Başqa ölkələrdə xüsusi karantinə alınmış xəstələr küçələrdə yatızdırılır, Azərbaycanda isə…

Başqa ölkələrdə xüsusi karantinə alınmış xəstələr küçələrdə yatızdırılır, Azərbaycanda isə…

İlqar Hüseynli: “Koronavirusla bağlı dövlət tərəfindən məhdudiyyətlərin qoyulması xüsusi əhəmiyyət daşıyır”

Çinin Hubey əyalətinin Uhan şəhərində ortaya çıxan yeni tip koronavirus dünya miqyasında 700 mindən çox insana yoluxub. Dünya ölkələri koronavirusdan qorunmaq üçün müxtəlif növ karantin həyata keçirirlər.

Məlumat üçün bildirək ki, martın 23-də Nazirlər Kabinetinin xüsusi toplantısından sonra “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun 25-ci maddəsinə əsasən, Azərbaycanda martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan olunub. Eləcə də koronavirus pandemiyasının bir sıra ölkələrdə sürətlə yayılması karantin rejiminə keçidi daha da sürətləndirib. Bununla belə, əksər ölkədə, o cümlədən, pandemiyanın tüğyan etdiyi dövlətlərdə əhalinin karantin rejiminə etinasızlığı koronavirusa yoluxma və ölüm hallarının kəskin artmasına səbəb olub.

Koronavirusdan ölənlərin sayına görə ikinci yerdə olan İtaliyada artıq fövqəladə vəziyyət elan edilib. Xəstələri xəstəxanada yerləşdirə bilməyən İtaliyada virus daşıyıcıları küçələrdə qalıblar. Onu da qeyd edək ki, bir sıra ölkələrdə hökumət sağalması tez mümkün olan xəstələri xəstəxanaya yerləşdirir. Ağır vəziyyətdə olanların taleyi isə sual altında qalır. Bu kimi hallar bir neçə xarici ölkədə yaşanır. Ancaq Azərbaycanda isə adıçəkilən xəstəlikdən əziyyət çəkənlər müasir standartlara cavab verən xəstəxanalarda, 4-5 ulduzlu hotellərdə müalicəsini davam etdirirlər.

“Ancaq bir sıra xarici ölkələr nəinki xəstələri müalicə etdirmir, əksinə, onların xəstəxanada yerləşdirilməsinə önəm vermirlər”

Sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, koronavirusla bağlı dövlət tərəfindən məhdudiyyətlərin qoyulması xüsusi əhəmiyyət daşıyır: “Dövlət bu virusla mübarizə aparmaq üçün nəyə qadirdirsə edir. Lakin bəzi vətəndaşlar vəziyyətin ciddiliyini anlamır və bunun fəsadlarının nəyə gətirib çıxaracağının fərqində deyillər. Məhz buna görə də bütün vətəndaşlarımız karantin rejiminin tələblərinə riayət etməlidirlər. Bu, dövlət və milli təhlükəsizlik məsələsidir. Azərbaycanda xəstəlik daşıyıcılarına xüsusi diqqət və qayğı göstərilir. Onların qısa müddətdə sağalması üçün hökumət lazımi işlər görür. Ancaq bir sıra xarici ölkələr nəinki xəstələri müalicə etdirmir, əksinə, onların xəstəxanada yerləşdirilməsinə önəm vermirlər”.

Mənbə: www.baki-xeber.com