvi ölümü ilə əlaqədar yaradılan komissiya bunun ilkin səbəbini zəhərlənmə ilə əlaqələndirib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Meşə və Vəhşi Təbiət Komitəsinin mətbuat katibi Saken Dildahmet öz Facebook səhifəsində yazıb.

“Komissiya əvvəlcə buz meydançası olan 100 kvadratmetr sahədə 30 quşun öldüyünü müəyyən etdi. Ölümün ehtimal olunan səbəbi zəhərlənmədir. Komissiya bütün ölü quşları yığdı və laboratoriya müayinələri üçün baytarlıq xidməti tərəfindən götürüldü” deyib.

Dildahmet əlavə edib ki, quşların ölümünün son səbəbləri müayinələrin nəticələrini aldıqdan sonra məlum olacaq.

28 Panfilov mühafizəçiləri adına parkda ölü göyərçinlərin şəkilləri bu həftə İnternetdə yayılıb.

Almatı sakinləri dezinfeksiyaya görə quşların öldüyünü deyirlər. Almatıda koronavirusla mübarizə çərçivəsində ictimai yerlərdə, o cümlədən tibb müəssisələrində, təşkilatlarda dezinfeksiya işləri aparılır. Bunun üçün şəhərə Almatı qarnizonunun 317 döyüşçüsü cəlb edilib.

Sakinlərdən dezinfeksiya edildikdən sonra bir neçə saat ərzində mənzildən çıxmamaları istənilir.

Koronavirus infeksiyasının yayılması ilə əlaqədar martın 22-dən etibarən Almatı və Nur-Sultan bölgələrində karantin tədbirləri görülür. Bu şəhərlərdən çıxış və giriş tamamilə bağlıdır.

Daha əvvəl 16 mart tarixindən etibarən Qazaxıstanda fövqəladə vəziyyət rejimi tətbiq edilib. Səhiyyə Nazirliyinin Facebook səhifəsində verilən məlumata görə, bu vaxta qədər Qazaxıstanda koronavirus infeksiyasının sayı 109-a çatıb.

Nur-Sultanda 61, Almatıda 40, Karaqandada 2, Şımkentdə 2, Almatı, Aktobe, Jambıl və Şimali Qazaxıstan vilayətlərinin hər birində 1 hadisə qeydə alınıb.

Qazaxıstanda iki nəfər COVID-19-a yoluxduqdan sonra sağalıb.

KONKRET.az

Mənbə: konkret.az