Ər-Riyad zəvvarları hələlik Həcc ziyarətinə hazırlaşmamağa çağırıb

Səudiyyə Ərəbistanının Həcc ziyarətinin Təşkili üzrə naziri Məhəmməd Banten televiziya müraciətində müsəlmanları koronavirus pandemiyası ilə bağlı qeyri-müəyyənlik səbəbindən Həcc ziyarətinə hazırlıqları təxirə salmağa çağırıb.

AZƏRTAC "BBC News" telekanalına istinadla xəbər verir ki, nazir xüsusən müsəlmanlardan bu məqsədlə tur bronlamamağı xahiş edib.

Bir müddət öncə ölkə hökuməti Ümrə ziyarətini qadağan etmişdi.

Nazirin sözlərinə görə, hazırda məmurlar əsasən Ümrə ziyarətinə gələnlərin qaldığı otellərdə yoxlamalar aparır. Otellərin müştərilərindən ya ölkədən çıxmaq, ya da özlərini izolyasiya etmək tələb olunur.

Bu ilki Həcc ziyarəti iyul-avqust aylarına təsadüf edir. Krallıq ziyarət dövründə təxminən 2 milyon zəvvar qəbul etməyi planlaşdırırdı.

Hazırda Səudiyyə Ərəbistanında Məkkə, Mədinə və Ər-Riyad şəhərlərinə giriş bağlanılıb, krallıqda beynəlxalq sərnişin daşımaları dayandırılıb, ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılıb.

İndiyə qədər ölkədə 1563 nəfər yeni koronavirusa yoluxub, 10 nəfər isə bu xəstəlikdən həyatını itirib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

COVID-19: Fransada “Resilience” hərbi əməliyyatı

SONRAKI XƏBƏR

Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi