“Pulunu al – evdə qal!..

“Pulunu al – evdə qal!..

On illərdir sərvətlərimizi talayan korrupsioner şəbəkə varidatının 10-ca faizini bu şüarla paylasa, camaat 10 il də evdən bayıra addımını atmaz...

3 cümlə ilə bir "quş"...

On illərdir xalqın meydanlarda, səngərlərdə qurban verdiyi canların, qanların, potensial enerjisinin hesabına kürsülərə yiyələnərək sözdə demokratiyadan, müstəqillikdən sui-istifadə etməklə doğma Vətənimizin yeraltı-yerüstü sərvətlərini, varidatını sümürüb, sağa-sola səpib planetin dörd bir yanında mülklər alan, Londonda, Sürixdə hesablar açan korrupsioner oliqarxlara xəbərdarlıq edirdik: “Gec-tez Allah bunun bir sonunu yetirəcək, cəzasını verəcək, yetər artıq, insafa gəlin, bu millətə bir gün ağlayın!..”

Budur, dediyimiz vaxt yetişdi: süni və ya təbii olmasından asılı olmayaraq Allahın izni ilə peyda olmuş gözəgörünməz bir bəla varlı-kasıb, vəzifəli-vəzifəsiz, müxalifət-iqtidar olmasına rəğmən, hamını, hər kəsi, hətta kralları, prezidentləri, ən məşhur şou ulduzlarını, oliqarxları təhdid edir və hər bir dövlət, hökumət kimi bizimkilər də ölkəmizi xilas etmək üçün xalqa üzünü tutub deməyə məcburdur: “Evdə qal!..”

Fəqət, bu gün neft-qaz ölkəsində yaşayan xalqın hələ də xeyli olan yoxsul təbəqəsinin işləmək üçün bayıra çıxmağa məcbur olduğu bir şəraitdə korrupsiya, rüşvət hesabına milyardlar toplamış korrupsioner şəbəkə - milli(?) oliqarxlarımız öz kisələrini açıb bir neçə yüz minini, milyonunu yox, azı, 10 faizini, yaxşı olar ki, 40-50 faizini(necə ki, böyük Atatürk Türkiyənin istiqlal savaşı zamanı hər bir tacirin gəlirinin 40 faizini orduya xərcləməyə məcbur edirdi) “pulunu al-evdə qal!” şüarıyla kasıb-kusuba paylanması məqsədilə koronavirus fonduna, dövlət büdcəsinə köçürsə, bu üzüyola camaat bundan sonra 10 il də evdə qalıb bayıra addımını da atmaz...

P.S. Onu da bilin ki, bu “koronavirus” ssenarisi gerçəkdən öncədən planlaşdırılmış bioloji savaşdırsa(çox güman ki də, belədir) planetin super nəhəng maliyyə balinalarının ayrı-ayrı ölkələrin “qabağından yeməyən” akulalarını udması, Yer üzündə vahid bir sələmçi, bankir, oliqarx şəbəkəsi qurulması üçündür. Odur ki, nə qədər gec deyil, kisənizi açın ki, heç olmasa, axirətdə cəzanız yüngül olsun...

Sultan Laçın

 

Mənbə: moderator.az