Zaqatalada xüsusi karantin rejiminə nəzarət gücləndirilib

Zaqatalada xüsusi karantin rejiminə nəzarət gücləndirilib

Zaqatala, 3 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Zaqatala Rayon İcra Hakimiyyəti yanında yaradılan qərargah tərəfindən rayon ərazisində karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət daha da gücləndirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, icra hakimiyyəti tərəfindən yaradılan mobil qruplarla yanaşı, rayon rəhbərliyi tərəfindən də mütəmadi olaraq ticarət obyektlərində, ərzaq mağazalarında, apteklərdə reydlər keçirilir, sahibkarlarla, satıcı və alıcılarla karantin rejiminin qaydalarına riayət edilməsinə dair söhbətlər aparılır. Diqqətə çatdırılır ki, karantin dövründə süni qiymət artımına yol verən obyekt sahibləri barədə qanuna müvafiq tədbirlər görüləcək.

Eyni zamanda, zəruri ehtiyac olmadan küçələrə çıxan sakinlərə karantin rejiminin tələblərinə ciddi şəkildə riayət etmələri izah olunur, onlarla profilaktik söhbətlər aparılır, evdə qalmaq, küçəyə çıxmamaq tövsiyə edilir.

Rayon rəhbərliyi sakinləri dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə, karantin rejiminin qaydalarına düzgün riayət etməyə çağırır.

Mənbə: azertag.az