Partiya sədri insanları evdən çıxmamağa çağırdı

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu koronavirusla əlaqədar insanları evdən çıxmamağa səsləyib.

Pravda.az-ın xəbərinə görə, A.Şakiroğlunun müraciətində deyilir:

“Sizə müraciət edərək dünyada sürətlə yayılmış, İtaliya, İspaniya, ABŞ, Çin, İran və bu kimi digər böyük dövlətlərdə minlərlə can almış və hazırda da ölkəmizdə yayılmaqda olan Covid19 virusunu ciddiyyətini anlamağa, övladlarınızın, əzizlərinizin, yaxınlarınızın və ən əsas da özünüzü qorumağa, bu məqsədlə evdə qalmağa səsləyirəm! Apardığım müşahidələr deməyə əsas verir ki, vətəndaşlarımızın böyük çoxluğu bu virusun ciddiliyinə hələ də tam bələd olmamış, bu səbəbdən də küçələrdən yığışmamaqdadır. Proseslərin belə gedişində hər bir işi dövlətdən də gözləmək doğru deyildir. Hər bir ailə özünü qorumağı bacarsa, evdə qalmağı təmin edə bilsə, bu bəşəri faciədən az itki ilə çıxma şansı əldə edəcəyik. Əks halda məsuliyyətsiz vətəndaş mövqeyi sərgiləyəriksə, əmin olun ki, bəşər tarixində böyük faciə yaşamış olacağıq. Hansı ki, əziyyətini ailələrimiz, övladlarımız, gələcək nəsillər çəkmiş olacaq!

 

Əziz soydaşlar, dəyərli partiyadaşlar!

 

Azərbaycanımızı, ailəmizi qorumaq, əmin olun ki, öz əllərimizdədir! Bu səbəbdən də hər bir vətəndaşımızı məsuliyyətli olmağa, maksimum dərəcədə karantin rejiminə əməl etməyə çağırıram. Düşünün. Düşünün ki, öz məsuliyyətsizliyimiz səbəbindən hazırda ölkəmizdə Covid19 virusuna 267 nəfər yoluxub. Bu rəqəm 20 yanvar faciəsində şəhid olmuş soydaşlarımızın ümumi sayından 2 dəfə çoxdur. Gəlin öz həmrəyliyimiz və məsuliyyətimizlə ölkəmizə növbədi 20 yanvar, Xocalı faciəsi yaşatmayaq!”

Qeyd: Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılıb.

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Niderlandın 101 yaşlı sakini koronavirusdan sağaldı

SONRAKI XƏBƏR

Koronavirus gənclərdə hansı əlamətlə ortaya çıxır?