Bütün xüsusi rejim qaydaları virusa yoluxma risqlərini azaltmağa xidmət edir - repetitor dərslərinin ləğvi də…

Bütün xüsusi rejim qaydaları virusa yoluxma risqlərini azaltmağa xidmət edir - repetitor dərslərinin ləğvi də…

Kamran Əsədov: “Koronavirus dünyanın siyasi, iqtisadi, sosial, mədəni vəziyyətini köklü şəkildə dəyişdi”

Xüsusi rejim dövründə fərdi tədris və repetitor xidmətləri dayandırılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Qərarda bildirilir ki, o cümlədən, bu sahədə evlərdə xidmət qadağan olunur.

Ekspertlər də xüsusi rejim dövründə repetitorluq fəaliyyətinin qadağan olunmasını təqdir edirlər.

“Pandemiyadan sonra təkcə ali təhsil sistemində deyil, eyni zamanda, orta məktəb səviyyəsində belə distant – məsafədən onlayn təhsil mümkün olacaq ”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, martın 3-dən etibarən tək orta və ali məktəblərdə yox, eyni zamanda, hazırlıq kursları və repetitorluqda da dərslər dayandırılıb: “Amma bir çox müəllim mövcud vəziyyətin ciddiliyini nəzərə almayaraq, evlərində və ya mərkəzlərdə bu prosesi həyata keçirirdi. Lakin sonradan xüsusi rejim tətbiq edildi və eyni məkanda bu xidmətin həyata keçirilməsi qadağan edildi. Bu, əlbəttə ki, ilk növbədə, şagirdlərin normal bilik əldə etməsinə çətinlik yaratmaqla bərabər, repetitorların da gəlir əldə etməsinə ciddi problem yaradacaq. Biz, birmənalı şəkildə, cari ildə keçiriləcək qəbul və buraxılış imtahanlarında əvvəlki illərlə müqayisədə daha aşağı nəticə gözləyə bilərik. Koronaviris dünyanın siyasi, iqtisadi, sosial, mədəni vəziyyətini köklü şəkildə dəyişdi. Biz birdən-birə yeni, virtual dünyaya daxil olduq. Bu yenilik təhsil sisteminə də öz təsirini göstərdi. Artıq onlayn, məsafədən təhsil dövrü başlayıb. 2009-cu ildən qanunvericilikdə distant təhsil nəzərdə tutulsa da, 11 il ərzində bu istiqamətdə heç bir iş görülmədi. Amma tətil elan edildikdən sonra məlum oldu ki, distant – məsafədən təhsil çox zəruridir”.

Həmsöhbətimiz hesab edir ki, pandemiyadan sonra təkcə ali təhsil sistemində deyil, eyni zamanda, orta məktəb səviyyəsində belə distant – məsafədən onlayn təhsil mümkün olacaq və biz virtual məktəblərin şahidi olacağıq: “Koronavirus pandemiyasından sonra da onlayn təhsilin davam edəcəyini düşünürəm. Çünki bu, təhsilin əlçatanlığı üçün çox zəruridir. Belə ki, bu və ya digər səbəbdən təhsildən kənarda qalanlar, dərsdə iştirak etməyənlər bu vasitə ilə normal dərslərdə iştirak edəcək və dərsin davamlılığı pozulmayacaq.

Distant təhsil təhsil xərclərini də azaldacaq ki, bu da təhsil alanların daha çox və fərqli istiqamətlərdə özlərini inkişaf etdirməsinə imkan verəcək.

Nəzərə alsaq ki, təhsil verənlər üçün təhsil alanlara lazımi bilik və bacarıqları çatdırmaq üçün onlayn sistemdə böyük yerlər lazım deyil, lazımi avadanlıqlar qurulmuş balaca otaqlar belə yetərlidir, bu da, öz növbəsində, təhsil alanların öz evlərində təhsil alması ilə vaxt və məsafə itkisini azaltmağa gətirib çıxaracaq”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com