Məzahir Süleymanzadə: müqayisələrin əleyhinə olmuşam...

Məzahir Süleymanzadə: müqayisələrin əleyhinə olmuşam...

Bəzən Nizami ilə Füzulini, Mirzə Ələkbər Sabir ilə Seyid Əzim Şirvanini, Bakı ilə Təbrizi, Şah İsmayıl Xətai ilə Babəki müqayisə edirlər. Mən həmişə belə müqayisələrin əleyhinə olmuşam. Heç Tofiq Bəhramovla Eldar Əzimzadəni də müqayisə etmək fikrim yoxdur. Sadəcə, dünən Tofiq Bəhramov haqqında xatirələrimi paylaşmışdım, bu gün Eldar Əzimzadənin ruhunu şad edəcəyəm...
...Tələbəlik illərindən ən çox yadda qalan hadisələrdən biri də "İdman" qəzetinin keçirdiyi yaradıcılıq müsabiqəsində fərqlənməyimdir. Ona görə yox ki, mənə diplom, iki aylıq təqaüdüm qədər pul vermişdilər. Ona görə ki, mən bu mükafata bütün dünyada tanınan futbol hakimi Eldar Əzimzadə haqqında yazdığım oçerkə görə layiq görülmüşdüm. Bütün universitet məndən danışırdı. Rektorumuz Faiq Bağırzadə məni şəxsən qəbul edib təşəkkürünü bildirmişdi...
...O zaman 1980 - ci il deyildi və Eldar Əzimzadə hələ Moskva Olimpiadasının final oyununu idarə etməmişdi. Ancaq SSRİ çempionatının oyunlarına təyin olunan ən güclü hakimlərdən biri idi. Sorağı həmişə Kiyev "Dinamo"sunun, Moskva "Spartak"ının oyunlarından gəlirdi. Adı SSRİ çempionatının on ən güclü hakimi siyahısına daxil edilmişdi, beynəlxalq oyunlarda da fərqlənirdi. Belə bir adam jurnalistika fakültəsinin birinci kurs tələbəsi üçün əlçatmaz idi. Amma gözlənilmədən görüşümüz asan baş tutdu. Bakı Bədən Tərbiyəsi Texnikumuna gedib ikinci mərtəbəyə qalxdım, direktor müavininin qapısını döyüb Eldar Əzimzadəni soruşmaq istədim. Qapını açan kimi onu tanıdım, sən demə, Eldar müəllim direktor müavini vəzifəsində çalışırmış...
Məni səmimi qarşıladı, xeyli söhbət etdik. Hakimliyə necə başlamasından, idarə etdiyi ilk oyunlardan, xarici səfərlərindən danışdı. Dəftərçəmə heç nə yazmır, onun dediklərini yadımda saxlamağa çalışırdım. Qəzetdə dərc etdirmək üçün şəklini istədim. Dedi ki, sabah evdən gətirərəm, gəlib apararsan. Eldar müəllimin otağından çıxanda yazım artıq hazır idi. Bircə bu yazını vərəqlərə köçürmək qalırdı...
...Səhər Eldar Əzimzadənin şəklini də götürüb "İdman" qəzetinin redaksiyasına - Oqtay Bayramovun yanına getdim. Soruşdu ki, bu nədir gətirmisən, dedim Eldar Əzimzadə haqqında yazıdır, müsabiqəyə təqdim etmək istəyirəm. Yazının həcmi çox böyük idi, tələbə yazısına oxşamırdı. Oqtay müəllim dedi ki, yarıbayarı ixtisar elə, gətir. Elman Cəfərli də eyni fikri söylədi. İncidim, istədim yazımı qoltuğuma vurub gedəm, sonra nə fikirləşdimsə, onu Oqtay Bayramova qaytardım. Dedim oxuyun, məsləhət bildiyiniz yerləri özünüz ixtisar edərsiniz.
Mən yazımın növbəti həftə dərc olunacağına ümid bəsləyirdim. Səhər universitetə gedəndə "İdman" qəzetini açıb gözlərimə inanmadım. "Hakim mərkəzi göstərir" adlı oçerkim bütöv bir səhifəni tutmuşdu. Qaçaraq göz gəzdirdim, yazımın bircə cümləsini belə ixtisar etməmişdilər. Bu, mənim respublika mətbuatında dərc olunan ən iri həcmli məqaləm idi. Oçerk Eldar Əzimzadənin də xoşuna gəlmişdi. O vaxtdan tez - tez görüşməyə başladıq. Mən "İdman" və "Kommunist" qəzetlərində işləyəndə Eldar Əzimzadə haqqında başqa məqalələr də yazdım. Amma heç biri ilk yazımın yerini vermədi...
...Eldar Əzimzadə ilə əlaqələrimiz dostluğa çevrildi. Futbolumuzun problemlərini birlikdə müzakirə edirdik. Eldar müəllim mənim fikrimlə hesablaşırdı. AFFA - dan onu hakim - inspektor kimi Azərbaycan çempionatının oyunlarına göndərirdilər. Hamı Eldar Əzimzadədən çəkinirdi. Çünki ədalətli, sözü üzə deyən adam idi. Eldar müəllim nüfuzlu bir şəxs kimi istədiyi qapını açmaq iqtidarında idi...
...Təntənə ilə 60 illik yubileyini keçirdik. "Abşeron" otelində təşkil olunan mərasimin aparıcısı da özüm idim. Onu təbrik etməyə tanınmış idmançılar, ictimai - siyasi xadimlər gəlmişdilər...
Ustad jurnalistimiz Oqtay Bayramovun yaxından köməyi ilə Eldar Əzimzadənin gözəl bir kitabı da nəşr edildi. Eldar müəllimin avtoqrafı olan həmin kitabı indi də əziz xatirə kimi saxlayıram. Eldar Əzimzadə kitabında qardaşım Tahir Süleymanovun da hakimliyi barədə xoş sözlər söyləyib. Ümumiyyətlə, o da Tofiq Bəhramov kimi, Tahiri özünün ən layiqli davamçısı hesab edir, tövsiyələrini əsirgəmirdi.
"Səhər" qəzetinin elə bir tədbiri olmazdı ki, Eldar Əzimzadə orada iştirak etməsin. Əməkdaşlarımız onu çox sevir, xatirələrini maraqla dinləyirdilər...

Mənbə: azpress.az