Ərini dəlicəsinə sevən Valentina çəkinə-çəkinə doktor Ədilənin qulağına pıçıldamışdı...

Ərini dəlicəsinə sevən Valentina çəkinə-çəkinə doktor Ədilənin qulağına pıçıldamışdı...

Əfsanəvi sovet kosmonavtı Yuru Qaqarinin daha bir şahidi dünyadan köçdü. Sovet və Rusiya tibb elminin görkəmli nümayəndəsi, həkim-fizioloq Ədilə Ravqatovna Kotovskaya 1927-ci ilin 22 oktyabrında Özbəkistanın Səmərqənd şəhərində dogulub. Öncə Səmərqənddə, sonra Moskvada təhsil alıb. Gənclik illərini elmi-tibbi tədqiqatlara həsr edən və fizioloji problemləri araşdıran Ədilə xanım tezliklə tanınmış tibb alimlərinin də diqqət mərkəzinə düşüb və az keçməyib ki, tibb elmləri doktoru, professor elmi dərəcəsi alaraq tibb-fizioloji problemlər üzrə laboratoriyanın müdiri təyin edilib.

Ədilə Kotovskaya həm də Beynəlxaq Astronavtika Akademiyasının həqiqi üzvü kimi bir çox Rusiya və xarici elm-təhsil mərkəzlərində mühazirələr oxuyub. Sovet, rus alimi Ədilə Kotovskayanı unudulmaz edən əsas amil isə bu qadının kosmonavtika tarixinə Yuri Qaqarinin şəxsi həkimi kimi düşməsidir. O, uçuş öncəsi və təlim müddətində Yuri Qaqarinin fiziki göstəricilərinə birbaşa cavabdeh olub və həmin dövrlərlə bağlı xeyli maraqlı xatirəsi var.

Ədilə Kotovskaya - Qaqarinin növbəti şahidi öldü. Elə bu ilin, 2020-ci ilin 17 martında dünya şöhrətli sovet kosmonavtının xanımı Valentina Qaqarina 84 yaşında vəfat etmişdi. Valentina Qaqarina ilə Ədilə Kotovskaya uzun illər dostluq ediblər. Ə.R.Kotovskaya 2020-ci ilin 29 martında 94 yaşında dünyadan köçüb. Bir zaman ərini dəlicəsinə sevən (o, Yuri Qaqarinin yoxluğundan sonra iki uşaq böyüdüb və ərə getməyib) kosmonavtın gənc arvadı Valentina çəkinə-çəkinə doktor Ədilənin qulağına pıçıldamışdı: "Yuranın bu işə yararsız olduğunu elə istərdim..." Lakin belə arzu, təklif eşidən və xüsusi nəzarət altında olan Ədilə Kotovskaya sərt şəkildə saxtakarlıq etməyəcəyini söyləmişdi. Nəhayət ki, əsas mərhələdə, son seçim prosesində German Titovu üstələyən Qaqarin kosmosa uçan ilk sovet astronavtı kimi 1961-ci ildə doktor Ədilə Kotovskayanın verdiyi arayışdan sonra səmaya üz tuta bilmişdi.

 

Oqtay Qorçu

Mənbə: moderator.az