“Həkimlərin əməyi qiymətləndirilir"- Sərəncam təqdir edildi

"Çünki həkimlər həyatlarını təhlükəyə atırlar. Onların əməklərini, qayğıkeşliyini qiymətləndirmək lazımdır"

Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir.

Nazirlər Kabinetinə bu sərəncamla müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etmək, COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etmək və sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Sərəncamın əhəmiyyəti barədə "Sherg.az"a danışan iqtisadçı-ekspert Nazim Bəydəmirli bunun müsbət nəticələrə yol açacağını deyir:

"Əlbəttə, koronavirusla mübarizə aparılan səhiyyə işçilərinin maaşlarının artırılması müsbət təşəbbüsdür. Çünki həkimlər həyatlarını təhlükəyə atırlar. Onların əməklərini, qayğıkeşliyini qiymətləndirmək lazımdır. Dünya təcrübəsindən də görürük ki, nə qədər həkim bu infeksiyaya yoluxub. Ona görə də əməkhaqqların heç olmasa, müvəqqəti artırılması təqdirəlayiqdir".

N. Bəydəmirli düşünür ki, maaşlarının artırılması bir sıra problemləri aradan qaldıra bilər:
"Bildiyiniz kimi, bizdə tibbi sığorta yoxdur. Maaşlar isə simvolik xarakter daşıyır. Bu səbəbdən də həkimlər rəsmi və ya qeyri- rəsmi yollarla xəstələrdən aldıqları pullarla dolanmalı olurlar. Sözügedən sərəncam bu problemi həll edəcək, rəqabətli iqtisadi sistem yaranacaq. Bu isə iqtisadiyyatın inkişafına gətirib çıxaracaq".

İqtisadçı- ekpertin sözlərinə görə, ən vacib məqam işçilər üçün bərabər imkanların yaradılmasıdır:

"Pul paylamaq olmaz. Əksinə, insanlara pul qazanmağa şərait yaradan bərabər imkanlar vermək lazımdır. Kimin bu imkandan nə qədər istifadə etməsi isə onun özündən asılıdır. Bazar iqtisadiyyatının tələbi belədir".

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

ÜST-dən müraciət: "Ölümlər gənclərdə də müşahidə olunur"

SONRAKI XƏBƏR

Elektrik naqillərini oğurlayan şəxs tutuldu