Həkimlərimiz əsl peşəkarlıq, iradə nümayiş etdirir - Eşq olsun Azərbaycan həkimlərinə!

Həkimlərimiz əsl peşəkarlıq, iradə nümayiş etdirir - Eşq olsun Azərbaycan həkimlərinə!

Bütün dünya koronavirusla mübarizədə ön cərgədə gedən, gecə-gündüz çalışan, həyatlarını riskə atan həkimləri alqışlayır. Azərbaycan həkimləri də əsl peşəkarlıq, iradə nümayiş etdirməklə bu çətinliyin öhdəsindən gəlmək üçün var gücü ilə çalışırlar. Dövlət öz növbəsində həkimlərin əməyini yüksək qiymətləndirir, onların səmərəli fəaliyyətini təminklə, koronavirus xəstələrini müalicə edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün bütün zəruri addımları atır. Prezident İlham Əliyevin həkimlərimizi ayaq üstə alqışlaması isə onlara daha böyük stimul idi.

Xalqın sağlamlığı, təhlükəsizliyi həm də həkimlərin əməyindən asılıdır. Dövlət başçısının Azərbaycanın ən böyük xəstəxanalarından biri “Yeni Klinika”nın açılış mərasimində xəstəxananın kollektivi ilə görüşdən sonra həkimləri ayaq üstə alqışlaması onların ölkəmizdə koronavirusla mübarizədə verdikləri əməyin qiymətləndirilməsi idi. Dövlət başçısı həmçinin qeyd etdi ki, hazırda koronavirus xəstələri ən həssas təbəqədir, onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir.

Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində böyük işlər görülüb. 2004-cü ildən bu günə qədər 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Dövlət baçsını onu da qeyd etdi ki, son illərdə həkimlərimizin peşəkarlığı böyük dərəcədə artıb.

Koronavirusa yoluxan xəstələrin müalicəsi zamanı real təhlükə ilə üz-üzə olan həkimlərimiz öz işlərinin öhdəsindən fədakarcasına gəlirlər. Onlar bu işdə dövlətin və xalqın dəstəyini hiss etdiklərini bildirirlər.

Biz həkimlərə güvənir, onların yorulmaz fəaliyyətinin nəticəsiz qalmayacağına inanırıq. Bu gün həkimlərə köməklik göstərmək, onların işini asanlaşdırmaq hər bir vətəndaşın borcudur!

Mənbə: www.atv.az