Koronavirus əleyhinə qayda pozanlara cinayət işlərinin açılması vaxtı çatıb

Koronavirus əleyhinə qayda pozanlara cinayət işlərinin açılması vaxtı çatıb

Əliməmməd Nuriyev: “Virusun yayılmasına səbəb olan şəxs 3 il müddətinə azadlıqdan da məhrum edilə bilər”

Koronavirus (COVID - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Ölkəmizdə koronavirusla bağlı məsələ ilk gündən diqqət mərkəzindədir. Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci ilin 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alan Nazirlər Kabineti daha əhatəli Tədbirlər Planı təsdiqləyib. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Koronavirus infeksiyasının ölkəmizdə sürətlə yayılmaması üçün əhalinin mümkün olmadıqca evdən çölə çıxmaması tapşırılıb. Əhalinin lazımsız səbəbdən çölə çıxması artıq qadağan olunub. Təəssüf ki, əhali bu qadağaya məhəl qoymur. Kimlərsə “evdə darıxıram” bəhanəsilə sərbəst şəkildə küçələrdə gəzirlər. Ancaq o insanlar başa düşmürlər ki, onlar küçəyə çıxmaqla məlum virusa yoluxurlar. Beləliklə, onlar həm özlərini, həm də ətrafında olan insanları koronavirusa yoluxdururlar. Bu kimi halların sayının azalması üçün əhalinin evdən çölə çıxmaması tapşırılıb. Maraqlıdır, koronavirusa qarşı mübarizədə qadağalara məhəl qoymayanlara cinayət işi açıla bilərmi?

“...2500-5000 manat dəyərində cərimə oluna bilər”

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, koronavirusla bağlı tətbiq edilmiş karantin rejimi ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik olundu: “Cinayət Məcəlləsinə 139-1 maddəsi daxil oldu. Həmin maddənin əsas mahiyyəti epidemiya əleyhinə məsuliyyətdir. Bu maddə iki hissədən ibarətdir. Birinci hissədə qeyd olunur ki, xəstəliklərin yoluxmasında rolu olan şəxs 2500-5000 manat dəyərində cərimə oluna bilər. Bununla yanaşı, virusun yayılmasına səbəb olan şəxs 3 il müddətinə azadlıqdan da məhrum edilə bilər. Qanun yetərincə sərtləşdirilib. Məlumat üçün onu da qeyd edim ki, koronavirusla bağlı bir sıra xarici ölkələrdə də cəzalar sərtləşdirilib”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com