Koronavirus media sektoruna da təsirsiz ötüşmədi: Dövlət dəstəyi olacaqmı?

Koronavirus media sektoruna da təsirsiz ötüşmədi:  Dövlət dəstəyi olacaqmı?

Koronavirusla bağlı yaranmış durum bir çox biznes sahələrinə zərər vurduğu kimi, media sektoruna da təsirsiz ötüşməyib. Ölkədə elan olunmuş xüsusi karantin rejiminə görə, çap mediasının fəaliyyəti tamamilə dayanıb, ölkədə nəşriyyatlar işləmir, qəzet çıxmır, yayım şirkətləri fəaliyyət göstərmir. Əksər media orqanları onlayn resurslar üzərindən fəaliyyətini davam etdirirlər. Digər tərəfdən hazırki durumda bir çox şirkətlərin fəaliyyətini dayandırması, çətinliklər yaşaması medianın reklam bazarını da zəiflədib.

Məlum olduğu kimi, hökumət koronavirusa görə yaranmış vəziyyətdə itki ilə üzləşən vətəndaşlara və sahibkarlara yardım paketi hazırlayır. Bu mənada mediaya da bu yardımdan ayrılıb ayrılmayacağı məlum deyil. Hazırki durumda KİV-in üzərinə çox böyük məsuliyyət düşür, ölkə informasiya məkanını şayiələrdən qorumaq, əhalini düzgün məlumatlandırmaq və maarifləndirmək media orqanlarını gücləndirilmiş iş rejimində çalışmağa məcbur edib.

“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov hesab edir ki, pandemiya bütün sahələrə olduğu kimi, KİV sahəsinə də, xüsusilə çap mediasına da çox ciddi mənfi təsirini göstərməkdədir: “Çap məhsulunun istehsalından tutmuş, onun oxucuya çatdırılmasına qədər bütün proses dayanıb. Bilirsiniz ki, qəzetlər əsasən köşklərdə satılır ki, bunlar da xüsusi karantin rejimi ilə əlaqədar bağlanıb. Azsaylı abunənin çatdırılmasında da problemlər var. Bu işi həyata keçirən firmalar da məlum səbəbdən işləmirlər. Buna görə bu sahə də xüsusi risk qrupuna daxildir. Belə ki, karantin dövrü bitdikdən sonra da, bu sahə üzrə fəaliyyət göstərən istər redaksiyaların, istərsə də mətbəələr və yayın sektorunun öz işini yenidən qura bilməsi üçün dövlət dəstəyinə ehtiyacı var. İşləmədiyi müddətdə öz əməkdaşlarının maaşlarını ödəyə bilməsi üçün bu sahəyə müəyyən yardım olunması zəruridir. Bu həm növbəti dövrdə bir sahibkarlıq subyektinin fəaliyyətini davam etdirə bilməsi vacibdir, həm də ölkənin informasiya təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edir. Bununla yanaşı, karantin dövründə jurnalistlərin evdən çıxmamaqla öz işlərini davam etdirmələri baxımdan da vacibdir. Elektron KİV-lərdə durum biraz fərqli olsa da, orada da problemlər var. Saytlar əsasən reklam hesabına öz xərclərini ödəməyə çalışır. Hazırda reklam verəcək müəssisələrin də fəaliyyətlərini dondurmaları səbəbindən burada da əmək haqqı və digər vacib xərclərlə bağlı problemlər var. Bütün hallarda, çap və elektron KİV-in ayaqda qalması və gələcəkdə fəaliyyətini bərpa edə bilməsi üçün dövlət dəstəyinin göstərilməsi arzu olunandır”.

“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı isə dövlətin mediaya daim dəstək verdiyini vurğulayıb: “İndiki halda Azərbaycan prezidenti 1 milyard manata qədər vəsait ayırıb. Bu vəsaitlərin hansı qruplara ayrılacağı ilə bağlı hökumətdə işçi qrup işləyir, hələ ki, dəqiqləşməyib. Burada istehlak sahələri daha çox nəzərə alınacaq, Çünki kiçik və orta sahibkaları daha çox qorumağa çalışırlar. Dövlət uzun illərdir KİVDF xətti ilə çap mediasına dəstək verir. Hətta digər sahələrə dəstək verməyəndə belə , mediaya və QHT-lərə dövlətin dəstəyi olub. Hələ ki, işçi qrup konkret açıqlamalar vermədiyinə görə, bu məsələnin media orqanlarına şamil olunub-olunmayacağı bilinmir. Ancaq əgər imkan var, KİV-lərin də bu sistemdə olması, köməkdən yararlanması yaxşı olar. Kütləvi informasiya vasitələri cəmiyyətin məlumatlandırılmasında, o cümlədən bu məsələ ilə bağlı daimi olaraq insanların ən çox ehtiyacı olan məlumatlandırma, maarifləndirmə işlərini həyata keçirməkdə mühüm rol oynayırlar. İnsanlar hazırda ən çox televiziya və onlayn mediadan , ən nüfuzlu media qurumlarını izləyir, məlumat almağa, nə baş verdiyini öyrənməyə çalışırlar. Ona görə də, biz də daxil olmaqla Kütləvi informasiya vasitələri gücləndirilmiş rejimdə işləyirlər. Arzu edərdim ki, belə bir dəstək olarsa müsbət hal olar. Ancaq by gün KİV-lərdən daha ağır durumda olan sahələr var ki, onlara dəstək göstərilsə , onlar öz bizneslərini diriltmək üçün, piar və reklam məlumatlarını yaymaq üçün yenidən KİV-ə müraciət edəcəklər. Bu da KİV-ə əlavə bir gəlir mənbəyi olar. Mediaya bu şəkildə də dəstək vermək olar. Bu gün əsas məsələ isə sağlamlığımızı qorumaq və həyatda qalmaqdır”.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də Musavat.com-a açıqlamasında bildirdi ki, media sektoru da müəyyən itki ilə üzləşib: “Bu virusun yayıldığı dövrdə, xüsusilə də qəzetin yayımı ilə bağlı problemlər mənim rəhbəri olduğum qəzetin maddi vəziyyətinə də öz təsirini göstərib. Belə ki, həm qəzetin ümumi olaraq yayımında çətinliklər var , həm də belə vəziyyətdə medianın çap variantına elə böyük maraq olmur. O baxımdan bizə də ziyan dəyib. Ancaq bir məsələdən arxayınıq ki, Azərbaycan dövləti koronavirusdan ziyan çəkmiş əhali təbəqələrinə müəyyən mənada kompensasiya ödəmək niyyətindədir. Buna bir növbəli prinsiplə yanaşsaq, medianın da yada düşdüyü, bu yardımlardan bəhrələndiyi gün olacaq. Media da biz biznes strukturu olaraq bu dövrdə itkilərə məruz qalıb. Hələ ki, bu itkinin məbləğini hesablamaq , hər bir media orqanının öz işidir. Ancaq ortaya bir ümumi rəqəm qoyulsa, bu dövrdə medianın üzləşdiyi itkilər heç də kiçik rəqəm olmaz”.

“Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı da Musavat.com-a danışarkən vurğuladı ki, bu gün dünyada və ölkədə baş verən proseslər KİV-ə də təsirsiz ötüşməyəcək: “Ölkədə bir çox print media orqanları çap olunmur. O mənada maliyyə baxımından bu bizə müəyyən zərərlər gətirəcək. Ancaq dövlətin bu yöndə atdığı addımlar var. Kasıb ailələr üçün, həm də sahibkarlar üçün müəyyən dəstək proqramları hazırlanır. Bu həm də kütləvi informasiya vasitələrinə dəstək kimi də özünü göstərə bilər. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya vasitələrinə dəstək fondu var. Həmin fond vasitəsilə ölkənin aparıcı KİV-lərinə də dəstək oluna bilər. Düşünürəm ki, pandemiya bir sıra problemlər gətiridiyi kimi, bəzi gerçəkləri də üzə çıxartdı. Biz artıq uzun müddətdir ki, print medianın ömrünü başa vurmasını deyirdik. Ölkədə dövlət büdcəsindən maliyyələşən rəsmi qəzetlərlə yanaşı hər bir dövlət strukrturunun, nazirliyin, komitənin də özünün qəzetlərinin olmasının gərəksiz olduğunu, bu istiqamətdə xərclənən vəsaitlərin reklam formasında ölkənin aparıcı media orqanlarına yönəldilməsini dəfələrlə qeyd etmişdik. Artıq bu barədə bir daha düşünməyin zamanıdır. Reallıqlar onu göstərir ki, qəzet öz ömrünü başa vurmaqdadır. Azərbaycan kimi ölkələrdə də saysız-hesabsız qəzetlərə maliyyə ayırıb sonra onun satılmaması, anbarlara göndərilməsi həddindən artıq absurddur. İnternet media var, insanlar saniyə ərzində dünyanın ən ucqar nöqtəsində baş vermiş hadisələrlə bağlı məlumat əldə ediriksə, bir gün sonra işıq üzü görəcək qəzetlərin yaşaması lüzumsuzdur. Dövlət onlayn mediaya dəstək verməli və bunun icrası üçün müəyyən layihələr həyata keçirilməlidir”.

“Qafqazinfo” saytının baş direktoru Elbrus Ərud isə vurğuladı ki, zərurət yaranarsa mediaya KİVDF xətti ilə yardım edilə bilər: “Azərbaycanda heç bu fövqəladə vəziyyət yaranmamışdan əvvəl də, KİV-ə dəstək fondu mövcud olub. İllərdir ki, KİV bu dəstəklə işləyir. Bu qurum 3 aydan bir ,6 aydanbir KİV-ə maliyyə dəstəyi verir. Əgər hazırki durumda da zərurət yaranarsa, bu qurum vasitəsilə mediaya yardım edilə bilər. Bizim sayta xüsusi bir ziyan dəyməyib. Çünki onlayn fəaliyyət göstərən bir internet portalıyıq, çap versiyamız yoxdur. Əvvəlki qaydada çalışırıq. Əsas məsələ odur ki, media hazırki durumda da oxunur və izlənir. Gündəm zəngindir, xəbər var və bu davam etdikcə inanmıram ki, media zəifləyə. Həm neftlə bağlı, həm koronavirusla bağlı, həm dünya iqtisadiyyatında başlanan böhranla bağlı kifayət qədər ciddi xəbərlər var. Xəbər bolluğunda mətbuatın zəifləməsini hiss etmirəm. Biz redaksiyanın qapısını bağlamışıq, hamımız evdən işləyirik. Bu bizə elə bir çətinlik yaratmır. Bütün kollektiv olaraq birlikdəyik, rayonda olanlar rayonda işləyir, Bakıda olanlar da Bakıda. Xüsusi bir çətinliyimiz yoxdur”. (musavat.com)

Mənbə: moderator.az