Psixoloq, sən hardasan?

Psixoloq, sən hardasan?

Qəşəm Nəcəfzadə yazır...

Eşidəndə ki, metro bağlanır, kövrəldim. Metro açılandan nə qədər problem yaşasaq da, heç vaxt onun hərəkət cədvəlinə toxunulmayıb. Metro şəhərin ayaq səsləridir. Marşrutlar şəhərin qan dövranıdır. İstər-istəməz, nə qədər dözümlü olsan, gedişatı başa düşsən, baş verənləri anlasan belə, bütün bunlar insan psixologiyasına mənfi təsir göstərir.

Parklarda skamyalar sökülür və ya hasara alınır. İnsanların şəhərə çıxması məhdudlaşdırılır. Adamlar bir-birini görmür, darıxır, dərdini heç kəslə bölüşmür, sevdiklərinə həsrət qalırlar. Qohumlar bir-birinin evinə gedə bilmir. Restoranlar, “mall”lar, çayxanalar - bütün iaşə obyektləri bağlanır.

Rayonlarla əlaqə azalır, hətta rayonlararası gediş-gəlişə müəyyən hədd qoyulur. Əksər iş yerlərində insanlar dövlət hesabına bir aylıq məzuniyyətə göndərilir. Bütün baş verənlər insanların sağlamlığının qorunması üçündür, başa düşürəm, amma bunlar həm də insanda stress, qorxu yaradır.

Kütləvi informasiya vasitələri, internet saytları, sosial şəbəkələr, radio və televiziyalar hər gün koronavirus haqqında ciddi, bir az da əsəbi məlumatlar yayır, statistika insanları sarsıdır. “Koronavirusun müalicəsi hələ ki, tapılmayıb” fikri sosial şəbəkələrdən insanların beyninə köçür. Elə bil informasiya vasitələrinin əksəriyyəti əsas işini insanları qorxutmaq üzərində qurur. Bütün bunlar insanları ruh düşkünlüyünə gətirib çıxara bilər. Millətimiz böyük stress içindədir. Bəs nə etməli?

Dövlətimiz insanlarımızın səhhətinin keşiyində ayıq-sayıq dayanıb, əlindən gələni edir. Həkimlərimizin qəhrəmanlığı göz qabağındadır. Sağ olsunlar. Ciddi karantin rejimi də vaxtında verilmiş qərardır. Bu, insanların sağlamlığını qorumaq üçün vacib və əsas şərtlərdən biridir.

Hamımız dövlətimizə, onun qayğısına sığınmalıyıq, bir-birimizi qorumalıyıq. Bu bəladan çıxmaq üçün hər şey var: tibbi avadanlıqlar, xəstəxanalar, həkimlər, dava-dərman, oksigen balonları yetərincədir. Bunlar hamısı öz yerində, amma...

Bizdə çatışmayan bircə dərd var, o da psixoloq dərdidir. Millətimizi stressdən çıxarmaq lazımdır. Bu da psixoloqlardan asılıdır. Hanı psixoloq? Nə olar, saytlarda, sosial şəbəkələrdə, radio və televiziyada psixoloqlar camaatın sinir sistemini gərginlikdən çıxarmaq üçün müəyyən məsləhətlər versinlər.

Bildiyim qədər dövlət və özəl xəstəxanalarda kifayət qədər psixoloq var, bəs niyə onların səsi çıxmır? Axı, evdə qalan xeyli sayda insanın psixoloji yardıma ehtiyacı var.

Sosial şəbəkələrdə elə qorxunc məlumatlar verilir ki, insanlar evlərində vahimə içərisində yaşayırlar. Məlumatlara diqqət edin: İtaliyada insanları dəfn etməyə yer yoxdur, nə bilim, tabut çatışmır, Çində adamları yandırdılar. Hərə bir tərəfdən, heç nəyə əsaslanmadan ağzına gələni yayır.

Bəzi saytlarda həkimlər tərəfindən xəstəliyin hətta bir-birini təkzib edən o qədər əlamətləri sayılır ki, bunları oxuyanlar istər-istəməz psixoz vəziyyətinə düşürlər, həmin xəstəliyi özlərində “tapırlar”. Bu gün həmının qan təzyiqi yüksəkdir. Niyə? İnsanı həyəcanlandıran məlumatların hesabına. Bu gün kimin harası ağrıyırsa, hökmən koronavirusa tutulmasından şübhələnir.

Şəhərimiz səssizlik içində uyuyur. Olsun. Ciddi karantin rejiminə hamımız əməl etməyə borcluyuq və buna əməl etmək Vətənə xidmət etmək qədər dəyərlidir. Amma evdə qalan insanların psixoloqa çox böyük ehtiyacı var. Uşaqlar, qadınlar, yaşlılar vahimədən, qorxudan və məlumatsızlıqdan koronavirusun əlamətlərini özlərində hiss edirlər və stress içində yaşayırlar. Onları bu bəladan ancaq psixoloqlar qurtara bilər.

Koronavirus bəlası bitəcək, amma onun insanların beynində açdığı yara uzun müddət yaşayacaq. Məşhur bir psixoloqun sözü yadıma düşür: “Beyində atılan toplar xəstə orqanlarda partlayır”. “Beyində oyanan toplar”ı ancaq psixoloqlar zərərsizləşdirə bilər.

Mənbə: www.oxu.az