Taclı bəla, həmdərd dünya, biz...

Taclı bəla, həmdərd dünya, biz...

Dünya indi eyni rəngdədir. Daha doğrusu, eyni dərddədir: koronavirus adlı taclı bəladan necə qurtulaq?

Hər gün dünyanın ən inkişaf etmiş, hətta elmi-texniki tərəqqisi ilə öyünən ölkələrindən belə dəhşətli statistikalar eşidirik. Çin, İtaliya, Almaniya, Böyük Britaniya, İspaniya, Fransa... İnsanlar dəstə ilə qırılır.

Məsələn, Fransa sonuncu belə qırğını Əlcazirdə görmüşdü. Ümumilikdə Qərb belə qığınlara təxminən ötən il bu vaxta qədər Suriyadan, İraqdan İŞİD əlindən qaçanların Aralıqda dənizində batması zamanı tamaşa etmişdi. Bu tərəfdən də bizə indiyə kimi elm dalınca Çinə getməyi tövsiyə edənlər, indi ordan uzaq durmağa çağırırlar. Nəisə. Bəşər övladı hələ belə ironiya ilə rastlaşmamışdı.

Yanılmıramsa, dünya sonuncu dəfə faşizmə qarşı birləşəndə belə həmrəy və həmdərd olmuşdu. Yeri gəlmişkən, bu il o bəladan qurtulmağımızın 75 illiyidir. Qorxu hamını bir yerə necə yığmışdısa... hətta bir-birinə qənim olan ABŞ-la SSRİ də müttəfiq olmuşdu.

İndi isə hərə öz evinə çəkilərək mübarizə aparır. Təklənərək. Vaxtında təklənə bilməyənlər, təklənməyin hikmətinə əlini yelləyib keçənlər indi yuxarda sadaladığım ölkələrdə qara statistikanın qurbanıdırlar. Dünyaya dahi riyaziyyatçılar, ən dəqiq hesablayıcılar bəxş edən xaqlar bu dəfə hesabda yanıldılar. Çətin məsələdir.

İndi bu xaqlar tarixdə ilk dəfə olaraq özünüislah dövrünü yaşayırlar. “Biz harada və niyə səhv etdik?” sualı (hətta iradı) ilə. Onar virusun ağrısını qaldıra biləcəklər, amma bu sualın cavabını, çətin tapalar...

Biz azərbaycanlılar, Azərbaycan bu ümumbəşəri bəlaya qarşı elə 75 il əvvəlki kimi tədbirli davrandıq. Ölkədə görülən tədbirlər göz qabağındadır, təbliğata gərək yox. Hətta Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizin bu istiqamətdə gördüyü işləri yüksək dəyərləndirdi, Azərbaycanın bəzi Avropa ölkələrindən belə öndə olduğunu qeyd etdi.

Dünyada da bu məsələdə sözümüzü deyirik. Bəli, 75 il əvvəlki kimi Balkanlara “Mixaylo” göndərmirik, amma artıq Avropanın neçə ölkəsində “Mixaylo”larımız var. Ukraynada, İtaliyada, Almaniyada, Polşada və digər ölkələrdə səfirliklərlə yanaşı, diasporumuz - azərbaycanlıların birləşdiyi mərkəzlər, şuralar, Ev-lər ölkələrində yaşayan soydaşlarımızın sağlamlığı uğrunda taclı bəlaya qarşı partizan məskəninə çevriliblər. Sosial şəbəkələr bu barədə görüntülərlə doludur. Buna taclı həmrəylik də demək olar.

Açığı, indiyə qədər dünyanın ən mütəşəkkil şəbəkəsi sayılan dost yəhudi və düşmən erməni lobbisində belə bu mövzuda xüsusi bir operativlik görmədik. Deyirəm də, dünyada nəsə baş verir.

Qəfil gələn bir bəşəri bəla ilə mübarizədə kimisi nəyəsə keçir, kimisə nədənsə uzaqlaşır və yaxud qayıdır və sair. Amma görünən odur ki, bəşər övladı mübarizdir, buna da qalib gələcək. İnanmaq olmur dünyaya İbn Sinalar, Konfuzim, Nyütonlar, Mikelancolar, Leybnitslər, Dekartlar, Mendeleyevlər, Məmmədiliyevlər və sair bəxş edə bilən xaqlar bir yarasadan törəmə virusun qurbanı olsun.

İndilik bunun üçün faşistlərin toplaşdığı kinoteatrı partlatmağa getmək lazım deyil, sadəcə, evdə qalmaq lazımdır. İndiki bəşəri düşmənə qarşı ən öldürücü silah hələ ki budur...

Mübariz Aslanov

Mənbə: lent.az