Qaxda xüsusi karantin rejimi ilə əlaqədar tədbirlər davam etdirilir

Qaxda xüsusi karantin rejimi ilə əlaqədar tədbirlər davam etdirilir

Xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər Qax rayonunda da davam etdirilir.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, xüsusi karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb. Bu məqsədlə rayonun giriş hissələrində Qax Rayon Polis Şöbəsinin (RPŞ) Yol Patrul və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub. Koronavirus pandemiyasının təsir dairəsinin genişlənməsinin qarşısının alınması üçün bir rayondan digərinə gediş üçün qoyulan məhdudiyyətlərlə əlaqədar avtomaşınlar saxlanılır, sürücü və sərnişinlər yoxlanılır.

Həmçinin rayon ərazisində polis əməkdaşları tərəfindən mütəmadi olaraq sakinlərlə maarifləndirici söhbətlər aparılır, xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə tələb və tövsiyələr vətəndaşların diqqətinə çatdırılır. Polis əməkdaşları tərəfindən onlara evdə qalmaları, çölə çıxmamalarının həm özləri, həm də digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır. Həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur. Eləcə də fəaliyyət göstərməsinə icazə verilmiş obyektlər istisna olunmaqla, digər ictimai iaşə müəssisələrinin işləməsi karantin rejiminə uyğun olaraq dayandırılıb və rejim qaydalarının pozulmaması üçün Qax RPŞ-nin əməkdaşları tərəfindən onlara nəzarət olunur.

Mənbə: report.az