Elnur Allahverdiyevdən maraqlı təklif: Yaşı 65-dən yuxarı insanlar evdən çıxmadan təqaüdlərini belə ala bilər

Elnur Allahverdiyevdən maraqlı təklif: Yaşı 65-dən yuxarı insanlar evdən çıxmadan təqaüdlərini belə ala bilər

“Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi qadağa və məhdudiyyətlər şəraitində yaşlı nəslin nümayəndələrinin təqaüdlərini almaları prosesi bir sıra çətinliklərlə müşayiət oluna bilər”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Millət vəkilinin sözlərinə görə, bu məhdudiyyət və qadağalar vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması və yoluxma hallarının daha geniş miqyasda yayılmasının qarşısının alınmasına yönəlib.

“Məhdudiyyət, qadağa tətbiq olunarkən ortaya müəyyən çətinliklərin çıxması təbii haldır və onların mümkün həlli yolları diqqətimizdən kənarda qalmamalıdır.

Xüsusi karantin rejimi şəraitində bu virusun xüsusiyyətləri etibarilə yaşlı nəslin nümayəndələrinin, daha dəqiq desək, yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın evlərini tərk etməsi qadağan olunub.

Nəinki qadağan edilir, hətta əks halda onlara qarşı cəza tədbirləri də görülə bilər. Təbii ki, sözügedən qadağa bu yaş kontingentinə aid olan şəxslər üçün bir sıra çətinliklər yaradır, məsələn, ərzaqla və ya dərman ləvazimatları ilə təminat problemi.

Vətəndaşlarımızın bir qisminin övladları, qohumları, etibar etdiyi şəxslər var. Həmin şəxslər vətəndaşların müəyyən məhsullara ehtiyaclarının təmin olunmasına kömək göstərə bilərlər. Eyni zamanda, bu yaş qrupuna aid tənha vətəndaşlarımız da var.

Dövlətin problemə dair mövqeyi bundan ibarətdir ki, belə tənha şəxslərə sosial xidmət sahəsinin işçiləri lazımi köməyi göstərməlidirlər. Artıq bu istiqamətdə müvafiq çağrı mərkəzi fəaliyyət göstərir. Ancaq daha bir məqam var ki, diqqətimizdən qaçmamalıdır: 65-dən yuxarı yaşda olan təqaüdçü vətəndaşlarımızın təqaüdlə təminatı”, - deyə deputat qeyd edib.

E.Allahverdiyev problemin həlli istiqamətində bir sıra təxirəsalınmaz addımların atılmasına ehtiyac olduğunu bildirib:

“Birincisi, bankomatlar əksər hallarda faktiki yaşayış ünvanlarından aralıda yerləşir. Bu səbəbdən vətəndaş müəyyən məsafəni qət etməlidir. Əgər 65 yaşından yuxarı olan vətəndaşa evdən çıxmağa icazə verilmirsə və əgər o, tənhadırsa, bu halda təqaüdü necə alacaq?

İkincisi, təqaüdçü bankomat qarşısında növbədə gözləməli olur. Bu, əslində, bizə tanış səhnədir. Biz vətəndaşlarımızı bu kimi növbələrdə iki metrlik məsafə saxlamağa çağırırıq ki, yoluxma halları minimuma ensin. Həmin bankomat qarşısındakı növbələrdə bu çağırışa riayət edən olacaqmı? Yaxud neçə faiz şəxs riayət edəcək?”

Millət vəkilinin fikrincə, daha bir çətinlik bankomatların özlərinin virus ötürücü ola bilmələrindədir. Belə ki, virusa yoluxma halları bankomatlardakı əməliyyatlar zamanı da baş verə bilər. Yəni artıq virusa yoluxmuş şəxs bankomatın xidmətindən istifadə edir, düymələrə toxunur və ondan keçən virus digər şəxsə ötürülür. Hər bir şəxs kimi 65-dən yuxarı yaşı olan vətəndaşlarımız da bu təhlükədən sığortalanmayıblar.

Deputat vəziyyətdən konkret çıxış yolları təklif edir:

“Müvəqqəti çətinliyin həlli məqsədilə təqaüdlərin verilməsi prosesinə bütün banklar cəlb oluna bilər. Banklar vətəndaşın əvvəlcədən sorğu mərkəzinə etdiyi müraciəti əsasında ona qapıda – ünvanında post-terminal vasitəsilə özəl xidmət göstərə bilər. Burada təqaüdlərin verilmə tarixini də diqqətdən qaçırmamalıyıq. Yəni yaşlı vətəndaşı təqaüdün verilmə tarixi barədə əvvəlcədən məlumatlandırırlar, o da həmin tarixə əsasən qabaqcadan sorğu mərkəzinə müraciət edə bilər”.

E.Allahverdiyev hesab edir ki, bu prosesə eyni mexanizmlə özünün innovativ təklifləri, məsələn, “Şəbəkə” xidməti ilə poçtun da qoşulması mümkündür. Poçt əvvəllər əhaliyə bu xidməti göstərib. İndi isə problemə özünün yeni, kreativ yanaşmaları ilə qatıla bilər. Bu halda da təqaüdçü əvvəlcədən çağrı mərkəzinə müraciət edir, bundan sonra isə poçt onun təqaüdünü yaşadığı ünvana, fərdi qaydada çatdırır. Bu xidmətin xərclərini dövlət öz üzərinə götürə bilər, nəzərə alsaq ki, bu, həm də müvəqqəti xarakterli aksiyadır.

“Hesab edirəm ki, bununla biz yaşı 65-dən yuxarı olan tənha təqaüdçülərimizə münasibətdə nəcib addım atmış olarıq. Eyni zamanda, bankomatlar qarşısındakı növbələri qısaltmaqla vətəndaşlarımızın, xüsusilə də risk qrupunda olan soydaşlarımızın səhhətinin qorunması işinə dəstək verə bilərik”, – deyə millət vəkili bildirib.

Mənbə: www.oxu.az