Azərbaycan ardıcıl həyata keçirilən "evdə qal" tədbirlərindən nələr əldə etdi…

Azərbaycan ardıcıl həyata keçirilən "evdə qal" tədbirlərindən nələr əldə etdi…

Rüfət Quliyev: “Evdə qala bilməyib sosial həyata can atanlar, əmin olun ki, evdə canınızın sıxılması nəfəs darlığından yaxşıdır”

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə insanlara müraciət etməyə davam edir.

Beynəlxalq təşkilat bununla bağlı kampaniyaya başladığı #evdəqal həştəqi ilə insanları evdə qalmağa və həyatları xilas etməyə çağırır. Rəsmilər isə evdə qalmanın vacibliyini sosial şəbəkələr vasitəsilə insanların diqqətinə çatdırmağa çalışırlar. Daimi olaraq çağırışlar edirlər.

Prezident İlham Əliyev də ölkə əhalisinə evdə qalmaqla bağlı çağırış edib.

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara vətəndaşlarımız qeyd-şərtsiz əməl etsələr, həmrəylik göstərsələr, koronavirus pandemiyasına tez bir zamanda az itkilərlə və çox az fəsadlarla qalib gələ bilərik”

Bütün cəmiyyətin və dövlətin apardığı "evdə qal” kampaniyasının ötən müddətdə nə kimi effekt verdiyini öyrənmək məqsədilə millət vəkili Rüfət Quliyevə müraciət etdik.

R.Quliyev bildirdi ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına hər kəs riayət etməlidir: “Evdə qalmaqla həm vətəndaşlarımızı, həm də dövlətimizi qorumuş olacağıq. Zərurət olmadıqca evdən çölə çıxmamaq daha məqsədəuyğundur”.

Millət vəkili hesab edir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara vətəndaşlarımız qeyd-şərtsiz əməl etsələr, həmrəylik göstərsələr, koronavirus pandemiyasına tez bir zamanda az itkilərlə və çox az fəsadlarla qalib gələ bilərik: “Ölkəmizdə koronavirusun kütləvi yayılmasının qarşısını almaq üçün hər birimizin öhdəliyi var. Unutmayaq ki, qeyd olunan tövsiyələrə əməl etməklə həm özümüzü, həm də doğmalarımızı bu virusdan qorumuş olarıq. Evdə qala bilməyib sosial həyata can atanlar, əmin olun ki, evdə canınızın sıxılması nəfəs darlığından yaxşıdır”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com