"Şagirdlər məcbur 11 il yarıma məktəbi bitirəcəklər" – Təhsil eksperti

"Şagirdlər məcbur 11 il yarıma məktəbi bitirəcəklər" – Təhsil eksperti

Bildiyiniz kimi ölkədə koronvirus epidemiyasının yayılmasından sonra respublikada olan bütün təhsil müəssisələri bağlanmış və mart ayının 11-dən etibarən teledərslərə start verilmişdir. Təhsil Nazirliyinin bu qərarı icbari xarakter daşımadığından bir çox şagirdlər dərslərə qatılmayaraq, təhsildən geri qalırlar. Bəs belə vəziyyətlərdə dərslərdən geri qalan şagirdlər məktəblər açıldıqda hansı problemləri yaşayacaqlar? Mövcud vəziyyət yaya qədər davam edərsə şagirdlər dərsə qaldıqları yerdən davam edəcəklər?

Əsasən valideynlərə maraqlı olan bu suallara aydınlıq gətirmək üçün təhsil eksperti Qoşqar Məhərrəmovla əlaqə saxladıq.

O, Yeniavaz.com-a açıqlamasında teledərslərin olduqca vacib olduğunu və dərsə qulaq asmayan şagirdin dərs başlayan zaman adaptasiya problemi olacağını qeyd etdi:

“Hal-hazırda tək alternativ yol yalnız teledərslərdir. Ona görə də valideynlər bu məsələdə ciddi yanaşmalı, övladlarının dərsə yanaşmasını təmin etməlidirlər. Əks halda bu problemlər aradan qaldırılandan sonra yenidən dərs başlayan zaman uşaqlar adaptasiya problemi yaşayacaqlar. Bu problem də onların aylarını alacaq, bəlkə də müəyyən qədər təhsildən soyuyacaqlar. Əgər müəllimlər şagirdlərinə dərs keçə bilmirsə mütləq “online” dərs vəsaitləri ilə şagirdləri təmin etməlidirlər. Bundan başqa evində internet çıxışı olmayan şagirdlər də televiziyada yayımlanan dərsləri dinləyə bilərlər.

Dərslər yenidən normala qayıtdıqdan sonra teledərslərdə keçirilən bütün mövzular yenidən keçirilməlidir. Çünki, hal-hazırda orta məktəblərimizdə təhsilin icbari forması keçirilir. Buna görə də biz şagirdlərin hamısını dərsə baxsın deyə məcbur edə və ya baxan şagirdlərdən dərsə kim diqqətlə qulaq asdı, kim başa düşdü, bilmirik. Məlumdur ki, məktəbdə müəllimlər işləmir və dərs deyə bilmirlər. Onların yerinə dövlət bir müəllim təyin edib və o da minlərlə şagirdə dərs deməyə çalışır. Buna görə də düşünürəm ki, normal günlərə qayıtdıqda “online” dərslər sayılmamalı və təhsil qaldığı yerdən davam etdirilməlidir. Proqram gecikdirilməsin deyə şairdlərə əlavə dərslər, sürətləndirilmiş həftəsonu dərsləri salınmalı, müəllimlər və şagirdlər əl-ələ verib vəziyyətin öhtəsindən gəlməlidir”.

Ekspert eyni zamanda məktəblərin yay aylarına qədər bağlı olması ehtimalında əlavə semestrin salınma anlayışının mümkün olmadığını bildirdi: Belə vəziyyətdə, bu semestrin dərsini gələn semestr keçmək anlayışı düşünülə bilməz. Çünki hər zamanın öz hökmü var. Yəni, bu dövrdə biz bu dərsi keçmədiksə, gələn il bu dərsi keçə bilmərik. Onsuzda elə mövzular var ki, qısa zamanda, elələri də var ki, uzun müddətdə izah olunur. Əgər yaya qədər məktəb olmasa müəllim dərsdə mövzuya başladığı zaman uşaqlara öncə sual verəcək ki, mövzu haqqında bilikləriniz nələrdir. Uşaqlar əgər bilmirik, bu ötən semestrin mövzusudur, desələr, müəllim həmin mövzunu yenidən izah edib, əsas dərsə keçəcək. Bu yolla da problem aradan qalxa bilər. Yoxsa ümumi sürüşdürmə edərək, əlavə semestr salıb dərs keçmək çıxılmaz vəziyyətlərə gətirib çıxara bilər. Şagirdlər də bu zaman məcbur 11 il yarıma məktəbi bitirəcəklər. Ümumiyyətlə, şagirdlərin əleyhinə yox, leyhinə qərar verilməli, onlara əlavə dərslər salınmalı və dəstək olunmalıdır”.

İlahə Hüseynova

Mənbə: www.yeniavaz.com