"Özündən demək olmasın, zəkalı insanlar təklikdə darıxmır" -  QAN TURALI

"Özündən demək olmasın, zəkalı insanlar təklikdə darıxmır" -  QAN TURALI

Azərbaycan dövləti isə baş verənlərdən nəticə çıxarıb, pandemiyanın ölkədə tüğyan etməsinin qarşısını almaq üçün bütün gücü ilə çalışır. Müxtəlif izolyasiya tədbirlər həyata keçirir, insanları narahat edəcək məsələlərin həlli üçün müvafiq iş planları hazırlayır.

Hazırkı vəziyyətdə vətəndaşlarımızın üzərinə də böyük vəzifə düşür. Ölkə ərazisində xəstəliyin geniş vüsət almaması üçün Operativ Qərargahın qərarlarına ciddi əməl etməliyik. Diqqətli və məsuliyyətli olsaq bu bəladan daha az itki ilə çıxa bilərik.

-Tural bəy, əsas gündəm koronavirusdur. Azərbaycanda koronavirusla mübarizə üçün xüsusi karantin elan edilib. Bir çox obyektlər, iş yerləri, təhsil müəssisələri bağlanıb. Tətil müddəti uzadılıb. Necə dəyərləndirirsiniz atılan addımları?

- İndiki reallıqda evdə qalmaq çağırışları çox əhəmiyyətlidir. Lakin bu sahədə bir çatışmazlıq var. Ya bu “evdəqal” tövsiyyələri cəmiyyətə düzgün çatdırılmır, ya da cəmiyyət başa düşmək istəmir. Əslində görünən odur ki, dünya əhalisinin 60-70 faizi koronavirus pandemiyasına yoluxacaq. Ölkələrin səhiyyə sistemi, kadr potensialı, tibbi ləvazimatları, yataqları, oksigen balonları bu qədər insanı nəzarətdə saxlamaq gücündə deyil. Ona görə də yoluxmanın azaldılması mütləqdir. Bunun üçün də sosial izolyasiya vacib şərtdir.

 

Hər bir dövlət üçün onun xalqı hər şeyən vacibdir. Hakimiyyətin mənbəyi xalqdır. Və bir dövlətin də ən vacib resursu elə onun xalqıdır. Misal üçün, fikir verin, Almaniya yoluxan insanları belə evə buraxır. Bizdə isə xaricdən gələnləri məcburi şəkildə karrantinaya alırlar. Niyə belə edirlər? Çünki dövlət də yaxşı bilir ki, bu insan evdə qalıb özünü sosial izolyasiya etməyəcək. Rayondan qohum-əqraba tökülüb gələcək. Ona görə də maariflənmiş xalqın əhəmiyyəti bir daha önə çıxır.

-İnsanlara evdə qalmaq tövsiyyə edilir. Hətta "evdəqal" kampaniyası başladılıb. Siz necə əməl edirsiniz bu karantin qaydalarına? Yazarlar azad ruhlu olur, çətin deyil ki evdəqalmaq...

-Müəyyən qədər bu epidemiyanın yayılma sürətini azaltmaq üçün evdəqalmaq məqsədəuyğundur. İnsanlarımız anlamalıdır ki, bu təcrübə təkcə Azərbaycanda yox, bütün dünyada tətbiq olunur. Əhalinin təhlükəsizliyini və sağlamlığı üçün bu cür karantin tədbirlərinin görülməsi əlbəttə ki, vacibdir. Əks halda koronavirusa yoluxan və ölən xəstələrin sayı həndəsi silsilə ilə sürətlə artar. Dövlət də zəruri iqtisadi addımları atmağa hazırlaşır.

-Evdə nə işlə məşğul olursunuz?

 

 

- Adi vaxtlarda nə işlə məşğul olurdumsa, karantin müddətində də həmin işlərlə məşğulam. Düzdür, işə getmədiyimiz üçün indi boş vaxtlarımız daha çox olur. Ev işləri görməklə yorğunluğumu çıxarır, başımı dincəldirəm. Filmlərə baxıram, günün böyük hissəsini isə koronavirusla bağlı xəbərləri, məqalələri oxumağa, yutub videolarına baxmağa gedir. Arada nəsə yazmağa çalışıram. Nə yalan deyim, bu aralar kitab oxumağa bir o qədər də həvəsli deyiləm. Qısaca, tək yaşamağıma rəğmən darıxmıram. Özündən demək olmasın, zəkalı insanlar təklikdə darıxmır. Ömrü boyu tək yaşamış Şopenhauer deyirdi ki, axmaq adamların boş vaxtı necə də mənasızdır. Bir çoxları bu mənasızlıqdan əziyyət çəkir. Halbuki bütün gözəl əsərlər təklikdə yazılıb. Budda 28 Mol-da özünü dərk edə bilməzdi. Həzrəti Məhəmməd peyğəmbərlikdən əvvəl günlərlə Hira mağarasına qapanır, özünü anlamağa çalışırdı. Təbii ki, biz onlar deyilik. Sadəcə deməyim odur ki, bu təklik bizim mənəvi intibahımızı da şərtləndirəcək.

Mənbə: sherg.az