“Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

“Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

““Virtual məktəb” portalında yalnız bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib. Bu, sevindirici haldır”.

APA-nın məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda bu şagirdlər portalda ev tapşırıqları ilə tanış ola, videodərslərə baxa, müxtəlif məktəblərdən olan həmyaşıdları ilə video bağlantı qura və onlayn müzakirələr apara bilirlər: “Qeydiyyatdan keçmiş şagirdlərin həm virtual.edu.az, həm də teams.microsoft.com saytları üzərindən öz hesablarına daxil olması mümkündür. Qeydiyyatdan keçmiş şagirdlərin siniflər, tapşırıqlar və digər virtual funksiyalar üzrə sistem tərəfindən ilkin komplektləşdirilməsi aparılır. İlkin komplekləşdirmə tamamlandıqdan sonra yeni şagirdlərin qeydiyyatına davam ediləcək. Bir qayda olaraq buna bir neçə saat vaxt tələb olunur”.

Nazir müşaviri qeyd edib ki, elektron məktəb seçimindən fərqli olaraq, “Virtual məktəb”ə qeydiyyatda birincilik şagirdə hər hansı bir üstünlük vermir. “Virtual məktəb”ə qoşulmaq istəyən hər bir şagirdin qeydiyyatı komplektləşdirmələr aparılmaqla həyata keçiriləcək.

Mənbə: apa.az