Folklor İnstitutunun əməkdaşı: Dövlətimizin verdiyi bütün qərarlar sağlamlığımızın qorunmasına yönəlib

Folklor İnstitutunun əməkdaşı: Dövlətimizin verdiyi bütün qərarlar sağlamlığımızın qorunmasına yönəlib

Bu günlərdə dünyanı real təhlükə qarşısında qoyan COVID-19 pandemiyasına qarşı ayrı-ayrı ölkələrdə ciddi şəkildə mübarizə aparılır. Azərbaycan da bu sıralarda önəmli yerlərdən birini tutur. Dövlətimiz vətəndaşlarının sağlamlığı naminə ehtiyat tədbirləri görür, bu yolda lazımi qərarlar qəbul edir. Bu qərarlara əməl etmək hamımızın vətəndaşlıq borcumuzdur.

Bu fikri AZƏRTAC-a müsahibəsində AMEA-nın Folklor İnstitutunun əməkdaşı Nigar İmaməliyeva deyib. O bildirib ki, ölkəmizin təhsil sistemində dərslərin dayandırılması, xaricdə olan vətəndaşların çarter reysləri ilə Vətənimizə gətirilməsi, Novruz bayramı ərəfəsində bütün konsert və tədbirlərin təxirə salınması, digər iş yerlərinin müvəqqəti dayandırılması və ən əsası sərhədlərin bağlanılması, insanların kütləvi axın etdiyi əyləncə və istirahət yerlərinin fəaliyyətinin dayandırılması vətəndaşların sağlamlığı üçün dövlət tərəfindən nəzərdə tutulan qabaqlayıcı tədbirlər oldu.

Vurğulanıb ki, martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ölkə vətəndaşlarına olan yüksək diqqət və qayğının daha bir göstəricisidir.

N.İmaməliyeva qeyd edib ki, bu çətin günlərdə həkimlər, tibb bacıları, sanitar işçilər pandemiyaya görə gücləndirilmiş iş rejimində çalışaraq vətəndaşlarımıza xidmət göstərirlər. Sağlamlığımız naminə əllərindən gələni əsirgəməyən tibb işçilərinin fədakarlıqları təqdirəlayiqdir. Həmçinin Daxili İşlər Nazirliyinin işçi heyətinin nümunəvi addımlar atdığı xüsusi vurğulanmalıdır. Onlar ilk günlərdən özlərini təhlükəyə ataraq parklarda, küçələrdə, yollarda əhalinin sağlamlığı üçün maarifləndirmə işləri aparırlar.

“Mən hər gün evdən çıxıb işə gedən insanların indiki vaxtda evdə qalmasının necə sıxıcı və darıxdırıcı olmasını çox gözəl anlayıram. İlk vaxtlar özüm də çətinlik çəkirdim, çünki hər gün sevə-sevə getdiyim işdən aralı düşmüşdüm. Onu da deyim ki, çalışdığım Folklor İnstitutunda da dezinfeksiya işləri görülüb.

#Evdə qal kampaniyasından bir gənc kimi faydalanaraq müxtəlif kitablar oxuyuram. Elmi iş üzərində çalışıram. Bu sınaq dolu günlər bitdikdən sonra gələcəyə uğurlu addımlar atmaq arzusundayam. Digər gənclərə də səslənirəm, gəlin, nikbinliyimizi qoruyaq, dövlətimizə dəstək olaq, verilən bütün qərarlar bizim sağlamlığımız üçündür. Tezliklə normal həyatımıza qayıtmaq ümidi ilə evdə qalaraq həmrəyliyimizi göstərək”, - deyə N.İmaməliyeva vurğulayıb.

Mənbə: azertag.az