“Bir ailədən nə qədər adam çıxırsa, o qədər icazə alınmalıdır”

“Bir ailədən nə qədər adam çıxırsa, o qədər icazə alınmalıdır”

“Sistem bu gün saat 10-da istifadəyə verilib və 2 saat ərzində 6142 vətəndaşın qeydiyyatı aparılıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin təqdimatında deyib.

Bildirib ki, hazırda saytın iş rejimi ilə bağlı hər hansı problem yoxdur: “İcazə rejimi 5 apreldən həyata keçiriləcək, ona görə də hər kəsi bir qədər səbrli olmağa çağırırıq. Saytda hazırda yüklənmələrin olduğunun şahidi oluruq. Sayt qısa müddət ərzində hazırlanıb. Xırda problemlər yaşanır. Mütəmadi olaraq aidiyyatı dövlət qurumları ilə əlaqədəyik.

65 yaşdan yuxarı şəxslər icazə almaq istəsə belə, onların bayıra çıxması qadağandır.

Eyni qayda həm paytaxtda, həm də regionlarda tətbiq olunacaq. Əgər bir ailə üzvü aptek və ya marketə gedib alış-veriş edirsə, tək getməsi məsləhətdir. Çünki bir ailədən nə qədər adam çıxırsa, o qədər icazə alınmalıdır.

Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, mobil operatorlar, Dövlət Agentliyi, Daxili İşlər Nazirliyi ilə birgə texniki operativ qərargah yaradılıb”.

Vətəndaşların hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir. Eyni zamanda vətəndaşların fərdi qaydada evdən çıxmaları isə yalnız müvafiq bildiriş kodunu 8103 nömrəsinə SMS göndərməklə təmin ediləcək. Bu sistem isə aprelin 5-dən işə düşəcək.

Qeyd edək ki, hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün 8103 SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

Mənbə: qafqazinfo.az