Koronavirusla mübarizə dövründə vətəndaşların həkimlərə dəstəyinin hansı forma və istiqamətləri mümkündür…

Koronavirusla mübarizə dövründə vətəndaşların həkimlərə dəstəyinin hansı forma və istiqamətləri mümkündür…

Adil Qeybulla:“Tibb işçilərinə şamil olunan maaş artımını dövlətin onlara qayğısıdır”

“Vətəndaşlar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl edərlərsə, lazım olmadıqca evdən bayıra çıxmasalar həkimlərə dəstək göstərmiş olarlar”

Dünyanı vahiməyə salan yeni növ koronavirus (COVID-19) infeksiyası getdikcə daha çox ölkəni əhatə edir, insanlar arasında yoluxma və ölüm halları artır. Məhz bu səbəbdəndir ki, artıq Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu bütün dünyada pandemiya elan edib. Pandemiya ölkə daxilində, qonşu dövlətlərin ərazilərində və bəzən dünyanın bir çox ölkəsində yoluxucu xəstəliyin yayılması ilə səciyyələnən qeyri-adi güclü epidemiyadır. Azərbaycan koronavirusun yayılmasının qarşısını almaq üçün digər qabaqlayıcı addımlar da atır. Bütün ölkə boyu dezinfeksiya işləri aparılır. Yaşayış binaları, iaşə obyektləri, müəssisə və idarələr, həyət və yaşayış məhəllələri, həmçinin digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür. Bundan başqa, paytaxtda küçə və prospektlər, yol kənarlarındakı məhəccərlər və s. də dezinfeksiyaedici maddələrlə yuyulur. Faktdır ki, karonavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin rolu danılmazdır. Onların sosial müdafiəsinin gücləndirilməsi haqqında ölkə başçısı sərəncam imzalayıb. Adıçəkilən virusla mübarizə tədbirində iştirak edən tibb işçilərinin əmək haqqı 3-5 dəfəyədək artırılıb. Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, vətəndaşlar həkimlərə dəstək olmalıdır:“Xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Onlar maaşın 3-5 mislini alacaqlar və artıq göstərişlər verilib, vəsait də ayrılıb. Mən bütün vətəndaşları həkimlərə dəstək olmağa çağırıram. O cümlədən, bu xəstəliyə yoluxmuş insanlara da, - biz, əlbəttə, başa düşürük ki, onların həm fiziki, həm də psixoloji vəziyyəti bu xəstəliyin təsiri altındadır, - müraciət edərək, həkimlərə qarşı diqqətli olmalarını tövsiyə edərdim".

Qeyd etdiyimiz kimi, Prezident müsahibəsində vətəndaşların həkimlərə dəstək olacağını bildirib. Maraqlıdır, vətəndaşların tibb işçilərinə hansı formada dəstəyi olmalıdır? Professor, tibbi ekspert Adil Qeybulla qeyd etdi ki, Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərir, öz həyatlarını, sağlamlıqlarını risq altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər: “Vətəndaşlar həkimlərə dəstək olmalıdırlar. Xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Ümumiyyətlə, həkim peşəsi fədakarlıq istəyən bir peşədir. Belə fövqəladə vəziyyətlərdə həkimlər adətən heç bir maaşı və sabahkı başqa stimulu düşünmədən vəzifə borclarını yerinə yetirirlər”. Ekspertin sözlərinə görə, tibb işçilərinə şamil olunan maaş artımı dövlətin onlara qayğısıdır:“Fövqəladə rejimdə işləyən vaxtlarında bu artımı daha çox mənəvi və siyasi dəstək kimi qiymətləndirmək lazımdır. Bu artımın dövlətin tibb işçisinə qayğısı kimi düşünülməsi gərəkən məsələdir. Xatırlatmaq istərdim ki, 1990-cı ilin 20 Yanvar gecəsi nə qədər həkimimiz, tibb işçimiz yaralanmış, xəsarət almış və həlak olmuşdu. Bunları onlar heç bir qarşılıq güdmədən etmişdilər. Qarabağ döyüşləri zamanı bütün həkimlərimiz böyük fədəkarlıqlar göstərmişdilər. Yəni həkimlik böyük fədəkarlıq göstərən bir peşədir. Koronavirus infeksiyasının tüğyan etdiyi bir vaxtda istər karantində, istərsə də sıradan xəstəxanalarda gecə-gündüz canını ortaya qoyan həkimlərə qəhrəman deyə bilərik. İndiki vəziyyətdə biz bütün tibb işçilərinə çox borcluyuq. Fövqəladə, hərbi rejimdə, müharibə şəraitində, epidemiya yayıldığı bir dönəmdə həkimliyin nə qədər faydalı peşə olduğu üzə çıxır. Yaxşı həkimlərimizin dəyəri bir daha anlaşılır. Koronavirus pandemiyası ilə mübarizə dövrü isə həkimlərimizin nə qədər fədakar və peşəkar olduqlarını bir daha sübut etdi”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, vətəndaşlar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl edərlərsə, lazım olmadıqca evdən bayıra çıxmasalar həkimlərə dəstək göstərmiş olarlar.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com