“Həkimlərimizlə yanaşı, Azərbaycan polislərini də alqışlamaq gərəkdir…”

“Həkimlərimizlə yanaşı, Azərbaycan polislərini də alqışlamaq gərəkdir…”

"Gəlin, biz də vətəndaş olaraq boynumuza düşənləri düzgün icra etməklə onlara dəstək olaq…"

Karantin rejimi yaşadığımız son gərgin günlərdə Azərbaycan həkimləri ilə yanaşı, asayişi, nizam-intizamı təmin edən polisimizin də xidməti, əziyyəti danılmazdır.

Uzun illər orqanlarda çalışmış, Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, istefada olan polkovnik Mehman Mehmanov Moderator.az-a geniş açıqlamasında bu cür ekstremal durumlarda polis-vətəndaş, vətəndaş-polis münasibətlərini xarakterizə edib.

“Polisin həm adi, həm də ekstremal vəziyyətlərdə əsas vəzifəsi asayişi qorumaq, ictimai təhlükəsizliyi təmin etməkdir. Bundan əlavə, polis zəruri hallarda dövlət rəhbərliyinin qanuni qərarlarına uyğun olaraq öz funksiyaları çərçivəsində digər işləri də icra edir. Ancaq son illərdə baş vermis bəzi təbii və texnogen fəlakətlər zamanı, xüsusən də üzdəniraq koronavirus pandemiyasının yayıldığı, ölkə rəhbərliyinin bu bəlaya qarşı mümkün və lazımi tədbirlər gördüyü bu günlərdə məlum oldu ki, polis yaxşı mənada öz vəzifə funksiyalarından kənara çıxaraq çiyninə daha ağır yüklər götürür. Məsələn, bu gün məlum karantin rejiminə uyğun olaraq 65 yaşdan yuxarı vətəndaşların mənzillərdə qalmasını təmin etmək, açığı deyək ki, bilavasitə polisin xidməti vəzifəsi deyil. Burada sakinləri daha yaxından tanıyan yerli icra nümayəndələri, bələdiyyələr, bina komendantları və s. də böyük rol oynamalıdırlar. Lakin mən də keçmiş bir polis polkovniki kimi fəxr edirəm ki, bütün bu xeyirxah missiyanı bu gün Azərbaycan polisi icra edir. Özü də çox yüksək səviyyədə… Və o da fərəhli haldır ki, küçələrdə vəzifələrini yerinə yetirən polislərin əksəriyyəti boy-buxunlu, şıx və səliqəli geyimli, eyni zamanda gülərüz, vətəndaşlarla kifayət qədər etika çərçivəsində davranan əməkdaşlardır. Onu qeyd edim ki, sovet dövründə milislər arasında geyimi-geçimi bərbad vəziyyətdə olan milis əməkdaşlarına çox rast gəlinirdi. Buna görə cəzalar da tətbiq olunurdu. Ancaq indi, şükür Allaha, polisimizdə belə bir problem yoxdur… Son oniliklərdə, xüsusən də cənab Daxili İşlər naziri Vilayət Eyvazovun gördüyü ciddi tədbirlər sayəsində polis sistemində geyim, eləcə də nizam-intizam, subordinasiya qaydalarına riayət, əməkdaşların öz aralarında, xüsusən də vətəndaşlarla etik davranış məsələləri və s. yüksək səviyyədə həllini tapıb…”- deyə sabiq idarə rəisi bildirib.

Keçmiş polis polkovniki vətəndaşları bütün dünya üçün mövcud ağır bir durumda polisin işlərini düzgün dəyərləndirməyə lazımi göstərişlərə əməl etməyə çağırıb:

“Məni narahat edən bir məsələ də odur ki, bəzi qara qüvvələr yaranmış belə gərgin vəziyyətdən yararlanaraq Azərbaycan polis sistemini ləkələməyə və eyni zamanda polis-vətəndaş münasibətlərində gərginlik yaratmağa çalışırlar. Məsələn, martın əvvəlində üzdəniraq feminist qadınların keçirdiyi icazəsiz aksiya zamanı milli dəyərlərimizə, dinimizə, əxlaqımıza zidd çağırışlar edən məxluqlardan birinin polisi barmağıyla hədələməsi çox ağır təsir bağışladı. Əvvəla, ümumiyyətlə, qadının kişinin üzərinə barmaq silkələməsi Azərbaycan xanımına yaraşan hal deyil. İkincisi də dövlət nümayəndəsi kimi vəzifə borcunu yerinə yetirən polisə qarşı belə bir hərəkət də yolverilməzdir. Yadınızdadırsa, saytınızdakı əvvəlki çıxışlarımda Azərbaycanda kişi polisin qadın vətəndaşa qarşı güc tətbiq etməsinin də doğru olmadığını vurğulamışdım. Ancaq bunun əksinə də yol vermək olmaz. Vətəndaşın, o cümlədən qadının da onu nizam-intizama dəvət edən polis qarşısında bir məsuliyyət hissi olmalıdır. Sözümün canı ondadır ki, ayrı-ayrı polis nəfərlərinin bəzən ekstremal vəziyyətlərdə vətəndaşlarla kobud rəftarından istifadə edərək bütövlükdə Azərbaycan polisinə qarşı yanlış mövqe tutmaq olmaz…

Bu yaxınlarda – karantin rejiminin ciddiləşməsindən öncə dənizkənarı parkda gəzərkən çevik polis alayının əməkdaşlarıyla rastlaşdım. Onların çoxu məni tanıdı, salamladı. Mən də söhbət əsnasında onlardan xahiş etdim ki, polisə qarşı qeyri-etik davranışa yol verən vətəndaşların qanun çərçivəsində məsuliyyətə cəlb edilməsinə çalışsınlar. Yəni polislərə qarşı bu cür davranış tərzi də sanki bir virus kimi yayıla bilər. Xüsusən son zamanlar sosial şəbəkələrdə polislə dediyim kimi rəftar edən, onları hədələyən vətəndaşların sanki bir qəhrəman kimi təbliğ olunması da təhlükəlidir. Bəzən də polis belələrinin səviyyəsinə enmək istəmir, yenə də öz nəzakətini nümayiş etdirir. Və təəssüf ki, müəyyən dairələr bundan sui-istifadə edirlər. Halbuki, demokratiyasını nümunə çəkdiyimiz Avropa, Amerika polisinə qarşı oxşar hərəkətlər edilsə, onlar atəş açmağa qədər bütün gərəkli vasitələrdən istifadə edə bilər. Məsələn, Fransada polisin “sarı jiletli”lərlə yanaşı, bu günlərdə karantin rejimini pozanlara qarşı davranışlarını da gördük…

Mən sosial şəbəkələrdə polisə qarşı kobud hərəkətləri təbliğ edən, belə ultra-yaramaz çağırışlar edən şəxsləri məsuliyyətə dəvət edir və bu cür davranışlara son qoymağa çağırıram…

Ancaq müsbət haldır ki, bu gün vətəndaşlarımızın böyük hissəsi Azərbaycan polisinin xalqın asayişinin, rifahının və sağlamlığının qorunmasına yönəlmiş fəaliyyətini yüksək qiymətləndirir. Belə dar, çətin məqamda biz bir daha polisin bütün varlığıyla yanımızda olduğunun şahidi olduq. Gəlin, biz də vətəndaş olaraq boynumuza düşənləri düzgün icra etməklə onlara da, həkimlərimizə də dəstək olaq… Küçələrdə, evlərimizdə tələb, tövsiyə olunan qaydalara əməl edək ki, inşallah, bütün bəşəriyyətlə birgə, Azərbaycanımızı da bu ağır imtahandan uğurla çıxaraq. Onu da deyim ki, mənim özümün hələ 65 yaşımın tamam olmasına rəğmən ifrat zəruri hallar istisna olmaqla mənzilimdən bayıra çıxmıram…”

“Sonda bir məsələni də ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Bu günlər də, bu ağır karantin rejimi dövründə gecə-gündüz yollarda, küçələrdə, dövlət əhəmiyyətli obyektlərdə, parklarda və s. bazar, bayram günləri demədən növbə ilə çalışan Azərbaycan polislərinin zəhmətini qiymətləndirməmək insafsızlıq olardı. Ancaq etiraf edək ki, bu əziyyətlərin, xidmətlərin müqabilində polisin sosial təminatı, əmək haqqı son illər dövlət başçısının göstərişləri sayəsində xeyli yüksəldilsə də, yenə də lazımi səviyyədə deyil. Hesab edirəm ki, Azərbaycan xalqının asayişinin, sağlamlığının keşikçilərinə qayğını daha da artırmaq gərəkdir…

Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində bu gün Azərbaycan həkimlərinin xidməti, əziyyəti danılmazdır. Onlar tərifə, alqışa layiqdir. Və onları alqışlayırıq da. Vətəndaşlar həkimləri alqışlamaq üçün xüsusi aksiyalar da keçirirlər. Eyni zaman da hesab edirəm ki, həkimlərlə, səhiyyə əməkdaşlarıyla yanaşı, küçələrdə, yollarda, nəqliyyatda, xəstəxanalarda asayişi təmin etməklə onlara bu ağır işdə dəstək olan, gecə-gündüz vətəndaşları karantin qaydalarına riayət etməyə çağırmaqdan yorulmayan cəfakeş Azərbaycan polisləri də alqışa layiqdir. Onları da alqışlamaq və zəhmətlərini düzgün dəyərləndirmək gərəkdir…”- deyə Mehman Mehmanov vurğulayıb.

Sultan Laçın

Mənbə: moderator.az