Həkim vətəndaşlara müraciət ünvanladı

Həkim vətəndaşlara müraciət ünvanladı

“Leyla” klinikasının şöbə müdiri Sahib Cəfərov düşünür ki, ardıcıl olaraq verilən tövsiyələrə, qoyulan qadağalara əhəmiyyət verən vətəndaşlarımız çox azdır. İnsanlar yenə də əvvəlki həyatında, qonaq qəbul etməyində, qonaq getməyində, gəzintisindədir. Buna görə o, bu dəfə böyük təəssüflə peşəkar, təcrübəli həkim kimi yox, vətəndaş təəssübkeşliyilə hamıya müraciət ünvanlayıb:

--Hə, əzizlərim, həlqə tədricən daralır. Boynumuza öz əllərimizlə keçirdiyimiz kəndiri deyirəm. Bu ölüm saçan koronavirus bütün bəşəriyyəti təhdid edir. Öz əllərimizlə ona görə deyirəm ki, zarafata saldıq, ciddiyə almadıq, anekdotlar, hətta şəninə mahnılar da qoşduq. Mən tək özümüzü demirəm, bütün dünya əhlini nəzərdə tuturam.

Günlər keçdikcə, ölüm qucağını açıb bəşəriyyətə bir soyqırım mesajını verdiyini anladıqca, qoca Avropanı diz çökdürdüyünü görüncə, dövlət başçıları biri birinin ardınca əhaliyə müraciətlərə başladılar. Bir, bəzən də bir neçə addım gecikməklə karantin tədbirləri almağa, sonra qərarların yetərsiz olduğunu duyunca sanksiyaları bir az da sərtləşdirməyə başladılar. İllərlə sərbəst yaşamağa alışmış kütlə, bütün deyilənlərə məhəl qoymur, karantin tədbirlərinə saymazlıqla yanaşır, hələ də bunu bir film izləyirmiş kimi seyr edirlər. Bununla da, necə deyərlər, şeytanın dəyirmanına su tökürlər.

Biz öz ölkəmizdə, qonşu dövlətlərdə, sürətlə, xüsusi təyinatlı xəstəxanaların inşa olunması xəbərlərini də saymazlıqla qarşılayırıq. Bu xəstəxanaların nə üçün tikilməsini, və ya azad edilərək hazır vəziyyətə gətirilməsini anlamaq istəmirik. Bu, hələ infeksiyanın pik nöqtəsindən çox uzaq olduğunu demirmi? Gəlin, heç olmasa, indi anlaşıqlı davranaq, dövlət başçısının, ÜST-nın bütün tələblərinə qeyd-şərtsiz əməl edək. "Evdə qal" mesajı kimlərə ünvanlanıbsa, otursun evində.

"Darıxıram, evdə oturmaqdan bezdim"-- deyənlər, xəstəxana divarları arasında (o da qismət olarsa), süni tənəffüs aparatından asılı vəziyyətdə qalmaqdan necə, darıxmayacaqsınız? Ayılın. Özünüzü, əzizlərinizi qoruyun, karantin tədbirlərini pozmayın, gigiyena qaydalarına əməl edin. Başqa yol yoxdur.

Allah xalqımızı qorusun!

Hazırladı:

Zərifə BƏŞİRQIZI, ”Xalq qəzeti

Mənbə: xalqqazeti.com