Səfir Əkrəm Zeynallı: Azərbaycan Çin dövlətinin pandemiya ilə mübarizədə dəstəyini yüksək qiymətləndirir

Səfir Əkrəm Zeynallı: Azərbaycan Çin dövlətinin pandemiya ilə mübarizədə dəstəyini yüksək qiymətləndirir

Pekin, 26 mart, AZƏRTAC

Biz Çin dövlətinin və xalqının pandemiya ilə mübarizədə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk və bunu heç vaxt unutmayacağıq.

AZƏRTAC xəbər verir ki, bunu ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı “china.org.cn” onlayn nəşrinə müsahibəsində deyib. Diplomat Çinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə strategiyasının uğurlu nəticələrindən, Çin xalqının qlobal səviyyədə sağlamlıq təhlükəsizliyinin təminatına verdiyi töhfələrdən danışıb. Bildirib ki, digər ölkələr COVID-19 pandemiyası ilə mübarizədə Çinin təcrübəsindən yararlanaraq, əlaqələndirməni və beynəlxalq əməkdaşlığı gücləndirməlidirlər.

Səfir Əkrəm Zeynallı Çində yeni növ koronavirusun yayılmağa başladığı və şiddətləndiyi günlərdə Azərbaycan xalqının dost Çin xalqı ilə həmrəy olduğunu, Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə vəfat edənlərlə əlaqədar başsağlığı məktubu ünvanladığını, Azərbaycandan Çinin Mienyan və Sian şəhərlərinə yardım kimi 20 ton tibbi ləvazimat göndərildiyini, Çində yaşayan və təhsil alan azərbaycanlıların Çinə mənəvi dəstək videosu hazırladıqlarını yada salıb. Bundan başqa, Azərbaycanın "Silk Way” karqo-aviasiya şirkəti epidemiya günlərində Çinə uçuşlarını dayandırmayan azsaylı kompaniyalardan biri olub.

Qeyd olunub ki, hazırda Çin eyni yanaşmanı nümayiş etdirərək, pandemiyadan əziyyət çəkən digər ölkələrə, o cümlədən Azərbaycana dəstək göstərir. Çin Xarici İşlər Nazirliyinin və Dövlət Səhiyyə Komitəsinin dəstəyi ilə baş tutan videokonfrans zamanı çinli ekspertlər infeksiyanın yayılmasına qarşı qabaqlayıcı tədbirlər və xəstələrin müalicəsi ilə bağlı təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşüblər. Bu yaxınlarda Çin hökuməti Azərbaycana COVID-19 infeksiyasını aşkarlamaq üçün analiz dəstləri göndərib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: azertag.az