Əsas ürəklər təmiz olsun - Virusdan qorxmayan sakinlər ara məsafəsi saxlamırlar - VİDEO

Koronavirusa yoluxmaların qarşısını almaq məqsədilə bir sıra dünya ölkələrində, o cümlədən ölkəmizdə xüsusi rejim tətbiq edilir. Nazirlər Kabineti yanında operativ qərargah insanları diqqətli olmağa, ictimai-iaşə yerlərindən mümkün qədər uzaq durmağa çağırır. Ticarət mərkəzlərində və digər məkanlarda növbə gözləyənlər arasında məsafə 2 metrdən az olmamalıdır.

Milli.Az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Amma əksər yerlərdə vətəndaşlar bu qaydalara, deyilən tövsiyələrə əməl etmirlər. Xüsusən bank qarşılarında, marketlərdəki kassalarda iri növbələr yaranır. Burada insanlar bir-birinə ara məsafəsi saxlamadan çox sıx dayanır ki, bunun da çox ciddi fəsadları ola bilər.

Nadir Məhərrəmov - Həkim: "Kimsə söyləyir ki, 2 metr aralı durmaq lazımdır, 1 metr aralı durmaq lazımdır, 5 metr aralı durmaq lazımdır. Bunların hamısı məhz insanları qorumaq üçündür. Ümumiyyətlə, məsafə aralı olmalıdır, təmas çox az olmalıdır. Ən önəmlisi insanların o məsafəni düşünərək bu işləri görməsi lazımdır. Çünki hava-damcı yolu ilə yoluxa bilir. Selikli qişalardan yoluxa bilir".

Sakin: "Neynəyək bəs, ünsiyyətdə olmalıyıq hər halda. Qohum-əqrəbadır, necə edək, ayrı dayanmaq olmur axı? Əsas qəlblər təmiz olsun".

Sakin: "Camaat ciddiyə almır bu xəstəliyi. Elə mən özüm də ciddi qəbul etmirəm".

Nahid Məhərrəmov - Həkim: "Yaxşı olardı ki, bu pandemiyanın qarşısını almaq üçün ən azından biz insanlar da bir-birimizə kömək edək. Heç olmasa, əzizlərimizi qoruyaq, heç olmasa ətrafımızı qoruyaq. Bunları qoruduqca, biz artıq bu virusun qarşısını az da olsa, müəyyən qədər də olsa, ala bilərik".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində 1 ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb və ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi nəzərdə tutulub. Həmin tədbirlərdə ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq qaydalara riayət olunaraq həyata keçiriləcəyi qeyd edilir.

Milli.Az

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın! - VİDEO

SONRAKI XƏBƏR

Xalq artisti: “Bir nəfərin kor-koranə atdığı addım hər birimizə ziyan verə bilər”