Vətəndaşlarımız “Biz birlikdə güclüyük!” şüarına inansınlar

Vətəndaşlarımız “Biz birlikdə güclüyük!” şüarına inansınlar

Hazırda Ümumdünya Səhiyyə Təşkilatı və ayrı-ayrı ölkələr tərəfindən görülən tədbirlərə və birgə səylərə baxmayaraq COVID-19 infeksiyasının dünyada yayılmasının qarşısını almaq mümkün olmayıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bugünədək dünyada 800 min nəfərə yaxın COVID-19 infeksiyasına yoluxmuş, 38 minə yaxın isə bu xəstəlikdən vəfat etmişdir. Sabunçu rayonundakı 22 saylı şəhər poliklinikasının baş həkimi Aydın Əhmədov vətəndaşların qoyulan qadağalarla hesablaşmaq istəmədiklərini təəssüflə qeyd edir və ciddi karantin rejimində çalışan bütün peşə sahiblərinin həqiqətən alqışa layiq olduqlarını bildirir:

--Azərbaycan hökuməti tərəfindən görülən preventiv tədbirlərə baxmayaraq xəstəliyin ölkə ərazisində yayılması dinamikası gündəlik artmaqdadır. Təəssüf edirəm ki, xəstəliyin bu artımına virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksəriyyətinin xüsusu rejim qaydalarına əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çıxmaları, ictimai nəqliyyatda tələblərə tabe olmamaları səbəb olub.

İnsanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədi ilə dövlətimiz bütün vasitələrə əl atır. Ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilmiş, insanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə icazə verilib.

Poliklinikada çalışan tibb işçilərinin hər birinə belə icazə arayışı verilib. Həkimlərimizdən tutmuş kiçik tibb işçilərinə qədər poliklinikanın bütün kollektivi gücləndirilmiş iş reimində çalışır. Onlar həyatlarını risk altında qoyaraq, müraciət edən insanlara qayğı və diqqətlə yanaşır, hərarətlərini ölçür, lazımi kabinetlərə yönləndirirlər. Poliklinikada hər gün dezinfeksiya işi aparılır. İşçilər qoruyucu maska və əlcəkdən istifadə edir, sakinlərlə maarifləndirici söhbətlər aparırlar.

Qeyd edək ki, karantin tətbiq ediləndən poliklinika üç növbəli iş reiminə keçib. Əksəriyyəti qadınlardan ibarət kollektiv ailə vəziyyətlərinə baxmadan böyük ruh yüksəkliyi ilə çalışırlar. Kiçik yaşlı uşağını kiminsə himayəsinə verib işə gələn də var, yaşlı, xəstə valideynini evdə qoyan da. Amma hamı bilir ki, belə çətin anda virusa qarşı mübarizədə birləşməkdən, gecə-gündüz çalışmaqdan başqa yol yoxdur. Onlar həqiqətən böyük fədakarlıq göstərirlər. Xüsusilə kiçik tibb işçilərinin gələnlərə xüsusi diqqət göstərdiklərini, qayğı ilə yanaşdıqlarını müşahidə edirəm. Hər an yoluxa bilmək təhlükəsinə baxmadan yaşlı insanlara baxil geyindirənlərin, qolundan tutub lazımi həkimin qəbuluna aparanların əməyi böyük hörmətə, təşəkkürə layiqdir.

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysovanın ünvanladığı məktub onlara öz vəzifə borcunu yerinə yetirməkdə daha böyük stimul verib. Məktubda deyilir: “Hörmətli həmkarlar, dünyada geniş yayılmış koronavirus pandemiyanın qarşısının alınmasında göstərdiyiniz əzmkarlığa, fədakarlığa, əhalinin sağlamlığının qorunması yolunda öz həyatınızı, sağlamlığınızı risk altına alaraq, vəzifə borcunuzu şərəflə yerinə yetirdiyinizə görə Sizə öz minnətdarlığımızı bildiririk.”

Bu ümumi bəladır və elliklə gələn bəlaya güc birliyi ilə qalib gələcəyik. Bu günlərdə risk altında işləyən tibb işçilərinin, polislərin, marketlərdə çalışanların, xüsusi təyinatlı işlərdə vəzifə borcunu yerinə yetirənlərin və jurnalistlərin fədakarcasına əməyi xüsusi diqqətə və alqışa layiqdir. Bütün vətəndaşlarımızdan evdə qalmağı xahiş edirəm. Evdə qalmaqdan darıxanlar düşünsün ki, yoluxma olarsa, onların sonu palata olacaq və boksda xüsusi geyimli həkimdən başqa kimsəni görməyəcək.

Arzu edirəm ki, vətəndaşlarımız “Evdə qal, sağlam qal” kampaniyasına əməl etsin və “Biz birlikdə güclüyük!” şüarına inansınlar.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com