Ekspert: "BNA-nın koronavirusla bağlı gördüyü tədbirlər beynəlxalq tələblərə uyğundur"

Ekspert: "BNA-nın koronavirusla bağlı gördüyü tədbirlər beynəlxalq tələblərə uyğundur"

Çinin Uhan şəhərində yaranan yeni növ koronavirus (COVID-19) təhlükəli hal almaqdadır.

Son zamanlar biz yoluxmanın getdikcə artdığının şahidi oluruq. Buna görə də, vətəndaşlara mümkün qədər evdən çıxmamaq tövsiyə olunur. Lakin mühüm sahədə çalışan bəzi peşə sahibləri var ki, onlar mütləq işə getməli və çalışmalarını davam etdirməlidirlər. Bu şəxlər isə həm fərdi, həm də ictimai nəqliyyat vasitələrindən istifadə edirlər.

Bəs ictimai nəqliyyat vasitələrində virusun yayılmasının qarşısını almaq üçün hansı işlər görülür?

Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Yasin Mustafayev "Finans.az"a açıqlamasında belə vəziyyətdə Bakı Nəqliyyat Agentliyinin (BNA) sərəncamında olan nəqliyyat vasitələrindən istifadənin gündəmə gəldiyini bildirib:

"Ümumiyyətlə qorunma tədbirləri bütün nəqliyyat vasitələrində mütləq şəkildə həyata keçirilməlidir. BNA-nın da üzərinə düşən vəzifə nəqliyyat vasitələrini lazımi qoruyucu vasitələrlə, məhlullarla təmin etmək və sürücülərə və sərnişinlərə maarifləndirici məlumatların çatdırılmasını həyata keçirməkdir. Biz son zamanlar belə tədbirlərin həm BNA, həm də digər dövlət qurumları tərəfindən həyata keçirilməsinin şahidi oluruq".

Ekspert bildirib ki, BNA-nın gördüyü tədbirlər beynəlxalq tələblərə uyğundur:

"Hər bir nəqliyyat vasitəsində dezinfeksiyaedici məhlullar yerləşdirilib və nəqliyyat vasitəsinə daxil olan və çıxan sərnişinlər həmin məhluldan istifadə edə bilir. Bu çox yaxşı bir haldır. Həmçinin sürücülərdə qoruyucu maskaların olması sərnişinlərdə yoluxmanın qarşısını almaq üçün təqdirəlayiq addımdır və tətbiq olunmalıdır. Bununla bərabər qurum tərəfindən virusdan qorunma qaydalarına riayət etmək üçün maarifləndirici tədbirlər də görülür. Məsələn, bura video çarxların hazırlanması, məlumat tablolarının yerləşdirilməsi və s. daxildir".

Ekspert görülən tədbirlərlə yanaşı insanların da ictimai nəqliyyat vasitələrində qoyulan qaydalara və tələblərə əməl etməli olduğunu bildirib:

"İnsanların sıx olduğu yerlərdə virusun yayılma ehtimalı çoxdur. Buna görə də, ictimai nəqliyyatdan istifadə edən sərnişinlər qorunma qaydalarına riayət etməli, görülən tədbirlərdə qurumlara dəstək olmalı və etinasız yanaşmamalıdırlar. Bu zaman nəqliyyat vasitələrində yerləşdirilən dezinfeksiya qurğularından daha diqqətli istifadə etməli, qoyulan tələblərə əməl etməli və yaranmış vəziyyətdə dövlət qurumları ilə əməkdaşlıq etməyi bacarmalıdırlar".

Mənbə: big.az