Həmvətənimiz Rusiyada məcburi departasiyadan azad edildi

Həmvətənimiz Rusiyada məcburi departasiyadan azad edildi

Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi koronavirus səbəbi ilə Azərbaycan vətəndaşı olan qeyri-qanuni miqrant barəsindəki hökmü ləğv edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, virusun yayılmasının qarşısının alınması məqsədi ilə atılan addımlar çərçivəsində sərhədlər bağlandığı üçün kişini ölkədən çıxarmaq mümkün olmayıb.

Xatırladaq ki, polis Azərbaycan vətəndaşını martın 19-da saxlayıb. Məlum olub ki, yanvarın sonunda onun Rusiyada müvəqqəti qalma icazəsinin müddəti başa çatıb və kişi Yekaterinburqda qanunsuz yaşayıb. Çkalovski Rayon Məhkəməsi miqranta 2 000 rubl cərimə kəsib və onun məcburi qaydada vətəninə departasiyası barədə hökm çıxarıb. Bakıya uçuşdan əvvəl azərbaycanlını xarici vətəndaşların müvəqqəti saxlanılması üçün təcridxanaya yerləşdiriblər.

Koronavirusun yayılması səbəbindən Rusiya Federasiyasının dövlət sərhədləri bağlandıqdan sonra isə məhkəmə qərarlarını icra etmək mümkün olmayıb. Üstəlik, sərhədlərin yenidən nə vaxt açılacağı barədə məlumat yoxdur.

Vəziyyətin bu yerdə olduğunu görən həmvətənimiz vilayət məhkəməsinə ilkin instansiyanın hökmündən şikayət edib. Məhkəmə də onun istintaq təcridxanasında saxlanmasının qanun və Rusiya Federasiyası Konstitusiyasının müddəalarına uyğun olmadığı barədə arqumentləri ilə razılaşıb və həmvətənimiz məcburi departasiyadan azad edilib.

Mənbə: report.az