33 yaşında epidemiya qurbanı olan Sverdlov - Leninin "sağ əli" tarixdə çarı və ailəsini güllələtdirən adam kimi qalıb

33 yaşında epidemiya qurbanı olan Sverdlov - Leninin "sağ əli" tarixdə çarı və ailəsini güllələtdirən adam kimi qalıb

33 il yaşamasına baxmayaraq, Yakov Sverdlov tarixdə bir çox hadisələrlə yadda qalıb. II Nikolayı və ailəsini güllələtdirən, Leninə sui-qəsd cəhdində şübhəli bilinən, partiyanın qızıl və pul ehtiyatını evində saxlayan, İosif Stalini siyasi müstəvidən uzaqlaşdırmağa çalışan, 1918-ci ildə “Qırmızı terror”un əsas müəllifi olan, “Qara şeytan” titulunu qazanan Sverdlov 1919-cu ildə on milyonlarla insanın həyatına son qoyan “İspan qripi” pandemiyasının qurbanına çevrilməsiydi, yəqin ki, daha çox hadisələrlə yadda qalacaqdı.

Yakov Sverdlov 1885-ci ildə Nijni Novqorod şəhərində anadan olub. Həmin şəhərdəki kişilər gimnaziyasında təhsil alıb. 5-ci sinifə keçəndə, anasının vəfatından sonra atası onu gimnaziyadan çıxarıb, ailənin maddi vəziyyəti çətinləşdiyinə görə işləməyə göndərib. Sverdlov ilk əmək fəaliyyətinə əczaçı köməkçisi kimi başlayıb.

O, 17 yaşında Rusiya Sosial-Demokrat fəhlə partiyasına üzv olub, Kostromada, Kazanda, Yekaterinburqda təbliğat və təşviqat işləri aparıb. Siyasi fəaliyyətinə görə Sverdlov bir neçə dəfə həbs olunub, Sibirə sürgün edilib.

Sverdlovun siyasi çevikliyi, yüksək nitq qabiliyyəti, fikirlərini mükəmməl şəkildə ifadə etməsi, kütlələri inandırmaq bacarağı Leninin diqqətindən yayınmayıb.

Onlar ilk dəfə 24 aprel 1917-ci ildə partiyanın konfransında görüşüblər. Elə həmin konfransda da Sverdlov partiyanın mərkəzi komitəsinin üzvü seçilib, yeni yaradılan katibliyin rəhbəri təyin olunub.

Oktyabr inqilabının fəal iştirakçılarından biri olan Sverdlov inqilabdan sonra Leninin təşəbbüsü ilə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilib, faktiki olaraq dövlət başçısı vəzifəsini daşıyıb, Rusiyanın ilk konstitusiyasının yazılması ilə bağlı yaradılan komissiyanın sədri olub. Mərkəzdə və yerlərdə kadr təyinatlarını məhz Sverdlov həyata keçirib.

1918-ci ilin avqusunda Lenin sui-qəsd cəhdində yaralananda Sverdlov bir müddət Xalq Komissarları Sovetinin sədri (baş nazir) vəzifəsini icra edib. Bəzi versiyalara görə, Leninə sui-qəsd cəhdində Sverdlovun da əli olub. Amma bu məsələ mübahisəli qalaraq qapadılıb. Daha doğrusu, Sverdlovun vəfatından sonra bu şübhəli məqam müzakirə mövzusu olmaqdan çıxıb.

Məhz bu sui-qəsd cəhdindən sonra Yakov Sverdlov 1918-ci ildə Rusiyada “Qırmızı terror” həyata keçirib. Bu ərəfədə onun daha bir “bacarığı”, amansızlığı, sərtliyi, partiyanın fəaliyyətinə əngəl törədənlərə qarşı qəddarlığı üzə çıxıb.

Sverdlov Xalq Komissarları Sovetinin sədri vəzifəsini müvəqqəti icra etdiyi ilk gündən Leninin kabinetinə keçib, onun adından sənədlərə imza atıb, sovetin iclaslarına sədrlik edib. Bütün bu səlahiyyətlərə Sverdlov partiyanın ümumi razılığı olmadan sahib olub. Təbii ki, bu da partiya daxilində kifayət qədər böyük narahatlığa və narazılığa səbəb olub.

Yakov Sverdlovun özünə əminliyi, hökmranlığı uzun sürməyib. O, 6 mart 1919-cu ildə Xarkovdan Moskvaya qatarla qayıdanda səhhətində ciddi problemlər yaranıb. Martın 8-də Moskvaya çatanda onda “İspan qripi” aşkar edilib. Martın 16-da, 33 yaşlı Sverdlov vəfat edib. Onu Kreml divarları qarşısındakı nekropolda dəfn ediblər.

Sverdlovun ölüm səbəbi ilə bağlı digər versiyalar da səsləndirilib. Hətta belə bir versiya da olub ki, onu Leninin göstərişi ilə zəhərləyərək öldürüblər. Amma versiyaların heç biri öz təsdiqini tapmayıb. Həkim ekspertizasının rəsmi rəyində ölümün səbəbi “İspan qripi” infeksiyası göstərilib.

Yakov Sverdlov siyasi fəaliyyəti dövründə özünü hamıdan üstün saymaqla fərqlənən siyasətçilərdən biri olub. O, bunu öz çıxışlarında, görüşlərində də biruzə verib.

Sverdlovla Stalin Turuxan sürgünündə eyni vaxtda bir yerdə olublar. Sonralar Sverdlov Stalin haqqında fikirlərini belə bildirib: “Biz bir-birimizi yaxşı tanıyırıq. Həbsxanada, sürgün şəraitində hər kəs bütün çılpaqlığı ilə görünür, xarakterinin ən xırda cizgiləri belə nəzərə çarpır. Stalin öz yaşına görə fəal bir adam idi. Daha çox sual verməyi xoşlayırdı. Mənim üçün isə onun sualları maraqsız görünürdü. Mübahisə etməyi də çox sevirdi. Amma mən onunla mübahisə etmirdim, bu, mənim səviyyəm üçün deyildi. Bəzi nəzəri fikirlərini qəbul etmək olardı, məntiqində bəzi maraqlı məqamlar hiss edirdim. Amma bu, o demək deyil ki, mən onu yüksək ağıl sahibi kimi təqdim edirəm. Mən ondan yüksəkdəydim, o, özü də bunu yaxşı bilirdi. Tez-tez gecə yarıyadək şahmat oynayırdıq, mən onu mat edirdim. Bəzən buna görə əsəbiləşirdi. Biz fərqli adamlar idik...”

Stalinin sürgün vaxtında Sverdlovla bağlı fikirləri isə daha maraqlıdır: “Sürgün vaxtı hər kəs özünə yemək hazırlayırdı. Əslində heç başqa işimiz də yox idi. Biz işləmirdik. Dövlət bizə hər ay 3 rubl verirdi. Bundan başqa, partiya da kömək edirdi. Mənim Yaşka adında itim var idi. Sverdlov üçün bu ad arzuolunmaz idi. Onun da adı Yaşka, itin də adı Yaşka. Sverdlov yeməyini yedikdən sonra qablarını yuyurdu. Mən isə qablarımı Yaşkanın (itin) qarşısına qoyurdum. İt onu yalayaraq tərtəmiz edirdi. Bütün bunları Yaşka da (Sverdlov) seyr edirdi və o, elə düşünürdü ki, mən şahmatda uduzduğuma görə belə edirəm. Yəni bulaşıq qablarımı Yaşkaya (itə) yalatdırmaqla onu nəzərdə tuturam...”

Yakov Sverdovla bağlı maraqlı məqamlardan biri ölümündən 16 il sonra üzə çıxıb. 1935-ci ildə “NKVD”-nin başçısı Henrix Yaqoda Stalinə məktub ünvanlayıb. Yaqoda məktubda bildirib ki, Kremlin komendantının anbarında Sverdlovun şəxsi seyfi tapılıb. Seyfdə çar dövrünə məxsus 108 min rubl dəyərində qızıl sikkələr, 700-dən artıq qızıl məmulatları və qiymətli daşlar olub. Bununla yanaşı, seyfdən Sverdlovun və bir neçə nəfərin adına şəxsiyyəti təsdiq edən blanklar aşkar olunub. Qeyd edək ki, Sverdlovun müəmmalı var-dövlətini aşkar edən Henrix Yaqodanın həyat yoldaşı Sverdlovun doğma bacısının qızı olub.

Beləliklə də, 33 yaşında pandemiyanın qurbanı olan Yakov Sverdlov öz qısa ömrü ilə tarixə müəmmalı və mürəkkəb siyasətçi kimi düşüb.

 

Mənbə: moderator.az