Kanadada koronavirusa yoluxan azərbaycanlı: “Təlaşa düşməyin, ancaq xəstəliyə ciddi yanaşın” - MÜSAHİBƏ

Kanadada koronavirusa yoluxan azərbaycanlı: “Təlaşa düşməyin, ancaq xəstəliyə ciddi yanaşın” - MÜSAHİBƏ

Bu gün Kanada dünyada koronavirus xəstələrinin sayına görə, 15-ci yerdədir. Əyalətlərinin yarıdan çoxunda fövqəladə vəziyyət tətbiq edilib. Baş nazir Castin Trüdo ölkə boyu fövqəladə vəziyyət rejiminin tətbiq olunacağını istisna etməyib.

Hazırda Kanadada 6320 nəfər koronavirusa yoluxub. Onlardan 65-i ölüb, 573 nəfəri isə sağalıb.

Media.Az Kanadanın ən böyük şəhərlərindən olan Torontoda yaşayan həmyerlimiz Ruslan İsmayılzadə ilə əlaqə saxlayıb. Koronavirus infeksiyasından sağalan gənc təcrübəsini bizimlə bölüşməyə razı olub.

R.İsmayılzadə bildirib ki, koronavirusa yoluxan insanların əksəriyyəti ya bunu ümumiyyətlə bilmir, ya da yüngül simptomları olan qrip kimi keçirirlər.

Onun fikrincə, xəstələrin yalnız 20 faizi bu virusa yoluxmanı pis keçirir:

- Allaha şükür ki, mən həmin qrupa mənsub olmamışam. Bu virusu normal bir qrip kimi ötürdüyümü söyləyə bilərəm.

- Koronavirusa yoluxduğunuzu haradan bildiniz?

- Martın ortası idi. İş ortağımla birlikdə Nyu-Yorka getməli idim. ABŞ-da olduğumuz təqribən beşinci və ya altıncı gün ikimizdə də yüngül qızdırma oldu, öskürək başladı. Küçədə çox vaxt keçirdiyimiz üçün bunun soyuqdəymə olduğunu düşündük. Bu simptomlarla Nyu-Yorkda daha üç-dörd gün qaldıq. Sonradan məlum oldu ki, xəstəlik belə başlayır.

Kanadaya qayıtdıqdan sonra gömrükdə yoxlandıq, bir neçə sual verdilər. Kanadada koronavirusu yoxlamaq üçün xüsusi mərkəzlər yaradılıb. Ancaq hər kəs testdən keçmir, yalnız müəyyən meyarlara cavab verənlər yoxlanılır. Üstəlik, qızdırma və öskürək buna daxil deyil.

Kanadada yoluxanlar çoxdur, sadəcə, xəstəlik yüngül keçdiyi üçün onlar testdən keçmirlər. Bizi ona görə yoxladılar ki, simptomlardan başqa bir vacib meyar var idi: 14 gündən az müddətdə xaricdən qayıtmışdıq. Beləliklə, Kanada sərhədini keçdikdən iki gün sonra koronavirus infeksiyası testindən keçdik.

Sınaqdan sonra özünütəcrid şərti ilə evə buraxıldıq. Bu qayda ölkədəki bütün səfərdən gələnlərə şamil olunur. Xəstə olmasalar belə, iki həftə evlərini tərk etməməlidirlər.

Testi verdikdən iki gün sonra bizə Mərkəzdən zəng vurdular və cavabların pozitiv çıxdığını, yəni COVID-19-a yoluxduğumuzu bildirdilər. Bizə dedilər ki, özümüzü yaxşı hiss etsək belə, təcrid olunmağa davam etməliyik. Temperaturun artması ilə “parasetamol” qəbul etmək və ağırlaşmalar olarsa, 911 nömrəsinə zəng etməyimiz tövsiyə edildi. Burada yalnız boğulma və tənəffüs problemləri olan ciddi xəstələr xəstəxanalara aparılır.

- Müalicə necə keçdi?

- Dostum və mən özümüzü təcrid etmişdik. Vaxtaşırı temperatur yüksəlirdi, öskürürdük. Özümüzü yorğun, zəif hiss edirdik, ayaqlarımız ağrıyırdı. Ümumiyyətlə, koronavirus infeksiyasının ilk əlaməti öskürəkdir.

- Artıq sağaldığınızı nə vaxt başa düşdünüz?

- İki həftəlik özünütəcriddən sonra martın 25-də yenidən Mərkəzə müraciət etdik və analizdən keçdik. Ertəsi gün nəticələrin mənfi olduğu barədə məlumat verildi, sağalmışdıq. Ancaq yenə bir həftə karantində qalmalı idik, çünki hələ də digər insanlara virusu yoluxdura bilərdik. Bizə dedilər ki, 72 saat ərzində heç bir simptom görünməsə, özümüzü tamamilə sağlam hesab edə bilərik.

- İndi özünüzü necə hiss edirsiniz?

- Hələ də özünütəcriddəyik, çölə çıxmırıq. Üstəlik, Torontoda fövqəladə vəziyyət rejimi tətbiq olunub. Özümüzü necə hiss etməyimizə gəlincə, qoxu və dad hisslərimizi tamamilə itirdik. Bizim üçün bütün mayelər su dadır, hər hansı bir yemək süngər kimidir. Bu virusdur - ya sətəlcəm, ya da qoxuları və dadları ayırd etmək qabiliyyətinin itirilməsi ilə başa çatır.

- Qohumlarınızın Azərbaycanda nələr yaşadığını təsəvvür edirəm...

- Onların xəbəri yox idi. Koronavirusun mediada yalnız ölümcül bir xəstəlik kimi yer alması səbəbindən insanlarda təlaş yaranıb. Xəstəlik barədə həm Azərbaycanda yaşayan valideynlərimizə, həm də Kanadadakı dost və tanışlarımıza bildirmədik. Yalnız analizin nəticələri neqativ çıxdıqdan sonra hamıya hər şeyi izah etdik.

- Oxucularımıza nələri demək istərdiniz?

- Ən pisi odur ki, koronavirusun əsas daşıyıcıları adi soyuqdəymənin yüngül əlamətlərini daşıyan insanlar və ya ümumiyyətlə, simptomları olmayan xəstələrdir. Lakin onlar zəif immun sistemi və ya xroniki xəstəlikləri olan insana yoluxdura bilərlər, bu isə ciddi fəsadlara səbəb ola bilər. Adi qrip olduğunuzu düşünsəniz də, tamamilə sağlam olana qədər özünüzü təcrid edin.

Bütün azərbaycanlılara tövsiyəm evdə qalmaları və tövsiyələrə əməl etmələridir.

Temperaturun istənilən dərəcədə yüksəlməsinə koronavirus kimi baxın. Hər bir dövlətin səhiyyə sahəsində müəyyən mənbələri var, ancaq onlar da sonsuz deyil. Əlavə yük yaratmağın yeri yoxdur.

Hazırda İtaliya, İspaniya və hətta ABŞ-da olan vəziyyəti görürük. İtaliyanın vəziyyətə ilk əvvəl necə reaksiya verdiyini xatırlayın. Eyni şeyi təkrarlasaq, 20 gündən sonra həmin nəticələrlə qarşılaşacağıq.

Koronavirusa yoluxsanız, qorxmayın. Temperaturu aşağı salmağa və öskürəyi müalicə etməyə çalışın. Təlaşa düşməyin, ancaq eyni zamanda xəstəliyə ciddi və məsuliyyətlə yanaşın.

Mənbə: www.oxu.az