Evdə oturun, bayıra çıxmayın, sağ qalın!

Evdə oturun, bayıra çıxmayın, sağ qalın!

 

Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparırlır. 

Yenisabah.az xəbər verir ki, aparılan mübarizə nəticəsində Azərbaycanda infeksiyaya yoluxma halının kütləvi xarakter aldığı müşahidə olunmur. Rəsmi məlumata görə, bu günə qədər 93 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Onlardan 10 nəfəri sağalıb, 2 nəfər dünyasını dəyişib. Hazırda Azərbaycanda 81 nəfər aktiv virus daşıyıcısı var. 

Bununla belə, hökumət yoluxma halının geniş miqyas almaması üçün mübarizə tədbirlərini daha da sərtləşdirir. Lakin cəmiyyətdə pandemik virusa qarşı mübarizədə aktiv olmalıdır.  Bunun üçün əhalidən çox şey tələb olunmur. İnsanlar sadəcə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə, gigiyenik qaydalara əməl etsələr dünyada təlatüm yaradan Covid-19-a qarşı mübarizəyə töhvə verə bilərlər.

Təəssüf ki, bəzi insanlar hələ də məsələnin ciddiliyini anlamır. Maarifləndirmə işlərinə, sosial çarxlara, hökumətin çağırışlarına baxmayaraq, qərar və tövsiyələrə əməl etmir. Bir yandan əhalinin panikaya düşməməsi müsbət haldır. Lakin bunun saymazlıq, məsuliyyətsizlik həddinə qədər yüksəlməsi təhlükəlidir. İnsanlar anlamılıdır ki, onların məsuliyyətsizliyi ciddi fəsadlara səbəb ola bilər. 

Aydın şəkildə sezilir ki, hökumətin də narahatlığı əsasən bununla bağlıdır. Hökumət koronavirusla mübarizədə maksimum şəkildə çalışır ki, insanların hüquq və azadlıqları pozulmasın. Bundan sui-istifadə etmək doğru olmazdı. Digər tərəfdən, sui-istifadə halları daha sərt tədbirləri şərtləndirə bilər. 

İnsanların koronavirus barədə fake xəbərlərə üstünlük verməsində təəssüf doğuran hallardan biridir. Xoşbəxtlikdən hökumət bu məsələni ciddi nəzarətdə saxlayır. Şayiə və yalan məlumatların qarşısının alınması istiqamətində qəti tədbirlər görür. Vətəndaşlar başa düşməlidir ki, bu tip xəbərlər müxtəlif spekulyativ maraqlar üçün dövriyyəyə buraxıla bilər. Məlumatı dəqiqləşdirmədən, müqayisəli təhlil etmədən tirajlamaq infeksiyaya qarşı mübarizənin effektini aşağı sala bilər. 

Mənbə: yenisabah.az