Borc verdiyi şəxs tərəfindən döyülən vətəndaşın şikayəti araşdırılmır? - RƏSMİ AÇIQLAMA

Borc verdiyi şəxs tərəfindən döyülən vətəndaşın şikayəti araşdırılmır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə və bəzi saytlarda Mingəçevir şəhər sakini Nazir Əliyevin müraciətinə baxılmaması ilə bağlı məlumatlar paylaşılıb.

Oxu.Az-ın məlumatına görə, Daxili işlər Nazirliyi məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, vətəndaş N.Əliyevin Mingəçevir Şəhər Polis Şöbəsində onun müraciətinə baxılmaması və araşdırılmaması ilə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir:

“Müraciət daxil olduğu andan etibarən həmin məsələyə hüquqi qiymət verilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, martın 23-də DİN-in “102” Zəng Mərkəzinə və ayın 26-da Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Nazir Əliyev Vüqar Ələkbərov adlı şəxs tərəfindən döyüldüyünü bildirib”.

“Daxil olmuş müraciət əsasında Mingəçevir ŞPŞ-nin Təhqiqat bölməsində araşdırmalara başlanılıb, N.Əliyevin bədənində olan xəsarətləri müəyyənləşdirmək məqsədilə tibbi ekspertiza təyin edilib və ona burun sümüyünün sınığı diaqnozu qoyulub. Eləcə də, hadisə şahidlərinin izahatları alınıb.

Araşdırma zamanı müəyyən olunub ki, bu iki şəxs arasında mübahisə borc üstündə yaranıb. Təxminən üç ay öncə V.Ələkbərova borc pul verən N.Əliyev həmin məbləği ondan ala bilmədikdə aralarında mübahisə yaranıb və sonuncunun xəsarət alması ilə nəticələnib. Hazırda baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlərin görülməsi davam etdirilir”, - deyə DİN rəsmisi qeyd edib.

Qeyd edək ki, Mingəçevir sakini Nazir Əliyev iddia edib ki, son beş gün ərzində müxtəlif vaxtlarda eyni şəxs tərəfindən döyülüb. Hər ikisində polisə müraciət etsə də, şikayəti qəbul edilməyib.

Mənbə: www.oxu.az