COVİD 19-a yoluxan Mirvari Fətəliyeva DANIŞDI: "Halsızlıqla başladı...

COVİD 19-a yoluxan Mirvari Fətəliyeva DANIŞDI: "Halsızlıqla başladı...

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Paris-Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva bütün dünyanı iflic halına salmış COVID-19 virusuna yoluxub. News24.az xəbər verir ki, bir neçə gündür koronavirusdan müalicə olunan Mirvari xanım bu dəqiqələrdə şəxsi facebook səhifəsində xəstəliklə bağlı fikirlərini bölüşüb.

M.Fətəliyeva bu cümlələrləbu günlərdə ona görə narahat olan insanlara da təşəkkürünü bildirib: "Əziz dostlar,
Hər birinizə ayrı ayrılıqda təşəkkür etməyə səhhətim hal hazırda imkan vermədiyi üçün bu mesajı Sizlərə ünvanlayıram.

Mənə olan sevginiz, rəğbətiniz, ünvanladığınız xoş sözlər, dualar inanın məni çox təsirləndirdi və mənə inanmayacağınız dərəcədə güc qüvvət verdi.

Bütün dünyanı təşvişə salan Covid19 virusu təəssüf ki, məndən də yan keçmədi.

Elm aləmi, eləcədə hər birimiz üçün yeni olan bu virus haqqında doğru olub olmayan bir çox məlumatlar yayılıb.

Virusun əsasən səhhətində müəyyən problemləri olan yaşlı nəsilin nümayəndələri üçün təhlükəli olması barədə artıq hamımız bilirik. Amma çox təəssüf ki, heç bir sağlamlıq problemi olmayan gənclər də bu virusdan dünyasını dəyişmə təhlükəsi qarşısındadır. Fransada və digər ölkələrdə artıq biz bunun şahidiyik.

Hər bədən bu virusa müxtəlif cür reaksiya verir, bəzi insanlar heç hiss etmədən də bu xəstəliyin daşıyıcısı ola bilər.

Mənə bir çoxlarınız bu virusun simptomları və müalicəsi haqqında suallar verirsiniz. Çalışacağam ki, öz təcrübəmi Sizlərlə bölüşərək vəziyyətin nə dərəcədə ciddi və təhlükəli olduğunu çatdırım və bəlkə də müəyyən dərəcədə Sizə kömək olum.

Məndə simptomlar ilk olaraq bir necə gün halsızlıqla başladı, daha sonra baş ağrıları, boğaz qıcıqlanması, ishal, növbəti günlər isə beldən aşağı kəskin sümük ağrıları və nəfəs almaqda cətinlik çəkməklə müşahidə olundu. İlk günlər ciddiyə almasam da vəziyyətim daha da ağırlaşmağa başladı və məcbur yaşadığım ərazidəki xəstəxanaya müraciət edərək skayner vasitəsilə müayinədən keçdim və Covid19 virusuna yoluxduğum həmin gün təsdiqləndi.

Qeyd edim ki, kimi Fransada xəstəxanalarda vəziyyət olduqca acınacaqlıdır, yerlər çox məhduddur və yalnız yüksək tempratura və nəfəs çatışmamazlığından əziyyət çəkən xəstələr müalicə üçün qəbul edilir. Buna görə də mənim ev şəraitində qalmağımı və müalicə almağımı məsləhət gördülər.

Mən artıq 4 gündür ki, həkimlər tərəfindən müəyyən edilmiş dərmanlardan istifadə edirəm və vəziyyətimdə müsbət irəliləyişin olduğinu hiss etməyə başlayıram. Ağrılarım səngiyib, təngənəfəsliyim isə get-gedə azalmağa başlayıb.

Təəssüf ki, təyin edilmiş müalicə hər xəstə üçün individual olduğundan bu haqda açıqlama verməyim düzgün olmaz.

Onu da qeyd edim ki, bəzən insanlar düşünür ki, əgər bir dəfə virusa yoluxuruqsa bədən öyrəşir və artıq təhlükə yoxdur amma sağalan xəstələrdə yenidən yoluxma halları müşahidə olunur.

Sevinirəm ki, Azərbaycanda vaxtında, yoluxma sayının çox az olduğu andan ciddi tədbirlər görüldü ki, bu da sürətlə yayılmanın qarşısını almağa köməklik etdi. Təəssuf ki, Fransada çox gec xüsusi rejim tətbiq edildi. Vəziyyət o yerdədir ki, artıq xəstəxanalarda yer məhdudiyyətindən yaşa görə seçim etmək məcburiyyətindədirlər.

Sizə bu müraciətimlə vəziyyətin nə dərəcədə ağır və ciddi olduğunu vurğulamaq eləcə də özünüzü , yaxınlarınızı, ətrafınızdakıları qorumaqla bütün xalqımızı qorumağa səsləməkdir.

Eyni zamanda həyatlarını təhlükəyə alaraq gecə gündüz bizləri qorumaq üçün çalışan tibb işçilərinə öz dəstəyimizi qayda-qanuna riyayət etməklə göstərək.

Və sonda doğum günüm münasibəti ilə mənə ünvanladığınız mesajlar üçün xüsusi təşəkkürümü bildirir, səhhətim yaxşılaşan kimi hər birinizi ayrı ayrılıqda cavablandıracağam.

SEVGINIZ, RƏĞBƏTINIZ ÜÇÜN ÇOX SAĞ OLUN, DUALARINIZ HƏR BIRIMIZI QORUSUN!"

Mənbə: news24.az