“Ölüm ya olum” söhbəti – Maska yoxluğunu maskalamaq

“Ölüm ya olum” söhbəti – Maska yoxluğunu maskalamaq

“Koronavirus pandemiyasına bütün xəstələri təcrid etməklə və hamıya maska geyindirməklə nail olmaq mümkündür. Bu fikri Koronavirus və SARS viruslarının genomunu kəşf edən çinli alim Corc Qao səsləndirib.

O bildirib ki, Avropa və ABŞ-ın ən böyük səhvi bundadır ki, insanlar maska taxmırlar. Bu virus hava damcı yolu ilə yayılır. Danışarkən ağızdan kiçik su damcırı çıxır. Bir çox insanlarda bu virus simptomsuz və inkubasiya dövrü şəklində olur. Maska taxılsa virus yayılmaz”.

Bizim ölkədə isə maska çatışmazlığını “maskalamaq” naminə deyirlər, maskanı yalnız xəstələr taxmalıdır. Axı inkubasiya dövründə ötürülmə qabiliyyəti olan bu virusun kimi xəstə edib- etməyəcəyini bilmək mümkün deyil. Xəstə olan da olmayanda maskalanmalıdır ki, özümüzü karantinə aldığımız kimi, çölə- bayıra çıxanda nəfəsimizi də karantinə ala bilək. Küçədə maskasız görülən adamlara polislər və ya müxbirlər yanaşıb qınayırlar. “Niyə maskasız gəzirsən?” deyirlər. Adam yaxın yörədəki heç bir aptekdən maska tapa bilmir,neynəsin? Bunun üçün avtobusa minib gərkəsiz yerə maska axtarışına çıxsın?Əli boş dönəcəyini bilə-bilə?. Yoxdur.

 

İbrahim Məmmədov

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə AZTV-də çıxışı zamanı qeyd edib ki, küçəyə çıxan hər bir kəs mütləq maskada olmalı və ümumiyyətlə dövlətin tətbiq etdiyi tədbirlərə uyğun olaraq, ehtiyac olmadıqca küçəyə çıxmamalıdır.

“Həkimlər sağlamlıq üçün insana təmiz hava və günəş lazımdır deyirlər. Onlar ümumilikdə sağlamlıq qaydalarından danışırlar. Amma indi xüsusi vəziyyətdir. Bu vəziyyətdə sağlam qalmaq, xəstələnməmək üçün evdən çıxmaq olmaz. Ölkədə maskalar ilk növbədə, həyati əhəmiyyətli obyektlərə, təhlükəzisliyimizi təmin edən həkimlərə, xəstələrə, polislərə, gömrük işçilərinə paylanılır”.

Bu arada mən polislərin də küçələrdə kampaniya xarakterli sürücülərə maska paylamasını anlamıram. Kənardan təqdirəlayiq hal kimi görünür. Amma sürücü öz avtomobilində ictimai nəqliyyatdakı insana nisbətən daha təcrid olunmuş haldadı. Ehtiyacı olanlar əl-əl gəzir tapa bilmir. Maska bu an həm sağlamlıq, həm də psixoloji qalxan rolunu oynayır. Maska tikəcək fabrikin açılması söhbəti dolansa da bu müəssisənin işə başlaması ən yaxın gələcəkdə mümkün olacaq. Burada maksimal gündəlik istehsal həcmi 200 min maska olaraq nəzərdə tutulub.

Nə zaman olacaq sualımızın da cavab olaraq İbrahim Məmmədov qeyd edib ki, “bu istehsal prosesidir. Bunun gününü, saatını dəqiq demək çətindir. Mühəndislər başa düşürlər ki, bunu dəqiqliklə demək olmur”.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə xəstə olmayanların maska istifadə etməsinin koronavirusla mübarizədə faydadan çox, əlavə risk yaratdığı xəbərdarlığını edib.

“Virus maskanın yanlış şəkildə çıxarılması ilə də yayıla bilər. Bu halda maskalar əlavə risklər yaradır. Buna görə də xəstə deyilsinzsə, maskalardan istifadə etməyin”.

Yaponiyada, virusla mübarizədə özünü qalib elan eləmiş Çində maska taxmayanları cərimələyirlər.Bu problemin həllində təcrübədə böyük rol oynayır. Təcrübə isə özünü təcridin və maskanın vacibliyini vurğulayır. Söhbəti yox, üzümüzü maskalamaq lazımdır.

İlhamə

Mənbə: www.bizimyol.info