Naxçıvanın muxtariyyət tarixinə həsr edilən konfransın materialları nəşr edilib

Naxçıvanın muxtariyyət tarixinə həsr edilən konfransın materialları nəşr edilib

"Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə" respublika elmi konfransının materialları işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, kitabda 22 noyabr 2019-cu ildə AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvanşünaslıq Mərkəzi, Naxçıvan Dövlət Universiteti, "Naxçıvan" Universiteti və Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən respublika elmi konfransın materialları əksini tapıb.

Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş nəşrdə ilk olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 21 yanvar 2019-cu il tarixli "Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Sərəncamı və Tədbirlər Planı yer alıb.

Konfrans materiallarında akademi İsmayıl Hacıyevin "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir", AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin "Muxtariyyət illərində Naxçıvanda epiqrafiya elminin inkişafı: nailiyyətlər, vəzifələr", AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin "Müstəqillik illərində Naxçıvanda aparılan arxeoloji tədqiqatlar", AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin "Naxçıvanın dialekt və şivələrinin öyrənilməsi məsələləri", Naxçıvan Dövlət Universitetinin rektoru Elburus İsayevin "Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında təhsilin inşafının prioritet istiqamətləri", tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin "Türk qapısına gedən yol və Naxçıvanın muxtariyyət statusu", tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun "Tarixi zərurətdən yaranan muxtariyyət" və digər 60-a yaxın elm və təhsil adamlarının məruzəsi təqdim olunub.

 

Mənbə: sia.az