Lənkəranda anım tədbiri onlayn formada keçirilib

Lənkəranda anım tədbiri onlayn formada keçirilib

Lənkəran Dövlət Universitetində 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri onlayn formada keçirilib.

Modern.az xəbər verir ki, Lənkəran Dövlət Universitetində (LDU) 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş bu ilki anım mərasimi qlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyası səbəbindən onlayn formada keçirilib.Tədbirə onlayn qatılan iştirakçılar günahsız qurbanların xatirəsinin yad edilməsinin vacibliyini yekdilliklə qeyd ediblər. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bir əsr öncə baş vermiş faciədən ətraflı danışıb.Bildirib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin digər bölgələrində davam etdirilən, minlərlə günahsız insanın, o cümlədən , çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnən soyqırım günündən bizi 1 əsrlik zaman fasiləsi ayırsa da, tarixdə heç nə unudulmur, heç nə də yaddan çıxmır.Professor Natiq İbrahimov 1992-ci ilin 26 fevral Xocalı qətliyamı üzərində xüsusi dayanaraq baş verənlərin bir daha təkrarlanmaması üçün keçmişin ibrət dərslərindən nəticə çıxarmağa , ermənilərin zaman-zaman xalqımızın başına gətirdiyi vəhşilikləri,törətdiyi dəhşətli soyqırımları unutmamağa çağırıb.

Müzakirəyə qatılan prorektorlar, dekanlar,kafedra müdirləri, bölmə rəhbərləri və digər rəsmilər qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu, soydaşlarımızın amansız işgəncələrə , qarətlərə məruz qaldığını , məhz Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini deyərək bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

Onlayn tədbirdə 1918-ci ilin martında Lənkəran quberniyasında baş verən hadisələrdən də danışılıb.Bildirilib ki, təkcə bu quberniyada martın 28-i-aprelin 2-si aralığında 2 mindən çox günahsız insan vəhşicəsinə qətlə yetirilib, 40 kənd yandırılıb, kəndlər viran qoyularaq əhalinin min zülmlə əldə etdiyi varidatı talan edilib.

Mənbə: modern.az