“Qəbələyə istirahətə getmişdim, necə qayıdım?” – Bakı-Şamaxı postundan REPORTAJ, VİDEO

“Qəbələyə istirahətə getmişdim, necə qayıdım?” – Bakı-Şamaxı postundan REPORTAJ, VİDEO

Nazirlər Kabineti koronavirus təhlükəsi ilə bağlı yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq martın 24-dən etibarən ölkə ərazisində xüsusi karantin rejimi elan edib.

Xüsusi təyinatlı və yük avtomobilləri istisna olmaqla, Bakı, Sumqayıt və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb. Rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Artıq magistrallardan kənarda olan ara və köməkçi yollardan istifadə etməklə paytaxt Bakı, Sumqayıt şəhəri və Abşeron rayonuna nəqliyyat vasitələrinin daxil olmaması üçün polis postları da təşkil olunub.

Bakı-Ələt, Bakı-Quba və Bakı- Şamaxı yollarında yaradılan postlarda Baş Dövlət Yol Polisi İdarəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları sutkalıq xidmət aparırlar.

Musavat.com olaraq bu gün Bakı-Şamaxı yolunda qurulan posta yollandıq və paytaxta giriş-çıxışla bağlı vəziyyəti öyrəndik.

Post qoyulan ərazidə olarkən gördük ki, DYP əməkdaşları avtomobilləri bir-bir saxlayır, yoxlayır, geri qaytarırdılar. Bakı qeydiyyatlı avtomobillərin Şamaxı istiqamətinə gedişi qadağan olunmuşdu. Sürücülər postun qarşısından geriyə, yəni paytaxta doğru qoyulan istiqamətdən dönərək şəhərə qayıdırdılar. DYP və ÇPA əməkdaşları birmənalı olaraq bu qərarı hamı üçün icra edirdilər və heç bir güzəştdən söhbət gedə bilməzdi.

Eyni zamanda Şamaxı istiqamətindən rayon qeydiyyatlı avtomobillər saxlanaraq, gəldikləri bölgələrə qaytarılırdılar. Yalnız Bakı qeydiyyatı olan maşınların paytaxta girişinə icazə verilirdi.

Ümumiyyətlə, əvvəlki günlərlə müqayisədə insanların rəsmi qərardan daha çox məlumatlı olduqları hiss edilirdi. Çünki Bakı-Şamaxı yolu seyrəkdir, az sayda maşın posta qədər gedirdi.

Postun yaxınlığında isə ötən günlərdən fərqli olaraq, tıxac, növbə müşahidə etmədik. Çünki qərardan əksəriyyət xəbərdardır və sürücülər Bakıdan çıxmağa və paytaxta gəlməyə boş yerə risq etmirlər.

Söhbətləşdiyimiz vətəndaşlardan biri isə Beyləqan qeydiyyatlı olduğunu, Qəbələdən istirahətdən qayıtdığını bildirdi.

Onun sözlərinə görə, onu posta qədər gətirən Qəbələ qeydiyyatlı avtomobil saxlanılıb və geri qaytarılıb, özünün isə postdan paytaxta doğru piyada keçməsinə şərait yaradılıb.

Bizimlə söhbətində Beyləqan sakini bildirdi ki, indi öz rayonuna qayıtmaq üçün taksi axtarır:

“Postdan Bakıya taksi ilə gedəcəm, oradan da maşın tapsam Beyləqana qayıtmağa çalışacam. Mən bayrama görə Qəbələyə gəzməyə getmişdim, heç nədən də xəbərim olmayıb.

İndi gəlmişəm, deyirlər ki, maşın Qəbələ qeydiyyatıdır, Bakıya girə bilməz. Yaxşı, nə edim, Beyləqana necə qayıdım, harada qalım, axı Qəbələdə ev-eşiyim yoxdur…”

Onu da öyrəndik ki, ara yollarda da postlar qurulub və qaydanı pozan sürücülər barəsində tədbir görülür. DYP əməkdaşları bir daha vətəndaşların nəzərinə çatdırır ki, qərara riayət etsinlər.

Qeyd edək ki, xüsusi karantin rejimi elan ediləndən bu günə qədər stasionar postlarda bölgələrdən gələn 6164 avtomobilin paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu ərazinə daxil olmasının qarşısı alınıb.

Həmçinin bu müddət ərzində müəyyən edilmiş tələblər çərçivəsindən kənar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan bölgələrə doğru hərəkət etməyə çalışan 1746 nəqliyyat vasitəsi geri qaytarılıb.

Mənbə: minval.info